hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

“Dünya yeni siyasi sistemin gücünü görür” - Ekspert

“Dünya yeni siyasi sistemin gücünü görür” - Ekspert

“Dünya yeni siyasi sistemin gücünü görür”.

Bu fikirləri Cebhe.info-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov deyib. O qeyd edib ki, Azərbaycan, Türkiyə və Pakistan arasındakı siyasi müttəfiqlik getdikcə daha da dərinləşir:

“Bu baxımdan, 2021-ci il prioritet təşkil edəcək və növbəti illər üçün daha yüksək səviyyəyə çatacaq. Nəzərə alaq ki, Pakistan da uzun illərdir Kəşmir problemi ilə bağlı beynəlxalq birlikdən ədalətli mövqe görmür. Qarabağ müharibəsində Pakistanın Azərbaycana mənəvi və siyasi dəstəyi həm də iki ölkənin qardaşlıq münasibətlərinin növbəti əyani təzahürü idi. Dünənki görüşdə Azərbaycan Respublikası, Pakistan İslam Respublikası və Türkiyə Respublikası xarici işlər nazirlərinin İkinci Üçtərəfli Görüşünün İslamabad bəyannaməsi qəbul edildi. Qəbul edilən bəyannamə gələcək üçün önəmli olan mühüm strateji qərarların qəbulu ilə yadda qaldı. Siyasi, strateji, ticarət, iqtisadi, sülh və təhlükəsizlik, elm və texnologiya, mədəniyyət sahələri də daxil olmaqla qarşılıqlı maraq doğuran bütün sahələrdə 30 noyabr 2017-ci il tarixində Bakıda keçirilmiş ilk üçtərəfli görüşün nəticəsində qurulmuş əməkdaşlığın bundan sonra da dərinləşdirilməsi qərara alındı ki, bu bənd postpandemiya siyasi müttəfiqlik anlayışı üçün də mühüm qərardır. Hər 3 ölkə dövlətlərinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını mühafizə etmək və qorumaq naminə güclü və birmənalı dəstəklərini təkrar etdilər. Bu qərar həm Qarabağın infrastruktur bərpası, həm Kəşmir probleminin ədalətli həlli, həm də Türkiyənin daxili və xarici terror təhdidlərinə qarşı birgə siyasi müqaviməti özündə əks etdirir”.

Ekspert bildirib ki, 2020-ci ilin noyabr ayında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Niameydə Cammu və Kəşmir münaqişəsi üzrə qəbul edilmiş 10/47-Pol saylı ən son qətnaməsini və İƏT Təmas Qrupunun Cammu və Kəşmir üzrə kommünikelərini təsdiqlədilər:

“5 avqust 2019-cu ildə Kəşmirdəki demoqrafik quruluşu dəyişməyə yönəlmiş insan hüquqlarının kobud şəkildə pozulması ilə bağlı birtərəfli fəaliyyətindən dərin narahatlıqlarını ifadə etdilər, Cammu və Kəşmir münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində, sülh yolu ilə həll edilməsi ilə bağlı prinsipial mövqelərini Azərbaycan və Türkiyə bir daha bəyan etdi”.

Ekspert bildirib ki, görüş yalnız siyasi qərarların qəbulu ilə yekunlaşmayıb:

“Üçtərəfli ticarət və investisiyaların genişləndirilməsi üçün əməkdaşlığı gücləndirməyə və dərinləşdirməyə qərar verdilər və üç ölkənin müvafiq nazirliklərini rüsumların azaldılması, tarif və qeyri-tarif maneələri, nəqliyyat xərcləri, bank sektorları arasında daha yaxşı əlaqələndirmə və qarşılıqlı investisiyaların qorunması ilə bağlı konkret tövsiyələri əks etdirən Fəaliyyət Planı üzərində razılıq əldə olundu. Nəqliyyat, ticarət, enerji, insanlar arasındakı əlaqələr, təhsil, sosial və mədəni mübadilə, turizm və İKT sahələrində, o cümlədən müxtəlif regional forumlarda hava, dəmir yolu və avtomobil əlaqələri və regional bağlılıq təşəbbüslərinin təkmilləşdirilməsi və gücləndirilməsi yolu ilə regional bağlılıq üzrə əməkdaşlığı inkişaf etdirməyə qərar verildi ki, siyasi təsir vasitələri baxımından çox mühüm razılaşmadır. Düşünürəm ki, 2022-ci ildə qarşılıqlı razılaşdırılmış tarixlərdə Üçtərəfli Görüşlərin üçüncü iclasının Türkiyədə keçirilməsinə razılıq verilməsi GUAM formatından daha möhkəm, mühüm bir ittifaq platformasının qüvvətlənməsi deməkdir”.

Ekspert vurğulayıb ki, dünya siyasi sistemi yeni müttəfqiliklərlə zənginləşəcək.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 2036

Bizim Telegram səhifəmizi izləyin