hava haqqindaBakı
Bu gün +9 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0223
  • EURO - 1.9506
  • NEFT - 79.24
  • clouds-weather

“Ermənistanın danışıqlar masasında uduzduğu da faktdır” – Rəfail Becanov

“Ermənistanın danışıqlar masasında uduzduğu da faktdır” – Rəfail Becanov

"Soçi görüşünün nəticələri Ermənistanın döyüş meydanında olduğu kimi danışıqlar masasında da uduzduğunu deməyə əsas verir. Brüssel görüşündə də Paşinyanın və Ermənistanın eyni aqibəti yaşayacağı bəribaşdan aydındır. Azərbaycanın konkret tələbləri var və o tələblərə Ermənistan 10 noyabr Bəyanatını qəbul etməklə imza atıb. İndi isə kapitulyasiyanın bütün şərtlərini yerinə yetirməyə borcludur".

Bu fikirləri "Cümhuriyət" qəzetinin və Cebhe.info xəbər Portalının rəhbəri Rəfail Becanov Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin Soçi görüşünü şərh edərkən bildirib.

O bildirib ki, Paşinyan vəziyyətdən çıxmaq üçün müxtəlif yanaşmalar sərgiləməyə çalışır:

"Görüşlərdə və ya imzaladığı sənədlərdə bir mövqe, ölkəsinə qayıdan kimi isə daxili sabitliyi və hakimiyyətinin ömrünü uzatmaq üçün başqa bir mövqedən çıxış edir. Amma onu hesablamır ki, hər səbrin bir həddi var. Lakin nə qədər çalışsa da, məğlubiyyətin acı nəticəsi və reallığından qurtula bilmir. Rusiya Prezidentinin təşəbbüsü ilə keçirilən üçtərəfli görüşün sonucu olaraq qəbul edilən bəyanat göstərdi ki, artıq Ermənistanın reallığa qayıtmaq və qarşısında qoyulan tələbləri yerinə yetirməkdən başqa çıxış yolu yoxdur. Çünki Rusiyanın 10 noyabr Bəyanatına görə öz öhdəliyi var. Rusiya tərəfi bu öhdəliyə hansısa formada don geyindirib, MDB ölkələrində sülh və əmin-amanlıq istəklərindən danışsalar da, fakt faktlığındadır. 10 noyabr Bəyanatına Ermənistanın təkidli xahiş və yalvarışları, Rusiyanın öhdəliyinə görə Azərbaycan razılıq verib. Ermənistanın həmin bəyanatın şərtlərinə əməl etməsi üçün Rusiya da məsuliyyət daşıyır.

Sərhədlərin delimitasiya və demarkasiya prosesi mexanizminin ilin sonuna qədər hazırlanması, ikitərəfli komissiyanın yaradılması ilə bağlı razılıq, nəqliyyat dəhlizlərinin açılmasının bəyanatda konkretliklə əks olunması bu görüşün mühüm nəticələrindən biridir. Üçtərəfli Bəyanatda “Azərbaycan-Ermənistan sərhədində stabilliyin və təhlükəsizliyin səviyyəsinin artırılmasına dair addımlar atmaq və işi Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədlərinin delimitasiyasına dair ikitərəfli Komissiyanın yaradılmasına, daha sonra sərhədlərin Rusiya Federasiyasının tərəflərin sorğusu əsasında göstərəcəyi konsultativ dəstəklə demarkasiyasına aparmağı qərarlaşdırdıq” fikri artıq prosesin geridönməz xarakter aldığının göstəricisidir. Rusiyanın bu məsələdə xəritələr və digər texniki formada iştirakçı olacağı gözlənilir.

Eyni zamanda birmənalı şəkildə quru və dəmir yolu nəqliyyat dəhlizlərinin açılması ilə bağlı mövqe göstərir ki, Ermənistan geriyə addım ata bilməyəcək. Zəngəzur dəhlizi açılmalıdır.

Təbii ki, Paşinyan hökuməti prosesi yenə də uzatmaqda maraqlı olacaq. Lakin Azərbaycanın dəyişilməz və prinsipial möveyi nəticəsində Rusiyanın da bəyanata əməl etməsinin vacibliyini Ermənistandan tələb etməsi Paşinyana çıxış yolu qoymur".

Cebhe.info


Oxunma sayı: 3048