hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

“Avropa İttifaqı Cənubi Qafqaza daha çox diqqət ayırır” – ŞƏRH

“Avropa İttifaqı Cənubi Qafqaza daha çox diqqət ayırır” – ŞƏRH

“Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələr hər keçən gün inkişaf etməkdədir. Məhz Azərbaycanın əsas ticari tərəfdaşı Avropa İttifaqıdır və bu ölkəmizin xarici ticarət payının 40%-ni təşkil edir. Göründüyü kimi, Avropa İttifaqı ilə bu istiqamətdə əməkdaşlıq milli maraqlarımıza cavab verir”.

Cebhe.info xəbər verir ki, bu fikirlərlə politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Avropa İttifaqının prezidenti Donald Tuskun regiona səfəri çərçivəsində Azərbaycana gəlişi zamanı ikitərəfli əlaqələrin inkişafı, xüsusilə Azərbaycanın Avropa İttifaqın enerji diversifikasiyasında verdiyi dəstək və çərçivə sazişinin tezliklə bağlanması müzakirə edilib:

“Qeyd edim ki, Avropa İttifaqı Cənubi Qafqaza mühüm diqqət ayırır və burada Azərbaycana daha da tərəfdaşlıq baxımından strateji əhəmiyyət verir. Bu gün "Cənubi Qaz Dəhlizi" və onun əsas seqmentləri olan TANAP və TAP qaz boru kəməri "Şahdəniz-2" qaz kondensat yatağından Avropaya 2020-ci ildən qaz ixrac edəcək. Avropa həmçinin Mərkəzi Asiyaya açılımı Azərbaycan üzərindən əməkdaşlığı planlayır.

Bu gün Avropa İttifaqının Mərkəzi Asiya üzrə qəbul etdiyi proqram Azərbaycan üzərindən ciddi əməkdaşlığı nəzərdə tutur. Odur ki, Avropa İttifaqı Azərbaycanla əməkdaşlığı inkişaf etdirməli, gözlənilən çərçivə sazişini bağlamalıdır. Qeyd edim ki, il ərzində çərçivə sazişi bağlanmaya bilər. Bunun əsasında əməkdaşlığın yeni bazası yaradılacaq və gələn il saziş bağlana bilər”.

Politoloq bildirib ki, bu gün Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünə tam dəstək verməsi o deməkdir ki, sabah Azərbaycan əməliyyatlara başlayarsa, bizi dəstəkləyəcək:

“Onu da deyim ki, Avropa İttifaqının Ermənistanla iqtisadi əməkdaşlığı demək olar ki, səmərəli deyil. Bu ölkənin inqilaba rəğmən Rusiyanın buxovundan çıxa bilməməsi, Nikol Paşinyanın apardığı siyasətin səmərə verməməsi artıq, Avropa İttifaqının Azərbaycan və Gürcüstana daha da diqqət ayırmasına səbəb olub.

Brüssel başa düşdü ki, Ermənistanda baş verən inqilablar heç nəyi dəyişmir. Regionda əsas siyasi-iqtisadi və enerji tərəfdaşı Azərbaycan olacaq. Qeyd edim ki, ABŞ və Rusiyanın regionda artan rəqabəti fonunda Avropa İttifaqının da regiona nüfuz etməsi ölkəmizin manevr imkanını artıracaq və üç mərkəzin dəstəyini almış olacaq. Seçim əsasında Azərbaycan üçün əsas məqbul cəlbedici Avropa İttifaqı olacaq”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1618