hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

“Bizdən xəbərsiz getdilər, çayxanada İdarə Heyəti yaratdılar”- Sərdar Cəlaloğlu AXH-dəki parçalanmadan danışdı - MÜSAHİBƏ

“Bizdən xəbərsiz getdilər, çayxanada İdarə Heyəti yaratdılar”- Sərdar Cəlaloğlu AXH-dəki parçalanmadan danışdı - MÜSAHİBƏ

Son günlər yeni yaranan siyasi təşkilatlardakı parçalanma və qopmalar müxalifətdaxili problemləri gündəmə gətirib.

25 ildən çoxdur müzakirə olunan “Müxalifət niyə birləşə, vahid mövqedən çıxış edə bilmir?” sualı hələ də aktualdır. Ölkənin siyasi gündəmində yer alan bu və digər məsələlərlə bağlı Cebhe.info-nun suallarını Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu cavablandırıb.

- Sərdar bəy, yeni yaranan təşkilatlarda parçalanmalar, istefalar müşahidə olunur. Necə düşünürsünüz, bu qurumlar niyə parçalanır?

- Hər zaman çox yersiz fəallıq dağıntıya gətirib çıxarır. Həmişə deyirəm ki, biz bəzən hadisələrin məntiqini izləmək istəmirik. Öz subyektiv fikirlərimizi reallıq kimi təqdim edirik. Ona görə də belə olur. Azərbaycan Xalq Hərəkatı hələ özünün konturlarını müəyyən etməmiş İdarə Heyəti yarandı, rəhbərlik, təşkilat şöbəsi formalaşdı. İdeyanın özünün kütləyə oturması ilə onun praktikaya keçməsi arasında çox az vaxt qaldı. Ona görə də bu cür parçalanmanın olması təbii haldır. Baş verən parçalanmalar, birləşmənin əsassız olduğunun göstəricisi idi. Azərbaycan Xalq Hərəkatında birləşmə əsassız idi, ona görə də parçalandı. Düzgün birləşmə olan yerdə, heç vaxt parçalanma olmaz.

- Azərbaycan Xalq Hərəkatı yarananda siz də orada təmsil olunurdunuz. Sonra nə baş verdi ki, növbəti mərhələlərdə sizi AXH-nin iclaslarında görmədik?

- Çünki bizdən xəbərsiz getdilər, çayxanada bir İdarə Heyəti yaratdılar. Elə ilk gündən verilən qərar pozuldu, o zaman dedim ki, bu təşkilat uzun müddət ayaq üstə dayana bilməz. Özü öz qərarına hörmət etməyən, öz qərarını pozan bir təşkilat nə demokratik ola bilər, nə də uzun müddət davamlı fəaliyyət göstərər. Təəssüf ki, dediklərimiz doğru çıxdı. Hələ 1 aydır Azərbaycan Xalq Hərəkatı təsis olunub, amma  parçalanmalar, qopmalar səngimir. Çünki birləşmənin özü düzgün həyata keçirilməmişdi. Leninin belə bir sözü var: “Yaxşıca  birləşməmişdən qabaq  yaxşıca ayrılmaq lazımdır”. Yaxşıca ayrılmayanda, sonradan birləşəndə bunun kimi parçalanmalar qaçılmazdır.

- Müxalifətin problemi nədir?

- Müxalifətin heç bir problemi yoxdur. Sadəcə, o birləşmənin özü düzgün deyildi. Normal şəkildə bir araya gələn qüvvələr uzun müddət fəaliyyət göstərir.

- Yeni yaranan təşkilatların perspektivini necə qiymətləndirirsiniz?

- Perspektiv çox yaxşıdır. Sadəcə, bir şeyi başa düşməlidirlər ki, ictimai rəyin təzyiqi altında və ya siyasi konyuktura ilə birlik yaratmaq olmaz. Məsələn, Azərbaycan Xalq Hərəkatı yarananda bizə dedilər ki, bir araya gəlmək istəyən qüvvələr birləşəcək. Amma kimlər olacaq bilinmirdi. Sonra məlum oldu ki, heç bir araya gəlmək istəməyən qüvvələr bir araya gətirilirdi. Hər şey təbii olmalıdır. Bunlar süni şəkildə yarandığı üçün belə qısa ömürlü oldu. Siyasətin, partiyanın mənası qrup şəkildə maraqların həyata keçirilməsidir. Partiya varsa, söhbət qrup marağından gedir. Başqa məsələdir ki, partiyanın qrup maraqları dövlətin və xalqın maraqları ilə üst-üstə düşür, yoxsa düşmür. Amma partiyalar ona görə yaranır ki, insanların tək halda həyata keçirə bilmədikləri planları qrup şəkildə həyata keçirsin.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 3379