hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

“Dövlət qurumlarında inzibatçılıq və şəffaflıq təmin edilsə...” – Hüquqşünas

“Dövlət qurumlarında inzibatçılıq və şəffaflıq təmin edilsə...” – Hüquqşünas

“Ötən il Vəkillər Kollegiyası məhkəmə-hüquq sahəsinin problemli məsələlərdən birini nəinki həll etdi, həmçinin bu həll əsnasında idarəçilik, maliyyə intizamı, şəffaflıq və qənaətçilik nümunəsi göstərdi.

Söhbət dövlət hesabına göstərilən hüquqi yardıma görə haqların vəkillərə ödənilməsindən gedir. İllər boyu bu proses belə idi: sözügedən vəsait yerli icra hakimiyyəti orqanlarına köçürülürdü və vəkillər göstərilən hüquqi yardımın haqqını onlardan almalı olurdu. Həmin orqanların yaratdıqları bürokratik əngəllər səbəbindən reallıqda vəsait vəkillərə aylar, illər sonra ödənilirdi. Buna görə də vəkillərin xeyli hissəsi o vəsaitin ardınca heç getmirdi də.

Məsələn, mən özüm heç vaxt o vəsaiti heç tələb də etmirdim, vaxtıma heyfim gəlirdi. Bu da təbii nəticədə dövlətin ayırdığı bu vəsaitin başına daş salınmasına gədirdi”.

Cebhe.info xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov deyib.

O billdirib ki, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Prezidentin 3 aprel 2019-cu il tarixli 604 nömrəli Fərman ilə dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Vəkillər Kollegiyasına ayrılması nəzərdə tutuldu:

“Ötən il 5,5 milyon manatdan çox olan bu vəsait Vəkillər Kollegiyasına köçürüldü. Qısa müddət ərzində Kollegiya səmərəli və şəffaf mexanizm qurdu. Nəinki vətəndaşlarımızın dövlət hesabına hüquqları vaxtında və keyfiyyətli müdafiə olundu, həmçinin vəkillərin haqqı (hətta ötən dövrlər üzrə!) qısa müddət ərzində və şəffaf şəkildə ödənildi. Üstəlik nəticədə 3 milyon manata yaxın vəsait də xərclənmədi və dövlət büdcəsinə qaytarıldı! Yəni ayırılmış vəsaitin yarıdan çoxu! Bunlar nəyin nəticəsində oldu? Düzgün idarəçilik, savadlı kadrlar, habelə saf və dürüst iradə!

İndi təsəvvür edin ki, dövlət qurumlarımızda bu cür inzibatçılıq və şəffaflıq təmin edilsə, dövlət idarəçiliyində necə inkişaf olar və nə qədər vəsaitə qənaət edilər”.

Ə.Həsənov onu da əlavə edib ki, Vəkillər Kollegiyasının rəhbərliyi hələ də icarəyə götürülmüş binada fəaliyyət göstərir:

“Yəni yerləşdiyi yer belə onun üçün xərcdir. Bəziləri isə bir neçə binası ola-ola, özü üçün fantastik qiymətə başa gələn bina tikir”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1673