hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

“Azərbaycan bütün parametrlərə görə Ermənistandan öndədir” - Fərəc Quliyev

“Azərbaycan bütün parametrlərə görə Ermənistandan öndədir” - Fərəc Quliyev

44 günlük Vətən müharibəsinin iki tərəfi – qalib Azərbaycan və məğlub Ermənistan var.

Bu gün müharibədən çıxan hər iki dövlətin durumunu dəyərləndirsək, Azərbaycanda siyasi sabitlik, iqtisadi inkişaf, Ermənistanda isə hakimiyyət böhranı və iqtisadi tənəzzül yaşandığını görürük. Mövcud vəziyyət ölkələrin sosial siyasətində də özünü büruzə verir.

Azərbaycan sosialyönümlü siyasətini davam etdirir, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına mənzillər, avtomobillər, müavinətlər verir. Təbii ki, bu, birbaşa olaraq dövlətin gücü və Prezidentin iradəsinin göstəricisidir. Ermənistanda isə vəziyyət fiasko həddindədir.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında deyib ki, bütün mənalarda Ermənistanla Azərbaycanı müqayisə etmək mümkün deyil:

“Ermənistanın yanaşması göz önündədir. Ölkə Prezidenti bir neçə dəfə bu məsələyə toxunub, son mətbuat konfrasında da bu haqda danışdı ki, ermənilərin iki qoca vətəndaşı bizdə qalmışdı. Onları Ermənistana qaytaranda ermənilər qəbul etmədi, öz vətəndaşlarını götürmədi. Meyidlərlə bağlı davranışlarında da eyni hal müşahidə olundu. Məsələn, müharibə vaxtı Hadrutda yerləşən erməni hərbi hissəsi mühasirəyə düşdü və Azərbaycan tərəfi müraciət etdi ki, təslim olsunlar ölməsinlər. Amma olmadı. Yəni ermənilərin öz insanlarına baxışı belədir. Azərbaycan ağır şərtlərlə müharibə apardı, çünki biz torpaqlarını azad etmək üçün hücum edən tərəf idik, xeyli əlavə vəsaitlər lazım idi. Biz dünyaya göstərə bildik ki, beşinci nəsil silahlar əldə etmişik. Bu da çox böyük maddi itkilərdir. Müharibənin gedişində hər gün milyonlarla vəsait xərclənirdi. Amma buna baxmayaraq sosial layihələrdə heç bir axsama olmadı”.

Partiya sədri qeyd edib ki, Birinci Qarabağ müharibəsinin şəhid ailələrinə, qazilərinə, veteranlarına yanaşma eynən davam etdi:

“Bu yaxınlarda şəhid ailələrinə yeni mənzillər verildi. Prezident orda da çıxışında bildirdi ki, qalan şəhid ailələri, qazilər, veteranlar üçün də bütün lazımı dəstəyi verəcəyik. Yəni Azərbaycan tərəfi insan amilini hər zaman öndə tutub. Prezident belə bir söz dedi: mən bütün hallarda insanlarımızı, əsgərlərimizi qorumaq siyasəti yürüdürəm. Doğrudan da elə yerlər var ki, oranı 5-10 əsgərlə almaq olardı. Amma Prezident deyirdi ki, oraları almaq üçün milyonlarla xərc çəkilən texnikalardan, dronlardan istifadə edin, insanları qoruyun. Bu da bir yanaşmadır. Bəziləri sosial siyasətin tam yetərli olmadığını düşünə bilərlər. Pandemiyadan, savaşdan çıxmış bir ölkəyik. Özü də tək Ermənistana qarşı yox, bütün güclərə qarşı savaşmışıq. Bütün bunlara baxmayaraq biz işimizi davam etdiririk. Əminəm ki, yaxın müddətdən, yəni payızda, xüsusən də bərpa işləri bitəndən sonra çox böyük səylərlə bütün əhali spektrinə Prezident tərəfindən imtiyazlar veriləcək. Ona görə də Azərbaycanla Ermənistanın sosial siyasətini qətiyyən müqayisə etmirəm”.

F.Quliyev əlavə edib ki, bu gün Ermənistanda hərbçilərin rüşvət verib arxaya çəkilməsi, fərarilik məsələləri göz önündədir:

“Döyüş zamanı 10 min fərari var idi, bu gün daha çox var. Sosial, iqtisadi vəziyyət bərbad gündədir. For-post ölkədir. Ermənistandan keçən dəmir yol xətləri Rusiyanındır. Sərhədlərini Rusiya qoruyur. Ordusunda Paşinyanın dili ilə desək köhnə tör-töküntü silahları var, onları da Rusiya verib. Ona görə biz müqayisə olunacaq dövlətlər deyilik. Amma tamamilə razıyam ki, düşmən dövlətlə mütəmadi olaraq müqayisələr aparmalıyıq və cəmiyyət də bilməlidir ki, Azərbaycan bütün keyfiyyətlərə və göstəricilərə görə Ermənistandan qat-qat irəlidədir”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 2993