hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

“AZAL sərnişin daşımasa belə, fəaliyyətini davam etdirəcək” - Nazim Bəydəmirli

“AZAL sərnişin daşımasa belə, fəaliyyətini davam etdirəcək” - Nazim Bəydəmirli

2019-cu ilin ilk 5 ayı ərzində Azərbaycanın hava limanları 1,85 milyon sərnişinə xidmət göstərib. 

Bunun da 1,57 milyon nəfəri paytaxt aeroportu – Heydər Əliyev adına Beynəlxalq Hava Limanının payına düşüb ki, bu da ötən ilin analoji göstəricisindən 10 min sərnişin çoxdur.

Göstərilən müddət ərzində Bakının hava limanının baza aviadaşıyıcıları – “Azərbaycan Hava Yolları” QSC (AZAL) və “Buta Airways” müvafiq olaraq 649 min və 177 min sərnişin daşıyıb.

Bakının hava limanın beynəlxalq uçuşlarda sərnişinlərinin sayı 1,36 milyon təşkil edib ki, bunun da 32,2 faizi AZAL-ın, 13 faizi “Buta Airways”in payına düşüb. Göstərilən dövrdə xarici aviaşirkətlərin payı 54,8 faiz təşkil edib.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı 2019-cu il mayın 27-dən 30-dək ümumilikdə təxminən 600 reysə xidmət göstərib. Onlardan 57-si çarter reysləri, 10-u isə “FlyDubai”, “AirArabia”, “SCAT”, “IsrAir”, “Jazeera” və s. kimi aviaşirkətlərin əlavə müntəzəm uçuşlarının payına düşüb. Azərbaycanın əsas hava limanının sərnişin axını Bakıda UEFA Avropa Liqasının finalının keçirildiyi dövrdə ümumilikdə təxminən 60 min nəfər təşkil edib.

Sözügedən məsələyə münasibət bildirən İqtisadçı-ekspert Nazim Bəydəmirli Cebhe.info-ya deyib ki, AZAL-ın əsas gəlirləri heç də beynəlxalq uçuşlarda sərnişindaşıma xidmətlərindən olmur:

“AZAL daha çox xarici kompaniyalara göstərdiyi xidmətlərdən qazanır. Bəzən biletlərin qiymətinin təqribən 50 faizə qədərini bu xidmətlər təşkil edir. Bundan əlavə yanacaq satışı və aeroport ərazisində olan kommersiya obyektlərinin göstərdiyi xidmətlərdən olan gəlirlərdən də qazanır. 

AZAL hətta sərnişin daşımasa belə, istənilən halda fəaliyyətini davam etdirəcək. AZAL-ın son illər apardığı xidmət, qiymət və tarif siyasəti ucuz sərnişin daşımaları ilə məşğul olan aviaşirkətləri Azərbaycandan qaçırdır. “Buta Airways”in dövlət büdcəsi hesabına və AZAL-ın xidmətləri sayəsində güclü potensialı formalaşıb. Əgər ölkədə bir-iki deyil, bir neçə belə aviaşirkət yaranmış olsaydı, bunu müsbət qarşılamaq olardı. 

Sinqapur, Qətər kimi regional xidmətlər göstərən aviakompaniyalar olsa, daha məqbul olardı. Bu zaman qonşu İran, Gürcüstan, Türkmənistan, Dağıstan vətəndaşları Bakı və regional aeroportlardan yararlana bilərdi. Təəssüf ki, yaxınlarda Amerikaya birbaşa reyslər də ləğv olundu. Piar xarakterli reyslər açılır, sonra onu effektiv idarə etmək mümkün olmadığına görə, başqalarına verilir”.

Ekspert hesab edir ki, AZAL-ın şəffaf idarə edilməsində olan problem sərnişin daşımalarında da özünü göstərir:

“Dövlət büdcəsindən parkın yenilənməsi, kapital qoyuluşu və digər məsələlər görə AZAL-a milyardlarla vəsait subsidiya verilir. Amma buna baxmayaraq xidmət səviyyəsindən vətəndaşlar, tariflərdən də digər kompaniyalar razı deyil”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 1805