hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8818
  • NEFT - 60.47
  • clouds-weather

“Azərbaycan ordusu işğalçıya bir neçə “aprel” yaşatsa...”- RƏY

“Azərbaycan ordusu işğalçıya bir neçə “aprel” yaşatsa...”- RƏY

“Azərbaycan Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaydığı bəyanatlara biri də əlavə olundu. 

Ancaq budəfəki bəyanat genişliyinə və məzmununa görə əvvəlkilərdən fərqlənir. Birincisi, bu bəyanatda Ermənistanın Baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” açıqlamasının hansı nəticələrə gətirəcəyi bu cümlələrlə izah olunub: 

“Ermənistan rəhbərliyinin son dövrdə səsləndirdiyi anneksiyanist bəyanatlar, əsasən, daxili auditoriyaya yönəlmiş olsa belə, bölgədə vəziyyətin kəskinləşməsinə xidmət etdi. Onlar beynəlxalq hüququ açıq şəkildə tapdalamaqla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə beynəlxalq vasitəçilərin uzun illər apardığı səyləri demək olar ki, şübhə altına alan çox təhlükəli bir gərginlik yaratdı””. 

Cebhe.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq Paşinyanın danışıqlar prosesini pozmaq üçün bu cür açıqlamalar verdiyini və bunun düşünülmüş bir siyasət olduğunu vurğulayıb:

“Bəyanatda yuxarıdakı cümlələrin sonluğunda gələcək zaman ifadələrindən istifadə edilmir - “kəskinləşməsinə xidmət edəcək” və ya “gərginlik yaradacaq” yazılmır, “kəskinləşməsinə xidmət etdi” və “gərginlik yaratdı” bildirilir. Bu, o deməkdir ki, Nikol Paşinyanın açıqlamaları bölgədə geri dönüşü olmayan proseslərə start verdi və rəsmi Bakı bunu belə qiymətləndirir. İkincisi, Azərbaycan XİN-nin bəyanatında yazılır ki, Paşinyanın açıqlamaları danışıqlar prosesini pozmaq cəhdidir. Əslində cəhd deyil, düşünülmüş siyasətdir. Nikol Paşinyan hələ ötən il BMT Baş Assambleyasındakı çıxışında pozuculuq cəhdlərinə başlamışdı, ardınca onun Tehrana səfəri zamanı yerli ermənilər tərəfindən “Qarabağ Ermənistandır. Vəssalam” şüarı qaldırıldı, selfi çəkildi və bunun məntiqi sonu kimi avqustun 5-də Xankəndində bu şüar Ermənistanın Baş naziri tərəfindən bir daha təsdiq olundu. Üçüncüsü, Azərbaycan XİN-in bəyanatında BMT və ATƏT-in baş katiblərinə, ATƏT-in Minsk qrupunun həmsədrlərinə, eləcə də Minsk qrupu üzv ölkələrinin Xarici İşlər nazirlərinə ünvanlanmış məktublarından söz açılır. Həmin məktublarda beynəlxalq ictimaiyyətin qəti mövqeyinin işğalçı Ermənistanın özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli olduğu qeyd edilir”. 

Şərhçi bildirib ki, Xarici İşlər Nazirliyi tərəfindən, həmçinin Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının bütün üzv dövlətlərinə bu xüsusda eyni məzmunlu notalar ünvanlanıb: 

