hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.8816
  • NEFT - 57.98
  • clouds-weather

“Çirkli pul”lara amnistiya: Nə qazandıracaq?

“Çirkli pul”lara amnistiya: Nə qazandıracaq?

Rəsmi olmayan informasiyalara görə, ölkədə kölgə iqtisadiyyatının payı 40 faizdən çoxdur. 

Bu, real iqtisadiyyatdan gizlədilən, qanunsuz yollarla qazanılan, vergisi ödənilməyən və heç bir yerdə qeydiyyatı olmayan pul kütləsidir. Azərbaycanda gəlir deklarasiyanın verilməsi məcburi olmadığı üçün oliqarxlar əldə etdikləri kapitalı rahat şəkildə vergidən yayındıra, ümumi vəsaitlərinin həcmini gizlədə bilirlər. Bu da ölkə iqtisadiyyatına ciddi şəkildə zərbə vuran əsas amil hesab olunur. Beynəlxalq təcrübədə gəlir deklorasiyasının verilməsi ilə bağlı müvafiq işlər qanunlar mövcuddur ki, bununla da, xüsusilə məmur təbəqəsi gəlirlərini açıq şəkildə bəyan edir, vergilərini ödəyirlər.

Azərbaycanda isə 2005-ci ildə “Gəlir deklarasiyası haqqında” Qanun Milli Məclisdə qəbul edilib. Həmin qanuna görə, vəzifəli şəxslər ildə bir dəfə öz gəlirləri barədə məlumat verməli və vergi ödəməlidirlər. Qanunun qəbulundan sonra prezident bəyannamə formasının hazırlanması ilə bağlı Nazirlər Kabinetinə üç ay vaxt verib. Amma bu müddətin bitməsindən illər keçsə də, bu qurum həmin formanı hazırlayıb ortalığa çıxarmayıb. Qanunun tətbiq edilməməsini də bəyannamə formasının hazır olmaması ilə izah edirlər.

Sözügedən qanunun hələ də tətbiq olunmaması maliyyə amnistisiyasının verilməsi məsələsini gündəmə gətirir. Qeyd edək ki, bununla bağlı bu günə qədər müəyyən təkliflər olsa da, hələ də belə bir qərarın verildiyinə şahid olmamışıq. Maliyyə amnistiyası - gizli iqtisadiyyatın leqallaşmasının ən optimal üsulu hesab olunur. Ekspertlər hesab edir ki, Azərbaycanda büdcə gəlirlərinin formalaşmasında, ölkəyə xarici sərmayələrin cəlb olunmasında müşahidə olunan çətinlikləri nəzərə alaraq, hökumətdə bu istiqamətdə müzakirələr başlanmalı, ümumi maliyyə amnistiyası elan olunmalı, vergi ödəyicilərinə münasibətdə “təmiz səhifə”dən başlanılmalı, bəyan edilməyən aktivlərin repatriasiyasının stimullaşdırılması üçün xüsusi proqram qəbul edilməlidir. 

Maraqlıdır, maliyyə amnistiyası elan olunarsa, bu, ölkə iqtisadiyyatına nə verə bilər?

İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, gizli iqtisadiyyat ölkənin bel sütununu bükən əsas amildir. Ona görə də maliyyə amnistiyasının elan olunmasına ehtiyac var: 

“Ümumiyyətlə, istənilən ölkədə gizli iqtisadiyyat kimi dövlətin onurğa sütununa zərbə vuran ikinci göstərici yoxdur. Bazar münasibətləri ilə bağlı illər boyu iqtisadi nəzəriyyədə formalaşmış modellər var. Bu modelləri bizdən əvvəl keçmiş iqtisadi cəhətdən inkişaf etmiş ölkələr artıq bütün göstəricilərin demək olar əksi tapılıb. Yəni bundan ötrü “Amerika açmaq” lazım deyil. Birmənalı olaraq, bu qəbildən olan maliyyə amnistiyası verilərsə, gəlir deklorasiyası qəbul olunarsa, bu, nəticəsini ilk növbədə, ölkənin vergi sistemində göstərəcək. Bu baş verdikdən sonra artıq daxili investisiyaların hesabı artacaq. Bütün sahələr üzrə gizli iqtisadiyyatın aradan qaldırılması üçün müəyyən işlər görülüb. Ancaq maliyyə amnitiyasının elan olunandan sonra, bu istiqamətdə daha ciddi addım olacaq. Bu proses nə zamansa, birmənalı şəkildə olmalıdır. Hesab edirəm ki, bu prosesi izləmək və gözləməkdən başqa əlacımız yoxdur”.

Maliyyə amnistiyası elan olunduqdan sonra üzə çıxan kapitalın taleyi necə olacaq. Ekspert hesab edir ki, maliyyə amnistiyası verilən dövrə qədər nə baş veribsə, nə qədər vergi ödənilməyibsə, onların hamısının üzərinə xətt çəkilir, hər şey sıfırdan başlanılır: 

“Bu proses şərait yaradır ki, qeydiyyatda olmayan kapital şəffaf şəkildə qeydiyyata salınsın. Həmin kapitalın isə keçmiş dövrə qarşı heç bir öhdəliyi olmur. Bundan sonra həmin kapitalı şəffaf şəkildə istifadə etmək olur. Məsələn, istənilən investisiya layihələrinə, iş yerlərinin açılmasına sərf oluna bilər. Yəni təyinatı üzrə şəffaf şəkildə istifadə oluna bilər. Maliyyə amnistiyasının mahiyyəti, məqsədi budur”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1420