hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

“Azərbaycanda manatın ucuzlaşmasını gözləmirəm” - EKSPERT

“Azərbaycanda manatın ucuzlaşmasını gözləmirəm” - EKSPERT

“Neftin qiyməti 45 dollardan aşağı olmadıqca, Azərbaycan milli valyutasına heç bir təhlükə yoxdur”.

Bu fikirləri Cebhe.info-ya açıqlamasında iqtisadçı-ekspert Nazim Bəydəmirli deyib. O bildirib ki, manatın kursu birbaşa neftin qiymətinə bağlıdır:

“Qonşu Gürcüstanın milli valyutası olan larinin məzənnəsi aşağı düşüb. Doğrudur, Gürcüstan iqtisadiyyatı ilə Azərbaycanı müqayisə etməyin tərəfdarı deyiləm. Amma Gürcüstandadolların kursunu az da olsa, liberal bazar iqtisadiyyatı müəyyən edir. Görünən odur ki, son zamanlar Gürcüstanın idxal-ixrac əməliyyatlarında daha çox valyutaya ehtiyac yarandığına görə, valyutanın kursu dəyişib. Azərbaycanda 4 ildir ki, dolların kursunun 1.70 AZN olması müxtəlif şayiələrə yol açır. Dövriyyəyə manatın ucuzlaşması yöndə müxtəlif informasiyalar buraxılır.

Neftin qiyməti 45 dollardan aşağı olmadıqca, Azərbaycan milli valyutasına heç bir təhlükə yoxdur. Hesab edirəm ki, son günlər neftin qiymətinin ortalama 70 dollar civarında olduğu bir vaxtda ölkəyə daxil olan valyuta kifayət qədərdir. Bazarda valyutanın satılması manata tələbatı artırır. İqtisadi göstəricilərə görə, manat daha da möhkəmlənməli idi, ancaq bu müşahidə olunmur. Buna görə də, Azərbaycanda valyutanın kursunun inzibati yolla müəyyən olunması və burada bazarın müdaxiləsinin çox az olması təəssüratı yaranıb. Qeyd edim ki, Azərbaycanda manatın ucuzlaşmasını gözləmirəm”.

İqtisadçı son günlər rus rublunun ucuzlaşmasına da münasibət bildirib: “Rusiyada dolların yox, rublun möhkəmlənməsi prosesi gedir. Hazırda 1 dollar 63 rubl civarındadır. Ancaq bir neçə il bundan öncə dolların kursu 65 rubl idi. Doğrudur, Rusiya iqtisadiyyatına böyük sanksiyalar tətbiq olunub. Krımda və Donbasda aparılan hərbi əməliyyatlar Qərb ölkələrinin bir çox şirkətlərinin Rusiyadan öz səhmlərini geri çəkməsinə səbəb oldu. Rusiya iqtisadiyyatına müdaxilələr çoxdur, ancaq neft ixracına görə Rusiyanın dünyada birinci yerdə olmasını da yaddan çıxarmaq olmaz. İndiki qiymətlər baxımdan neftin qiyməti stabil olan vaxtlarda Rusiya valyutasına ciddi təhdidlər yoxdur. Rusiyalı ekspertlərin sözlərinə görə, orada insanların həyat şəraiti pisləşib, gəlirləri isə azalıb. Rusiya iqtisadiyyatı daha böyükdür və bazara daha çox mineral ehtiyatları çıxarır, buna görə də ölkədə ciddi təlatümlər yoxdur”.

Yeganə Oqtayqızı

Cebhe.info


Oxunma sayı: 914