hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

“Güney Azərbaycan artıq özünü İrandan qopmuş sayır” - Əlirza Abdullahi

“Güney Azərbaycan artıq özünü İrandan qopmuş sayır” - Əlirza Abdullahi

İranda hakim molla rejiminin iqtisadi siyasətinə qarşı etiraz aksiyaları başlayıb.  

Güney Azərbaycan da ayaqlanıb. Azərbaycan türkləri həm də milli haqqlarını tələb edir. Proses hansı iqtiqamətdə gedəcək? Güney Azərbaycsan türkləri mlli haqqlarını ala biləcəkmi? Bu və digər suallarımızı Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) başqanının müavini doktor Əlirza Abdullahi cavablandırır.

-Əlirza bəy, İran hakimiyyəti Şərqi Azərbaycanın bir sıra orta məktəblərində tədrisin türk dilində aparılmasına qərar vermişdi. Bu layihənin icrası nə yerdədir? 

-İran adlanan ölkədə Qacar sülaləsi devrildikdən sonra türklər hakimiyyəti itirdilər, öz milli və insani haqqlarından məhrum oldular. 1945-ci ildə qurulmuş 1 illik hakimiyyət-Pişəvəri hökuməti ana dilində tədrisi təşkil etdi. Lakin bu hökumət devrildikdən sonra İran şovinizmi daha da quduzlaşdı. 1979-cu ildə qurulmuş molla hakimiyyəti də Pəhləvilərin siyasətini davam etdirdi. 40 ildir ki, İran adlanan ölkədə türk dilində nizamlı, müntəzəm tədris yoxdur. İnqilabdan sonra İraq savaşı başladı. Müharibədən sonra nisbətən sabitlik yarandı. 1991-ci ildə Azərbaycanda baş verən milli azadlıq hərəkatı, müstəqil respublikanın qurulması, Əbülfəz Elçibəyin fəaliyyəti, bütöv azərbaycançılığın siyasi gündəmə gəlməsi Güneyin ictimai fikrinə  böyük təsir göstərdi.  Ötən sərin 90-cı illərində Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri doktor Mahmudəli Çöhrəqanlının fəaliyyəti siyasi aktivliyə səbəb oldu. Onun Təbrizdən İran məclisinə namizədliyini verməsi, böyük səs çoxluğu qazanması Güneyin ictimai-siyasi fikrinə şəksiz ki, böyük təsir göstərmişdi. Sadaladığım bu hadisələr Güneydə milli şüurun oyanmasına səbəb olmuşdu. Seçkilərdə Çöhrəqanlı 600 minə yaxın səs verdi. Güney Azərbaycanın bütün şəhərlərindən Təbrizə axın etdi o zaman. Xalqın istəyi o idi ki, doktor Çöhrəqanlı parlamentə getsin, Güneyin hüquqlarını müdafiə etsin. Lakin İran rejimi onu parlamentə buraxmadı. Əksinə həbsə atdı. Doktorun tələbləri haqlı idi. O görürdü ki, İranda türk dilində məktəb, televiziya, radio, qəzet yoxdu. Dərslik yoxdu. O tələb edirdi ki, İran adlanan dövlətin əhalisinin yarıdan çoxu olan türklərin dilində məktəb, dərslik olmalıdır. İran rejimi xalqın etirazlarından qorxaraq güzəştə getdi. Razılıq verildi ki, universitetlərdə ana dilində dərslər keçilsin. Doktor Çöhrəqanlı özü Təbriz universitetində dərslərini həftədə 1-2 saat türk dilində deyirdi. Az sonra bunun da önünü kəsdilər. Tələbələr arasında milli şüurun oyanışı rejimi qorxuya saldı. Lakin ox yaydan çıxmışdı. Tələbələr özləri dərsdən sonra türk dilində şeir müsabiqələri, ədəbi gecələr keçirirdi. Hazırda universitetlərdə bəzi milli ruhlu hocalar dərsi türkçə izah edirlər. Lakin türk dilinə rəsmi icazə yoxdur. Əslində son 100 ildə fars rejimi bir neçə dəfə güzəşt edib. Lakin güclənən kimi faşist təfəkkürü yenidən quduzlaşıb. İran hakimiyyəti Pəhləvilərdən başlanmış asimilyasiya siyasətini davam etdirir. Məqsəd türklərin milli kimliyini əlindən almaqdır. 

-Təbrizin “Traktor” komandasının oyununda Türkiyənin Suriyada həyata keçirdiyi “Sülh çeşməsi” anti-terror əməliyyatına möhtəşəm dəstək ifadə olundu. Sizcə, bu nəyin göstəricisidir? Güneydə türk birliyi, Turan ideyası güclənir?

