hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

“Bu gün Elçibəyin səmimiyyətini və öncüllüyünü daşımaq üçün AXCP-ni yeni sifətdə və yeni formatda təqdim etdik” – AXCP sədri

“Bu gün Elçibəyin səmimiyyətini və öncüllüyünü daşımaq üçün AXCP-ni yeni sifətdə və yeni formatda təqdim etdik” – AXCP sədri

“Bu gün Azərbaycanın sabiq prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin anım günüdür. Onun ölümündən sonra, xalqı toparlamaq, öncüllük etmək və səmimi liderlik xüsusiyyətləri göstərmək istəyən çox siyasətçi oldu. Amma heç kim onun zirvəsinə yetişməyi bacarmadı. Başlar bir-birini didməyə, bir-birinə şər atmağa, ləkələməyə və boş yerdən təkbaşına liderlik çəkişməsinə qarışdı. Onilliklər boyunca xalq da, millət də, fəallar da, sadə insanlar da siyasətdən iyrəndilər. Əli Kərimlinin AXCP-ni özəlləşdirmək istəməsi və bu gün də bu yöndə bizimlə və başqaları ilə mənasız intriqa aparması xalqın siyasətə inamını qırdı. İnamı qırılmış xalqın müqayisə etmək imkanı yarandı. Müqayisə etdi və Elçibəyin böyüklüyü qarşısında baş əydi. Bəli, Əbülfəz Elçibəy böyük bir şəxsiyyət və böyük bir öndər idi”.

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev deyib.

R.Nurullayev qeyd edib ki, çox yaxşı ki, bu gün Elçibəyin səmimiyyətini və öncüllüyünü daşımaq üçün AXCP-ni yeni sifətdə və yeni formatda təqdim etdik:

“Xalqa yeni mesajlar, yeni yanaşmalar və yeni siyasət verməyə çalışırıq. Qırılmış inamı bərpa etmək çətin olsa da, bu yola qədəm qoymuşuq və nəticə olacağına da inanırıq.

Rəhmətlik Elçibəy, nə çox danışar, nə də lazımsız yerə çox qışqırardı. Nə lazımsız yerə adamlar həbs etdirər, nə də məntiqsiz vədlər verərdi. O sadəcə, böyük arzularını dilə gətirərdi və bu gün də, o arzularını dilə gətirdiyi üçün onu tənqid edən insanlar var. Amma unudurlar ki, onun arzuları və istəkləri üzərində qurulmuş hərəkatlar, birliklər və digər qurumlar var.

Tənqid etmək asan, amma bir cümlə müdrik söz düşünüb tapmaq belə çətindir. Öz yersiz və nəticə doğura bilməyən, o cümlədən vaxtsız-zamansız siyasi iddiasını boğub, insanları həbsdən azad etmək hər kəsin işin deyil.

Bu gün də "Yurd" sədri Əli Kərimli özünün ambisiyalarına hakim kəsilməyərək, insanları nəticəsiz mübarizəyə sövq edir. Müxalifətin birləşməsini əngəlləyir və "müxalifət naziri" postunu saxlamağa çalışır. Bu gün hamımız dərk edirik ki, zaman o zaman deyil. Bu siyasi həbslər ölkədə dirəniş və müqavimət yarada bilmir, əksinə üzdə olan siyasi fəlları da silir. Zaman o zaman deyil. Qəza keçirmiş və fiziki gücünü itirmiş xəstəni birbaşa velosipedə mindirib, pedalı fırla, yarışa çıx, birinci yeri tut demək olmaz. Onun əlindən tutub yatmış damarlarını hərəkətə gətirmək lazımdır.

Biz bu işlə məşğuluq. Daha sizlər kimi qəza keçirmiş xəstəni velosipedə mindirib yarışı ud demirik. Həm də siz heç onun velosipedindən da yapışmırsınız, əksinə avtomobilin şüşəsini endirərək, üstünə qışqırırsınız ki, "mətanətli ol, dözümlü ol, yıxılma, yarışı qazan". O, da bir-iki metr getməmiş yeni qəza keçirir. Bu gün sizlərin yarıtmaz siyasəti xalqı hər gün yeni qəzalar keçirməyə vadar edir. Əbülfəz Elçibəy belə etməzdi. Biz ondan qıdalanır və ondan ruh alırıq.

Allah Böyük Bəyə rəhmət eləsin!”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 7052