hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9389
  • NEFT - 43.47
  • clouds-weather

“Ərəb baharı”nın çılpaq həqiqətləri: Növbə Misirə çatır?

“Ərəb baharı”nın çılpaq həqiqətləri: Növbə Misirə çatır?

Son aylarda Liviyada baş verən Həftər və Sərrac qarşıdurması dünya mediasının gündəm mövzularından olub.

Artıq Türkiyənin də dəstəyilə Həftərin ağır zərbələr alaraq tutduğu mövqelərdən çəkilməyə məcbur olması və sonunun yaxınlaşdığından xəbər verir.

Hətta mediada Həftəri dəstəkləyən dövlətlərin bəzilərinin onu əvəzləməyə hazırlaşdığı xəbəri də yer alır. Həftərin ard-arda məğlubiyyətləri onu dəstəkləyənləri heç də məmnun etmir. Onu dəstəkləyənlərin hər birinin Liviya məsələsində maraqları müxtəlifdir. Artıq BMT də Tərhunədə tapılan və Həftər qüvvələrinin əməli olduğu iddia edilən kütləvi məzarlıqları araşdırmaq işinə qoşulub. Həftəri dəstəkləyənlərdən biri də Misirdəki Sisi rejimidir.

Maraqlıdır, Sisi rejiminin Liviyadakı marağı nədir? Həftərin məğlubiyyətindən qorxuya düşən Sisi, bu yıxımın domina effekti yaradacağından və ona da növbə çatacağındanmı qorxur?

“Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu Cebhe.info-ya açıqlamasında deyib ki, indiki vəziyyətdə buna o qədər ehtimal vermirəm, amma hazırda bu proseslərin Misirdə də toxumu əkilib gələcəkdə inkişaf edə bilər:

“Misirdəki Sisi rejimi ilə üsyançı Xəlifə Həftərin vəziyyəti bir qədər fərqlidir. Xüsusən də Liviyada gərginliklər yanvar ayından yeni mərhələyə qədəm qoydu. Hətta mətbuatda Həftərin Liviyanın təqribən 80 faizini tutması ilə bağlı məlumat yayıldı. Bu göstərici qeyri-müəyyən bir rəqəmdir. Çünki Liviyanın coğarafi mövqeyi elədir ki, burada konkret nöqtələr var. Onlara nəzarət etmək, dolayısı ilə böyük bir əraziyə rəhbərlik etmək deməkdir. Doğurdan da biz bu dəyişkənliyi gördük. Yəni həmin məntəqələri itirmək Həftərin böyük əraziləri itirməsinə səbəb oldu. Sisi iqtidarı da bu müddət ərzində Həftərə öz ciddi dəstəyini göstərirdi. Bu dəstək həm lojistik, həm siyasi-diplomatik, həm də müəyyən mənada hərbi dəstək idi. Faiz Sərrac hökumətinin Həftəri bir çox ərazilərdən çıxarmasından sonra, Sisi iqtidarının danışıqlarla bağlı təkliflərlə çıxış etdiyini gördük.

Sonra isə yenidən Sisi hökumətinin hərbi ritorikaya getdiyini müşahidə etdik. Yəni münasibət yenidən dəyişdi. Doğrudur, Sisi hökuməti son açıqlamasında Liviyaya müdaxilə etməyəcəyini də bildirdi. Lakin bu, o demık deyil ki, Misirin Həfətərə dəstəyi olmayacaq. Çünki Liviya Misir üçün son dərəcə əhəmiyyətli və vacib bir nöqtədir. Domino effektinə gəldikdə, bunu indi demək çox çətindir. Çünki Sisi hökumətinin mövqelərinin güclü olmasını müşahidə edirik. Müsəlman Qardaşlar Təşkilatının (red- İxvanul Müslimin) hakimiyyətə gəlməsi və sonra da devrilməsində Qərbin rolu və dəstəyi oldu. Mən burada Ərəb ölkələri faktorunu da vurğulamaq istərdim. İxvanulçuların ən güclü müxalifətini Sələfilər təşkil edirdi. Baxmayaraq ki, ixvanulçularla Sələfilər bir ağacın iki budağı kimidir. Amma eyni yolda yürümələrinə baxmayaraq, qarşı-qarşıya gəldilər. Bu da onu göstərir ki, domino effekti baxımından Misirdəki mövcud rejimi, Liviyadakı üsyançı Həftərlə eyniləşdirmək olmaz. Amma bir məqam da var ki, Qərb mediası Həftəri ikinci Sisi olaraq təqdim edirdi. Yəni onlar Sərrac hökumətini ixvanulçularla, Həftər isə Sisi ilə eyniləşdirirdilər. Bu eyniləşdirmənin özünü doğrultmaması nəticə etibarı ilə Liviyadakı prosesin Misirdə də baş verməsinə gətirib çıxara bilərmi? İndiki vəziyyətdə buna o qədər ehtimal vermirəm. Amma indi bu proseslərin Misirdə də toxumu əkilib gələcəkdə inkişaf edə bilər. Bu gün Liviyada, Suriyada, İraqda və bütün Yaxın Şərqdə baş verən analoji proseslər “Ərəb baharı”nın nəticələridir ki, hələ də davam etməkdədir. Bu proseslər bir müddət də davam edəcək”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 34904