- İranda mərkəzdənqaçma prosesi 25 il öncədən başlanıb. Bu proses o zaman başlanır ki, insanlar mərkəzdən gözlədiklərini əldə edə bilmirlər. Rejim özünü karlığa-korluğa qoyur. Güney Azərbaycan türkləri artıq mərkəzə inanmır. Babək qalasına yürüşlər göstərdi ki, türklər molla rejiminin iradəsindən kənar hərəkətlərə meyl edirlər. 2006-cı ilin may hadisələri də bunu sübut etdi. Bu hadisələr zamanı şəhidlər də verdik. Allah şəhidlərimizə rəhmət etsin. İran mediasında, televiziyasında türklərə həqarət bu gün də davam edir. Bu yaxınlarda televiziyaların birində türklər “gerizəkalı” kimi təqdim olundu. Güneydə böyük etirazlar oldu bu hadisəyə. GAMOH-un öndərliyi ilə aksiyalar təşki olundu. Hətta Tehranda, Qumda türklər etiraz etdilər. Bu gün Güney özünü İrandan qopmuş sayır. İran rejimi Urmiya bölgəsində kürdləri yerləşdirir. Məqsəd İranda yaşayan türklərlə Türkiyənin əlaqəsini kəsmək, bölgədə bufer zona yaratmaqdır. Güneydə Türkiyəyə sevginin artması bununla bağlıdır. Güney Azərbaycanda baş verən ekoloji və humanitar fəlakətlərə də molla rejimi səssiz qalır. Urmiya gölünün qurudulması zamanı bunu gördük. Güneydə zəlzələ zamanı da İran rejiminin laqeydliyi müşahidə olundu. 

-Türkiyə türkləri ilə Azərbaycan türkləri arasında məzhəb fərqliliyi var. İran şovinistləri də bu ayrılığı daha da alovlandırır. Bu fərq mənəvi birliyə mane olmur ki?

- Molla rejimi o qədər saxtakarlıq, ikiüzlülülk edib ki, Güneydə artıq məzhəb məsələsi o qədər önəm kəsb etmir. Din adı altında edilən alver insanları bezdirib. Güneydə anlayırlar ki, biz necə ki Quzey türkləri ilə eyni soydanıq, bir xalqıq, Türkiyə türklərinə yanaşma eynidir. Türkiyədə xeyli təhsil alanlarımız var, gəzməyə gedənlərimiz var. Onlar görür ki, bu xalq eynidir. Bizə çox doğmadır, təəssübkeşdir. Ayrılığı fitnəkar fars rejimi yaradıb. Güneydə hamı bilir ki, PKK-nın qolu olan  PEJAK-ın hərbçiləri İranda müalicə alır. Molla rejimi onlara dəstək verir. Güneydə hamı bilir ki, Türkiyənin Suriyada apardığı mübarizə həm də bizim savaşımızdır. Güney Azərbaycan insanı hər gün türk əsgərinə dua edir. Güneylilər “Sülh çeşməsi” əməliyyatını dəstəkləyir. Bilirik ki, PKK terrorçuları güclənərsə, qondarma “Kürdüstan” yaranarsa Güney Azərbaycan torpaqlarına da təhlükə var. Bir də ki bizim üçün birliyin təməlində məzhəb durmamalıdır. Bu, keçilmiş tarixi mərhələdir. İndi bölgədə yaşayan türkləri bəşəri dəyərlər, demokratiya birləşdirməlidir.

-Türkiyə niyə Güney Azərbaycan faktorundan istifadə etmir?

- Türkiyə demokratik dövlətdir. Burada qanunlar əsasdır. Çoxpartiyalılıq var. Demokratik seçkilər keçirilir. Partiyalar söz sahibidir. Güclü vətəndaş cəmiyyəti var. Dövlətin siyasəti var. Türkiyə Avropa və Asiyada yerləşir. Həm Şərq mentalileti var. Həm də. Avropaya açılmış ölkədir. Avropa dəyərlərini qəbul etmiş cəmiyyətdir. Türkiyə təcavüzkar siyasət yürütmür. Qonşularla dinc-yanaşı yaşamağı üstün tutur. Türkiyədə Osmanlı yıxıldı, Atatürk cümhuriyyət qurdu. İran adlanan ölkədə isə Atatürk yetişmədi. Devrilmiş Qacarları şovinist farslar əvəz etdi. İranda 40 milyon türk yaşayır. Türkiyədə bu qədər fars olsaydı İran Anadolunu işğal edərdi. Çünki İran təcavüzkar, imperialist dövlətdir. Türkiyə isə hələ də Atatürkün qoyduğu xəttə-“Yurdda sülh, cahanda sülh” prinsipinə sadiq qalıb. Türkiyə bu üzdən Güney faktorundan istifadə etməyib. Lakin dolayısı yolla mənəvi dəstək hər zaman verib. İran şovinistləri hər zaman mediada, televiziyada, dərsliklərdə, universitetlərdə türkləri, Türkiyəni geriqalmış, kültürsüz təqdim ediblər. Lakin insanlar Türkiyə gedib qayıtdıqdan sonra bu fikirlərin necə puç olduğunu görüblər. İnsanlar görüb ki, Türkiyə inkişaf etməkdə olan dövlətdir. Elm, texnologiya inkişaf edib. Güney Azərbaycan Türkiyədən, Quzey Azərbaycanda örnək alırlar. Güneydə Quzeyi çox sevirlər. İstəyirlər ki, Quzey hər zaman güclü olsun. Güney hər zaman Türkiyəyə, Quzey Azərbaycana boylanır. Türk cümhuriyyətlərinin demokratiyaya, insan haqqlarına əməl edən güclü dövlətlər olmasını istəyirlər. Çünki onların güclü olması dövləti olmayan toplumların da güclü olması deməkdir.

Aydın Turan
Cebhe.info


Oxunma sayı: 28326