“Bu, o deməkdir ki, rəsmi Bakı Nikol Paşinyanın təxribatçı açıqlamalarına beynəlxalq təşkilatların reaksiya verməməsindən narahatdır. Həqiqətən, heç bir beynəlxalq təşkilat konkret olaraq Nikol Paşinayanın danışıqlar prosesini pozan “Qarabağ Ermənistandır” açıqlamasına münasibət bildirmədi, bunun danışıqlara zərbə vurduğunu qeyd etmədi. “Qarabağ Ermənistandır” siyasəti anneksiyanın rəsmən etirafı deməkdir. Bundan sonra danışıqlara da ehtiyac qalmır. Təəssüf ki, beynəlxalq təşkilatlar bu təhlükəli gedişata “dur” deməyiblər. Tam əksinə, Minsk qrupu həmsədrləri bəyanat yayaraq Dağlıq Qarabağda qanunsuz keçirilən “yerli seçkilərin normal olduğunu” vurğuladı. Buna baxmayaraq, Azərbaycan XİN-nin bəyanatında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsünün öz şərhlərində mövcud vəziyyətlə bağlı narahatlığını ifadə etməsi, verilən bəyanatların münaqişənin dinc yolla nizamlanmasına yönəldilmiş ümumi səylərin kontekstinə uyğun gəlməməməsi, o cümlədən ABŞ-ın Azərbaycandakı səfirinin Ermənistan baş nazirinin bəyanatına münasibət bildirərək şiddəti təbliğ edən və gərginliyi artıran ritorikadan uzaq olmağa və tərəfləri dialoq prosesinə diqqət yetirməyə çağırması vurğulandı”. 

Elxan Şahinoğlu Rusiya XİN-nin sözçüsü ilə ABŞ səfirinin Azərbaycanın narahatlığını tam bölüşmədiyini bildirib: 

“Həm Rusiya XİN-nin sözçüsü, həm də ABŞ səfiri mövzu ilə bağlı nəsə deyiblər, ancaq pozucunun ünvanını konkret göstərməyiblər. Bəzi cümlələrində isə həmişə olduğu kimi işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoymağa çalışıblar. Yəni Rusiya XİN sözçüsü və ABŞ səfiri bizim narahatlığımızı tam bölüşməyiblər, fikirləri yarımçıqdır”. 

Politoloq son olaraq Ermənistanın danışıqları tərk etməyəcəyini qeyd edib: 

“Dördüncüsü, XİN-nin bəyanatının əsas qayəsi son abzasların birində əks olunub: “Ermənistan rəhbərliyinin məsuliyyətsiz və destruktiv mövqeyi münaqişənin həlli istiqamətində aparılan sonuncu müzakirələrin mahiyyəti ilə ziddiyyət təşkil edir və bu, danışıqlar prosesinin məhv edilməsi cəhdi deməkdir. Nikol Paşinyan onu da birmənalı şəkildə dərk etməlidir ki, millətçi-təxribatçı dairələrin təzyiqi altında danışıqlar prosesini tərk edən tərəf mütləq uduzacaqdır. 

Bəyanatda “cəhd” sözündən bir neçə dəfə istifadə olunub. Paşinyanın açıqlamaları “danışıqlar prosesinin məhv edilməsi cəhdi” deyil, danışıqlar prosesinin məhv edilməsidir. “Danışıqlar prosesini tərk edən tərəf mütləq uduzacaqdır” cümləsi ilə də razılaşmaq çətindir. Ermənistan hakimiyyəti təxribatçı açıqlamalarına rəğmən, danışıqları tərk etmir və etməyəcək, tam əksinə status-kvonun uzanmasına xidmət edən imitativ danışıqlar işğalçının maraqlarına cavab verir. İndiki vəziyyətdə danışıqları tərk etmək və ya imitasiyaya xidmət edən danışıqlara fasilə vermək barədə biz düşünməliyik. Ermənistan parlamenti aprel savaşının nəticələri ilə bağlı komissiya yaradıb, ordudakı yeyinti və itkilərin səbəbkarları axtarılır, Azərbaycan ordusu işğalçıya bir neçə “aprel” yaşatsa, Ermənistanda itkilərin səbəbkarını axtaracaq və bununla işğalçı dövlətdə gərginliyi artıracaq komissiyaların sayı da artacaq. Bizə bu lazımdır”. 

Səyad Həsənli 
Cebhe.info


Oxunma sayı: 573