hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0270
  • EURO - 1.9066
  • NEFT - 64.41
  • clouds-weather

“Etibar Məmmədov özü ilə bağlı fərmanın imzalanmasına razı olmadı” - Elçibəyin köməkçisi AMİP liderinə cavab verdi

“Etibar Məmmədov özü ilə bağlı fərmanın imzalanmasına razı olmadı” - Elçibəyin köməkçisi AMİP liderinə cavab verdi

1993-cü ilin 4 iyununda baş vermiş dövlət çevrilişi ilə əlaqədar müzakirələr davam edir. 

Maraqlıdır ki, Gəncə qiyamının əsas ideoloqları, rəhbərləri və dəstəkçiləri bu gün özlərini təmizə çıxarmağa çalışır, icitmaiyyəti çaşdıran fikirlər səsləndirirlər. Hərbi qiyamın rəhbəri Surət Hüseynov Elçibəyi iqtidarının təmsilçilərinə qarşı ittihamlarını davam etdirir.  O zaman hadisələrin mərkəzində olan başqa bir fiqur Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov da 4 iyun hadisələri ilə bağlı maraqlı açıqlamalar verib. AMİP lideri deyib ki, Əbülfəz Elçibəy ona vəzifə (Baş nazir) təklif edib. Lakin sonra Elçibəy Kələkiyə getdiyi üçün bu ideya baş tutmayıb. “Elçibəy mənə  Baş nazir olmağı təklif etdi və mən də bu təklifi qəbul etdim. Amma  Elçibəy iyunun 17-də səhər mənimlə razılaşandan sonra gecə Kələkiyə getdi və ona görə də məsələlər dəyişdi”,-deyə E.Məmmədov vurğulayıb.

“Etibar Məmmədov faktiki olaraq hazır olan fərmanın imzalanmasına razı olmayıb”

Maraqlıdır ki, həmin dövrdə Etibar Məmmədovdan başqa keçmiş Daxili İşlər naziri İsgəndər Həmidova və digər şəxslərə də vəzifə təklifləri edildiyi haqqında müxtəlif iddialar səslənir. Səslənən iddiaları dəqiqləşdirmək üçün Əbülfəz Elçibəyin prezidentliyi dövründə onun köməkçisi olmuş Oqtay Qasımovla söhbətləşdik. 

Oqtay Qasımov Cebhe.info-ya açıqlamasında Etibar Məmmədovun dediklərində yanlışlıq olduğunu deyib. Onun sözlərinə görə, Elçibəyin Kələkiyə getməsinin səbəblərindən biri də Etibar Məmmədovun son anda prezidentin təklifini qəbul etməməsi olub:

“Etibar Məmmədovun dediklərində yanlışlıq var. Bəli, Əbülfəz Elçibəy Kələkiyə getmədən öncə Etibar Məmmədova Baş nazir vəzifəsini təklif edib. Amma həmin təklifin baş tutmamasının səbəbi Əbülfəz Elçibəyin Kələkiyə getməsi deyil. Etibar Məmmədov hələ vəziyyətin aydınlaşmağını bildirdiyi, müəyyən şərtlər irəli sürdüyü üçün məsələ açıq qalıb. Etibar Məmmədov faktiki olaraq hazır olan fərmanın imzalanmasına razı olmayıb. Ona görə də Əbülfəz Elçibəy həmin fərmanı imzalamayıb. Yoxsa “Əbülfəz Elçibəy Kələkiyə getdi deyə təyinat baş tutmadı” fikri doğru deyil. Elçibəy siyasi müxalifətlə danışıqlar nəticə vermədiyi, Etibar Məmmədov təklif olunan Baş nazir vəzifəsini qəbul etmədiyi üçün Kələkiyə getdi. Yəni, Əbülfəz Elçibəyin Kələkiyə getmə səbəblərindən biri də elə budur. Çünki siyasi müxalifət və Etibar Məmmədov faktiki olaraq qanuni hakimiyyətin yanında durmadı, təklifləri dəyərləndirmədi, qəbul etmədi. Əgər Etibar Məmmədov təklifi qəbul etsəydi və prezidentlə birlikdə qiyamçılara qarşı dayansaydı, Əbülfəz Elçibəy niyə paytaxtı tərk etməli idi? Bu baxımdan, Etibar Məmmədovun fikirləri doğru deyil. Konkret olaraq Prezident Etibar Məmmədova Baş nazir vəzifəsini təklif edib, bununla bağlı fərman hazır olub və imzalanma məqamında Etibar Məmmədov hələ tam qərar vermədiyini və siyasi vəziyyətin aydınlaşmadığını deyərək təklifi qəbul etməyib. Ondan sonrakı proseslərin isə hansı istiqamətdə cərəyan etdiyi isə artıq bəllidir”.

“İsgəndər Həmidova vəzifə təklifi olub, amma...” 

İstefadan sonra sabiq Daxili İşlər naziri İsgəndər Həmidovun  yenidən vəzifəyə təyin edilməsi ilə bağlı təklifə gəlincə isə Oqtay Qasımov bununla bağlı yayılan iddiaların doğru olduğunu deyib:

“O zaman qiyam dövründə bir xeyli fikirlər var idi. Təkliflər səslənirdi ki, İsgəndər Həmidov yenidən Daxili İşlər naziri təyin olunsun. Hesab edilirdi ki, qiyama qarşı ən effektiv mübarizəni o apara bilər. O zaman İsgəndər Həmidov Daxili İşlər naziri kimi müəyyən populyarlığa malik idi. Əbülfəz Elçibəy də prinsipcə bu təkliflə razılaşıb, amma son anda bu məsələ də alınmayıb. Səbəbləri haqqında isə İsgəndər Həmidovun özündən soruşmaq daha doğru olar”.

“Müxalifətlə danışıqların  aktiv iştirakçıları Pənah Hüseyn və Arif Hacılı olub”

Oqtay Qasımov bildirib ki, qiyam dövründə Etibar Məmmədov və İsgəndər Həmidovla yanaşı digər şəxslərə siyasi hakimiyyətdə təmsil olunmaq təklif edilib:

“Qiyam başlayandan sonra ümumi olaraq hakimiyyətin niyyəti ondan ibarət olub ki, siyasi müxalifətin hərbi müxalifətə dəstək verməsinin qarşısının alınması üçün onlara hakimiyyətdə təmsilçiliklə bağlı təkliflər verilsin. Bununla bağlı həm Yeni Azərbaycan Partiyasının (YAP) sədri kimi Heydər Əliyevlə, həm də Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri kimi Etibar Məmmədovla danışıqlar aparılıb. Bu danışıqların daha aktiv iştirakçıları isə Pənah Hüseyn və Arif Hacılı olub”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 7987