hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

“Ermənistan Rusiya üçün hazırda qulpsuz çemodandır” - DEPUTAT

“Ermənistan Rusiya üçün hazırda qulpsuz çemodandır” - DEPUTAT

“Rusiya Prezidenti Vladimir Putin çox yaxşı bilir ki, Prezident İlham Əliyev bütün hallarda milli maraqlardan çıxış etməklə yanaşı, bunu böyük dövlətlərin də maraqlarına uyğunlaşdırmağa çalışır. Azərbaycan Prezidenti bunu çox ustalıqla edir”.

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfərinə münasibət bildirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev bildirib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev üzərinə götürdüyü öhdəliklərə əməl edir və müxtəlif təzyiqlərə baxmayaraq, Azərbaycanın maraqlarına cavab verməyən heç bir razılaşmaya getmir:

“Prezident İlham Əliyevin son Moskva səfərində bir neçə diqqətçəkən məqam olub. Onlardan birincisi prezidentlər arasında güvənli, dostca, səmimi münasibətlərin hiss edilməsi idi. Həm İlham Əliyev, həm də Vladimir Putin sözün əsl mənasında liderdirlər. Paşinyandan, Makrondan və digərlərindən fərqli olaraq, sosial legitimlikləri ilə də diqqət çəkirlər. Əhalinin çox böyük hissəsi onlara lider kimi yanaşır və hər ikisinin öz dövlətlərinin maraqları baxımından atdıqları addımın qarşılıqlı faydaya dayandığını, burada diktə edən və diktə olunan tərəfin olmadığını çox yaxşı dərk edirlər. Bu, hər iki dövlət başçısının açıqlamalarından da hiss olunurdu. Rusiya Azərbaycanla çox müxtəlif sahələrdə - innovasiya və texnologiyaların tətbiqi, birgə istehsal (vaksin, ağır sənayeyə aid bir çox başqa sahələr) üzrə əməkdaşlıq edir. Putinin açıqlamalarına diqqət yetirsək görərik ki, Rusiya Azərbaycanın potensialını çox gözəl dərk edir və Rusiya Azərbaycanla əməkdaşlıqdan ancaq fayda gördüyünün, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin hər zaman sözü və əməlinin üst-üstə düşməsinin də fərqindədir. Prezident İlham Əliyev digər dövlətlərə yanaşmada olduğu kimi, Rusiyaya yanaşmada da nəyi deyibsə, o, yerinə yetirilib. Eyni zamanda, Azərbaycan və Rusiya dövlət başçılarının görüşündə hiss olunurdu ki, hər iki tərəf ancaq müsbət gündəliklə çıxış edirlər”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü qeyd edib ki, Qarabağda Rusiya hərbi kontingentinin fəaliyyəti, sərhəddəki vəziyyət, Qarabağın özündə baş verənlərlə bağlı bəzi həssas məsələlər var:

“Bunlar heç şübhəsiz ki, görüşdə qaldırılıb, amma bununla bağlı açıqlamada heç nə yoxdursa, deməli, tərəflər bu problemlərin aradan qaldırılması əzmindədirlər. Verilən açıqlamalardan da bu hiss olunur”.

S. Alıyev bildirib ki, Azərbaycan təkcə özünün deyil, regionun da maraqlarından çıxış etməyə çalışır:

“Təbii ki, bu, sonda yenə də bizim dövlət maraqlarımıza cavab verir. Məsələnin başqa bir tərəfi də var. Ümumi mediaya açıqlamalardan belə anladım ki, Azərbaycan və Rusiya prezidentləri ayrı-ayrı güclərin və çevrələrin regionda yaranmış hazırkı vəziyyətdən narazı olduqlarını, Ermənistanda revanşizm tərəfdarlarını həvəsləndirməklə yenidən qarşıdurma yaratmaq istədiklərini yaxşı başa düşürlər. Burada söhbət tək Makron Fransasından və orbitində fırlanan bəzi dövlətlərdən getmir. Həm də Rusiyanın özündə bəzi çevrələr var ki, açıq-aydın hiss olunur ki, Azərbaycanın yaratdığı reallıq ən çeşidli səbəblərdən onların da maraqlarında deyil. Qətiyyən şübhə etmirəm ki, bu məsələ də Rusiyanın diqqətinə çatdırılıb”.

S. Alıyev vurğulayıb ki, Ermənistan Rusiya üçün hazırda qulpsuz çemodandır:

“Rusiya çox böyük məmnuniyyətlə, o qulpsuz çemodandan xilas olmaq istəyər. Sadəcə, bu yeri Qərbdəki başqa güclərin dolduracağı ehtimalı olduğu üçün ona getmir”.

Deputat onu da vurğulayıb ki, Rusiya Prezidenti özünün, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulmuş bütün kommunikasiyaların, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat dəhlizinin - Zəngəzur dəhlizinin açılması təklifini qəbul edir, əks təqdirdə digər kommunikasiyaların da açılmasının müşkülə çevrilməsinin fərqindədir./APA

Cebhe.info


Oxunma sayı: 3466