hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

“Əsrin layihə”si böyüyür: Beynəlxalq statusu daha da möhkəmlənir

“Əsrin layihə”si böyüyür: Beynəlxalq statusu daha da möhkəmlənir

Özbəkistan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə qoşula bilər. 

Ölkənin xarici işlər naziri Əbdüləziz Kamilov gürcüstanlı həmkarı David Zalkaliani ilə görüşündə bildirib ki, Özbəkistan dünya bazarlarına çıxmaq üçün Bakı-Tbilisi-Qars dəmiryolundan istifadə etməkdə maraqlıdır:

“Özbəkistan dünya bazarlarına çıxmaq üçün nəqliyyat-rabitə və tranzit infrastrukturundan, Bakı-Tbilisi-Qars dəmiryolu xəttindən istifadə etməkdə, Gürcüstanla əməkdaşlıqda maraqlıdır. Poti, Batumi və Anakliada liman infrastrukturu ilə də maraqlanırıq. Özbəkistanın dünya bazarlarına çıxmaq imkanları ilə maraqlanırıq və bu baxımdan coğrafiyanız unikaldır“.

Göründüyü kimi, Azərbaycanın müəlliflik etdiyi Bakı-Tbilisi-Qars layihəsi təkcə burada iştirakçı olan üç dövlət üçün deyil, digər ölkələr üçün də maraq doğurur. Layihəyə digər dövlətlərin qoşulması iqtisadiyatdakı rolunu artırmaqla yanaşı, onu beynəlxalq əhəmiyyətli bir layihəyə çevirir. 

İqtisadçı Razi Abbasbəyli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Bakı-Tbilisi-Qars magistral dəmir yolu xətti Azərbaycan, Gürcüstan və Türkiyə üçün həm strateji, həm siyasi, həm də iqtisadi əhəmiyyət kəsb edir:

“Bu üç region ölkəsinin dünyaya iqtisadi baxımdan açılması deməkdir. Məlumdur ki, Türkiyə iqtisadiyyatında son illərdə çox ciddi irəliləyiş müşahidə olunmaqdadır. Azərbaycan və Gürcüstan Türkiyə ilə iqtisadi əməkdaşlığı inkişaf etdirməkdə kifayət qədər maraqlıdır. Bu layihə Türkiyədən çox Azərbaycanla Gürcüstanın maraq göstərdiyi layihədir. Çünki bizim iqtisadiyyatımızın böyüməsi Türkiyə ilə əlaqələrin daha da möhkəmləndirilməsindən asılıdır”.

İqtisadçı deyir ki, layihə, həm Xəzəryanı dövlətlərin, həm də Türkiyənin qonşusu olan Avropa ölkələrinin marağını cəlb etməyə başlayıb:

“Bu konteksdə Özbəkistanın bu layihəyə qoşulmaq istəməsi təbiidir. Son bir neçə ay ərzində Türkiyə ilə Özbəkistan arasında 20-yə qədər iqtisadi müqavilə bağlanıb, həm pambıqçılıq, həm də maşınqayırma sənayesi ilə bağlı hökumətlər arasında bir sıra danışıqlar aparılıb. Özbəkistan Türkiyə ilə yaxınlaşmanı daha da möhkəmləndirmək, eyni zamanda Azərbaycan iqtisadiyyatından faydalanmaq və Gürcüstanla münasibətlərin qurulması istəyir. Özbəkistanın layihəyə qoşulması həm beynəlxalq yüklərin daşınması, həm də sərnişindaşıma imkanlarının genişləndirilməsi baxımından əlverişlidir. Doğrudur, bu, Özbəkistanın dövlət maraqlarından irəli gəlir, amma Azərbaycan və layihənin digər iştirakçıları olan Gürcüstan və Türkiyə üçün də böyük imkanlar deməkdir. Özbəkistan iqtisadiyyatı inkişafda etməkdə olan, sabit və eyni zamanda qardaş türk dövlətidir. Bu Bakı-Tiflis-Qars-a üçüncü türk dövlətinin qoşulması deməkdir və illərdir ki, müzakirə olunan türk dövlətlərinin böyük iqtisadi birliyinin yaranması istiqamətdə ilk addım ola bilər. Ümid edirəm ki, Orta Asiyanın digər türk dövlətləri də bu layihəyə qoşulmaqda maraqlı olacaq. Orta Asiyaya son dövrlərdə ən çox investitsiya qoyan ölkələrin də birincisi elə Türkiyədir. Qazaxıstan, Özbəkistan, Türkmənistan, hətta Qırğızıstan belə, Türkiyə iqtisadiyyatından böyük investisiyalar əldə edir. Bu dövlətlərin də Bakı-Tbilisi-Qarsa qoşulması ilə layihə beynəlxalq statusunu daha da möhkəmləndirmiş olacaq”.

Bu ilin sonuna qədər layihədə sərnişindaşınmaya başlanacağını deyən Razi Abbasbəyli bildirir ki, beynəlxalq dərəcədə əhəmiyyətlilik baxımından yük daşımalarından fərqli olaraq, sərnişindaşıma o qədər də cəlbedici deyil: 

“Özbəkistan və ya Orta Asiya ölkələri üçün bu o qədər də əlverişli görünmür. Çünki sərnişinlərin hərəkət trayektoriyası baxımından çox da böyük əhatə dairəsi yoxdur. Həm iqtisadi, həm milli, həm də mədəni bağları nəzərə alsaq, sərnişindaşıma baxımından bu üç ölkə -Azərbaycan, Gürcüstan və Türkiyə üçün daha maraqlıdır. Burada diqqəti cəlb edən əsasən beynəlxalq yük daşımalarıdır. Yük daşımalarında qoşulmaq istəyən dövlətlərin müəyyən niyyət protokalları olacaq. Bu, ilkin olaraq layihənin icrasına başlanan zaman da bildirilmişdi. Protokola görə sonradan qoşulanlar üçün qiymətlər fərqli olacaq. Qeyd edim ki, zamanında bir sıra böyük neft şirkətləri də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşaasında iştirak etmədiyinə görə indi Bakı neftini Gürcüstana dəmiryol xətti ilə daşıyırlar. Amma güman edirəm ki, Bakı-Tbilisi-Qarsda sonradan qoşulanlar üçün də əlverişli şərtlər olacaq”. 

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 1200