hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

“Bu sərəncam mediamıza verilən dəyərdir” - Əflatun Amaşov Prezidentə təşəkkür etdi

“Bu sərəncam mediamıza verilən dəyərdir” - Əflatun Amaşov Prezidentə təşəkkür etdi

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” bu gün imzaladığı Sərəncam onun mətbuatımızın tarixi missiyasına, mediamızın cəmiyyətdəki roluna verdiyi müstəsna dəyərin növbəti bariz nümunəsidir. Sərəncam dövlət başçımızın ənənələrə sadiklik kursunun müstəsna göstəricisidir. Buna görə cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm”.

Bunu özünün “Facebook” səhifəsində Mətbuat Şurasının sədri Əflatun Amaşov yazıb.

O bildirib ki, müstəqillik illərində Azərbaycan milli mətbuatının yubileylərinin keçirilməsi ənənəsinin əsasını Ümummilli lider Heydər Əliyev qoyub: “O, 27 mart 2000-ci il tarixdə “Azərbaycanda milli mətbuatının yaradılmasının 125 illiyi haqqında” Fərman imzalamışdı. Mətbuat tariximizin əsas məqamlarının əhatəli və ardıcıl şəkildə yer aldığı həmin sənəd yubileyin təntənəli şəkildə təşkili zərurətini müəyyənləşdirmişdi. Sonrakı illərdə Prezident İlham Əliyevin sərəncamları ilə milli mətbuatımızın 130, 135 və 140 illik yubileyləri dövlət səviyyəsində qeyd edildi. Yubileylər yüzlərlə həmkarımızın dövlət təltiflərinə layiq görülməsi sevincinin təntənəsi, jurnalist əməyinə verilən misilsiz qiymət nümunəsi kimi yadda qaldı. Prezidentin bu gün imzaladığı sərəncam 145 illik yubileyin də bu baxımdan əlamətdar hadisəyə çevriləcəyini söyləməyə ali təminatdır. Bu, hər birimizi sevindirir”.

Ə.Amaşov bildirib ki, yubiley sərəncamı eyni zamanda keçilmiş yola nəzərdir, milli mətbuatımızın inkişafında mühüm rol oynamış görkəmli şəxsiyyətlərin yada salınması, onların bizə miras qoyduqları irsə sahibliyi gücləndirmək, o irsi yaşatmaq baxımından vacib istinad nöqtəsidir.

“Sənəddə koronavirus pandemiyasının geniş yayıldığı indiki dövrün şərtləri daxilində məsələyə diqqət yetirmək vəzifəsi müəyyənləşir. Bir daha Azərbaycan mətbuatına, onun tarixi missiyasına verdiyi yüksək dəyərə görə Prezident İlham Əliyevə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri adından dərin təşəkkürümü bildirirəm. Şura Prezident Sərəncamından irəli gələn vəzifələrin həllinə dəstək olmağa hazırdır”, - deyə MŞ sədri qeyd edib.

Aydın
Cebhe.info


Oxunma sayı: 2267