hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

“Belarus düyünü”: “İşarəni Qərbdən gözləyin”

“Belarus düyünü”: “İşarəni Qərbdən  gözləyin”

Belarusda hadisələr getdikcə fərqli məcraya yönəlir.

İndi Aleksandr Lukaşenko kompromisə getməyə hazır olduğunu açıqlasa da, müxalifət daha sərt mövqe sərgiləyir. Belə ki, Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya 2021-ci ilin sonuna qədər ölkədə yeni seçkilərin və Konstitusiya düzəlişləri ilə bağlı referendumun keçirilməsini təklif edib. Lakin Tixanovskaya hər iki siyasi kampaniyanın Aleksandr Lukaşenko olmadan keçirilməli olduğunu deyib.

Tixanovskaya bildirib ki, müxalifət Lukaşenkonu legitim prezident hesab etmir və saxta seçkilərin nəticələri tanınmayacaq. Digər tərəfdən Lukaşenko da xanım Tixanovskayanı “Qərbin aləti” olmaqda suçlandırıb. Deyib ki, bütün bunların məsuliyyəti isə ABŞ-ın boynundadır. Eyni zamanda Lukaşenko bildirib ki, ilin sonuna qədər yeni Konstitusiya qəbul ediləcək.

Maraqlıdır, müxalifət payızda Lukaşenkoya qarşı hansı addımları ata bilər?

Politoloq Elşən Manafov “Cümhuriyət”ə açıqlamasında deyib ki, demokratiyadan dəm vuran müxalifətinin lideri Svetlana Tixanovskayanın Lukaşenko ilə dialoqa getmək istəməməsi onun insan haqlarına münasibəti baxımından anlaşılan deyil:

“Heç şübhəsiz ki, Lukaşenko 2019-cu ildəki prezident seçkilərində 85 faiz səs çoxluğu ilə qalib gəlməsə də onu qalib edə biləcək kifayət qədər faktorlar var idi. Ölkənin sosial iqtisadi durumu bu faktorların əsasında dururdu. Belarus MDB ölkələri arasında adabaşına düşən Ümumi Daxili Məhsula(ÜDM) görə birinci yerdə dayanır. Üstəlik Belarus sənaye və kənd təsərrüfatının, ağır maşınqayırmanın inkişaf etdiyi ölkədir. Bu baxımdan ölkədə sosial- iqtisadi duruma görə Lukaşenkonun hakimiyyətdən getməsini zəruri edən amillər yox dərəcəsində idi. Lukaşenkonun yanlış hərəkəti seçkilərdə 85 faiz səslə qalib gəlməsini təşkil etmək oldu. Belarusda vəziyyətin gərginləşməsinə və etiraz elektoratının mövqeyinin daha da sərtləşməsinə təkan verən faktorlardan biri də həmin 85 faizlik göstərici oldu. Əslində etirazçıların böyük hissəsini təşkil edən gənclər ölkədə söz, mətbuat azadlığı və digər sahələrdə yenilik istəyirdilər. Yəni istlahatçılıq tərəfdarları idilər. Eyni zamanda gənclər Belarus təhsil sisteminə Avropa nümunəsinin gətirilməsini tələb edirdilər. Digər tərəfdən əhalinin etirazçı qismi Lukaşenkonun 25 illik hakimiyyətindən yorulmuşdular və ölkə idarəçiliyində yenilik tələb edirdilər. Buna görə də Lukaşenkonun istefasını tələb edənlərin sosial- iqtisadi narazılığı yox, hakimiyyətdə yeni sima tələbləri vardı”.

