hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.9320
  • NEFT - 43.13
  • clouds-weather

“Deputatların gəlir deklarasiyasını açıqlaması məmurlara nümunə olardı” - MÜSAHİBƏ

“Deputatların gəlir deklarasiyasını açıqlaması məmurlara nümunə olardı” - MÜSAHİBƏ

Gündəmin mövzusu koronavirusla mübarizə, cəmiyyətin rəğbətlə qarşıladığı korrupsioner məmurların ifşası, hökumətin pandemiyadan sonra iqtisadiyyatın dirçəldilməsi yönündə atdığı addımlardır.

İqtisadiyyatın dirçəldilməsi, sahibkarlığa dəstək istiqamətində atılan addımlar hansı nəticəni verəcək?

Bu və digər sualalrımızı Milli Məclisin deputatı Naqif Həmzəyev cavablandırır.

-Naqif müəllim, ölkəmizdə koronavirusla aparılan mübarizə sizcə effektli oldumu?

-Koronavirus pandemiyasının sərhədləri aşıb keçdiyi ilk gündən Azərbaycan özünün gücü hesabına gözəgörünməz “düşmən”in öhdəsindən gəlməyə qadir olduğunu nümayiş etdirdi. Ölkə Prezidenti İlham Əliyevinn uzaqgörənliyi və vaxtında verilmiş qərarları nəticəsində Respublikada pandemiya ilə mübarizə tədbirləri tam nəzarətə götürüldü. İlk gündən atılan addımlar davamlılığı ilə diqqət çəkdi. Dünyanın bir sıra inkişaf etmiş ölkələri Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və digər beynəlxalq qurumlardan yardım üçün müraciət etdiyi halda, Azərbaycan özünün gücü hesabına gözəgörünməz “düşmən”in öhdəsindən gəlməyə qadir olduğunu nümayiş etdirir. Ölkəmizdə vəziyyət stabilləşib, vətəndaşlarının təhlükəsizliyini və sosial rifahını qorumaq üçün bütün lazımi tədbirlər görülüb. Məhz bunun üçün Azərbaycan koronavirusla uğurlu mübarizədə örnək kimi göstərilir.

-Pandemiyadan sonra iqtisadi çətinliklər labüddür. Azərbaycan hökumətinin iqtisadiyyatın dirçəldilməsi, sahibkarlığa dəstək addımlarını necə qiymətləndirisiniz?

- Pandemiya dövründə dövlətimiz tərəfindən əhalinin sosial müdafiəsi və məşğulluğu ilə bağlı mühüm addımlar atıldı. Dövlət başçısı İlham Əliyevin tapşırıqlarına əsasən ölkədə bütün diqqət vətəndaşların sosial təminatına və məşğulluğuna yönəldildi. Dövlətin hazırladığı dəstək proqramı çərçivəsində koronavirus pandemiyasının vətəndaşlara təsirlərinin minimuma endirilməsi və iqtisadiyyatın dayanıqlığını təmin edilməsi mərhələli şəkildə həyata keçirildi, iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları qarşılamaq üçün zəruri iqtisadi və maliyyə imkanlarına malik olması fonunda sahibkarlığa dəstək tədbirləri gücləndirildi. Hökumət sahibkarlığın, xüsusilə KOB-ların kreditləşdirilməsi şərtlərinin yumşaldılması, kiçik və orta sahibkarların dövlət tenderlərinə daha aktiv cəlb olunması, özünüməşğulluq proqramının genişləndirilməsi ilə bağlı yeni təşəbbüsləri reallaşdırdı. Birmənalı olaraq, ölkə başçısının vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi ilə bağlı verdiyi göstəriş və tapşırıqlar cəmiyyətimiz tərəfindən böyük razılıqla qarşılandı.

-Son zamanlar rüşvətxor və korrupsiyaya bulaşmış məmurlarla bağlı ciddi tədbirlər görülür və bu da cəmiyyət tərəfindən böyük dəstək alır. Prosesin davamlı olacağını düşünürsüzmü?

- Təəssüflər olsun ki, ölkənin inkişafına çox böyük zərbələr vuran korrupsiya və rüşvətxorluq hallarına da rast gəlirik. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlara kölgə salan, mövcud vəziyyətdən şəxsi maraqları naminə istifadə edən, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran məmurlar da tapılır. Diqqətəlayiq haldır ki, göstərilən etimaddan sui-istifadə edən, aztəminatlı ailələrin payına göz dikən vəzifəli şəxslər ölkəmizdə tez bir zamanda ifşa edilir, layiqli cəzalarını alırlar. Ölkəmizdə kimliyindən, statusundan, tutduğu vəzifəsindən asılı olmayaraq hər kəsin qanun qarşısında bərabərdir.

-Milli Məclisdə təklif etdiniz ki, məmurlar gəlir deklarasiyası verməlidir və bunun korrupsiya ilə bağlı problemin həll edəcəyini bildirdiniz. Məlumdur ki, bu qanun uzun zamandır var, amma işləmir. Yalnız seçki dönəmində namizəd olan şəxslərdən gəlir deklorasiyası tələb olunur. Digər, icra başçıları, nazirlər və sair məmurlar isə gəlir deklarasiyası vermir. Sizcə bu qanun onlara niyə şamil edilmir? Əgər şamil edilərsə, bunun hansı müsbət və ya mənfi tərəfləri olar?

-Ölkə Prezidentinin 2020-ci il fevral ayında imzaladığı sərəncamla təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda vəzifəli şəxslərin maliyyə xarakterli gəlirləri barədə məlumatların təqdim edilməsi nəzərdə tutulub. Bu işdə millət vəkilləri örnək olmalı, öz gəlirləri barədə deklarasiya təqdim etməlidirlər. Millət vəkillərinin deklarasiyaları ictimaiyyətə açıqlanması digər məmurlara nümunə olardı. Deklarasiyalar nəzarət mexanizmi tərəfindən işlənib ictimaiyyətə təqdim edilərsə bu şəffaflığı təmin etməyə, korrupsiyanın qarşısını almağa müsbət təsir edər.

-Hakimiyyətin təşəbbüsü ilə başladılan iqtidar-müxalifət dialoquna radikal müxaliflər qarşı çıxdı. Baxmayaraq ki, əvvəl məhz həmin radikal qüvvələr dialoqa getmədiyi üçün hakimiyyəti təndiq edirdi. Necə düşünürsüz, sizdə radikal müxalifət nə istəyir?

- Demokratiya pərdəsi altında çirkin niyyətlərini həyata keçirmək üçün var qüvvələri ilə səfərbər olan dağıdıçı müxalifətin arzusu ölkəmiz haqqında beynəlxalq aləmdə mənfi rəy yaratmaq, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara kölgə salmaq, sabitlik adasına çevrilən ölkəmizin dincliyini pozmaqdır. İqtidar-müxalifət dialoquna getməmək üçün müxalifətin bəzi “cəfakeşləri” siyasi oyunbazlıqlar edir, məkrli məqsədlərinə nail olmaq üçün cilddən cildə girirlər. Çətin sınaqlardan çıxan müdrik, uzaqgörən xalqımız artıq kimin kim olduğunu yaxşı bilir, dünənə kimi xarici qüvvələrin, anti-Azərbaycan dairələrin maliyyəşdirdiyi müxalifətin yalan vədlərlə dolu pafoslu sözlərinə, çirkin kampaniyalarına inanmır. Müxalifət dairələrinin işi həmişə olduğu kimi müxtəlif yalan, şər, böhtan dolu iddialar səsləndirməkdir.

Vilayət Muxtar

Cebhe.info


Oxunma sayı: 13201