“Vətəndaş qarşıdurması gözlənilir”

Politoloq qeyd edib ki, müxalifət Lukaşenko ilə kompromisə və danışıqlara getməsə, bu vətəndaş qarşıdurmasına gətirib çıxaracaq:

“Heç şübhəsiz ki, Qərb Ukrayna kimi, Belarusu da Rusiyanın təsir dairəsindən çıxarmağa çalışırdılar. Bunun üçün böyük miqdarda vəsait də ayrılmışdı. Açıq şəkildə görünürdü ki, Belarusda mövcud durum, Rusiyanın buradakı imkanları, ittifaq dövlətinin yaradıla biləcəyi ilə bağlı gedən söhbətlər Qərbi narahat edirdi. Çünki bu perspektivdə MDB məkanında Rusiyanın nüfuz dairəsinin daha da genişlənməsinə, Avrasiya İttifaqının möhkəmlənməsinə, Gömrük İttifaqında təmsil oluna biləcək dövlətlərin sayının artmasına gətirib çıxara bilərdi. Unutmaq olmaz ki, Belarusla Azərbaycan arasında hər zaman yaxşı əməkdaşlıq olub və Minsk tərəfindən hər zaman Azərbaycanın ərazi bütövlüyü dəstəklənib. Heç şübhəsiz ki, Tixanovskayanın bu mövqeyi Qərbin sifarişidir və onun vasitəsi ilə maliyyələşdirilir. Müxalifətin kompromisə getmək istəməməsi ölkədə vəziyyəti daha da gərginləşdirməyə, nəzarət altından çıxarmağa xidmət edə bilər. Burada məqsəd Belarusu Rusiyanın tərkibindən qoparmaqdır və müxalifət atdığı addım həmin layihənin bir parçası ola bilər. Lukaşenko 10 yanvarda Rusiya telekanalına müsahibəsində dedi ki, onsuz da özü getmək istəyir. Sadəcə yeni proseslərdə, qəbul edilən layihələrdə iştirak edib, töhfəsini vermək istəyir. Bununla da Lukaşenko yerini gənclərə verməyə hazırdır. Buna görə də düşünürəm ki, müxalifət də bunu nəzərə alıb güzəştə getməlidir. Yoxsa bu vətəndaş qarşıdurması ilə nəticələnəcək və Ukrayna kimi Belarus da Qərbin ağuşuna düşəcək. Beləliklə, Qərb Ukraynanın maşınqayırma sənayesini, kənd təsərrüfatını çökdürdüyü kimi, Belarusa qarşı da oxşar addımları atacaq. Belarusun hazırkı durumu qərbdəki “dostlarımızı” heç də narahat etmir”.

“Qarşılıqlı güzəştlər labüddür”

E.Manafov hesab edir ki, müxalifətin Lukaşenkoya qarşı qəti mövqeyi Bayden hakimiyyətinin Rusiya ilə bağlı siyasətindən asılı olacaq:

“Hesab edirəm ki, müxalifətin kompromisə getmək istəməməsi ancaq qarşıdurmanın güclənməsi istəyindən irəli gəlir. Bu da demokratiyanın prinsipləri baxımından yolverilməzdir və anlaşılan deyil.

Hesab edirəm ki, müxalifətin qəti mövqeyi Bayden hakimiyyətinin Rusiya ilə bağlı siyasətindən asılı olacaq. Çünki Baydenin artıq Rusiyanı ABŞ-ın bir nömrəli düşməni elan etməsi və ona sanksiyalar tətbiqi məlumdur. Rusiyaya qarşı iqtisadi sanksiyaların güclənəcəyini də istisna etmirəm. Amma Rusiya və Belarus bu iqtisadi sanksiyalara duruş gətirəcək gücdədirlər.

Bunun Vladimir Putinin il sonu verdiyi müsahibədən də görmək olar. Putin bildirdi ki, büdcə gəlirlərinin formalaşmasında qeyri-neft sektorunun payı xeyli artıb. Eyni fikirləri Belarus haqqında da demək olar. Hesab edirəm ki, Qərb həqiqətən Belarusda demokratik, legitim hakimiyyətin qurulmasını istəyirsə, onda güzəştlərə və danışıqlara gedilməlidir. Əks təqdirdə bu Rusiya ilə ciddi qarşıdurmanın yaranmasına səbəb ola bilər. Lakin ortada nüvə faktoru var və çəkindirici mahiyyət daşıyır. Bu nüvə faktoru Qərbi hələ uzun müddət Rusiya ilə ehtiyatlı davranmağa təhrik edəcək”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 3543

Bizim Telegram səhifəmizi izləyin