hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

“Gazprom”dan sonra gömrük: İqtisadi rıçaq, yoxsa əməkdaşlıq?

“Gazprom”dan sonra gömrük: İqtisadi rıçaq, yoxsa əməkdaşlıq?

Rusiyanın Azərbaycanda ticari maraqları artır.

Görünən odur ki, bu maraqlar həm də əməkdaşlığa əsaslanır.Ötən gün Rusiyanın Federal Gömrük Xidməti (FGX) Azərbaycanda nümayəndəlik açmaq istədiyinin anonsunu verib.FGX rəhbərinin birinci müavini Ruslan Davıdov deyib ki, hazırda qurumun 20 ölkədə nümayəndəliyi fəaliyyət göstərir. Azərbaycanla yanaşı, Hollandiya və Özbəkistanda da nümayəndəlik açılacaq: "Xüsusilə Avropa və Çin üçün iri aşırma bazası olan Hollandiya bizim üçün maraqlı ölkədir".

Rusiyanın Azərbaycanda nümayəndəlik açmaq istəməsi bir ayda iki dəfədir baş verir.Belə ki, bir müddət əvvəl Rusiyanın "Gazprom" şirkətinin Azərbaycanda nümayəndəliyinin açılması barədə məlumat yayıldı.Artıq "Gazprom" İctimai Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasında nümayəndəliyi dövlət qeydiyyatına alınıb. Ötən il dekabrın 18-də dövlət qeydiyyatına alınan nümayəndəliyin qanuni təmsilçisi Rusiya Federasiyası vətəndaşı Maksut Anderjanovdur. Maraqlıdır, Rusiyanın dövlət idarələrinin və şirkətlərinin Azərbaycanda nümayəndəliyinin açılmasının iqtisadi əhəmiyyəti nədirə

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, əgər gömrük nümayəndəliyinin açılması iqtisadi münasibətlərin daha sürətlənməsinə və iş adamlarına yardım etməyə xidmət edəcəksə, bu normaldır:

“Çünki Rusiya Azərbaycanın ən vacib ticarət tərəfdaşıdır. Azərbaycanın qeyri-neft sektorunun ixracatında ən başlıca ölkə Rusiyadır.Çünki aqrar sektorun məhsulları qeyri-neft sektorunun ixracatında önəmli rol oynayır.Aqrar sektorun məhsullarının da böyük bazarı məhz Rusiyanın payına düşür. Gələcəkdə Rusiya bazarının genişləndiyini və əhali sayının 140 milyondan çox olduğunu nəzərə alsaq, Azərbaycan ticarət dövriyyəsində ən böyük pay sahib ola bilər. Rusiya sərhəd keçid məntəqələri zaman-zaman azərbaycanlı iş adamları üçün ciddi problemlər yaradır. Bu problemlər aradan qaldırılacaqsa, Rusiyanın Federal Gömrük Xidmətinin (FGX) Azərbaycanda nümayəndəlik açması arzuolunandır”.

Rusiyanın "Gazprom" şirkətinin Azərbaycanda nümayəndəliyi açmasına gəlincə, ekspert sözügedən şirkətin Azərbaycanda ciddi maraqlarının olduğunu deyib:

“Şirkət Azərbaycana əlavə qaz satmağı düşünür. Çünki Avropa bazarında “Gazprom”un getdikcə zəiflədiyini görürük. Həmçinin, mavi yanacağın Avropa bazarına çıxarılmasında müəyyən problemlər yaşayır.Ən azından “Şimal Axını-2” və “Türk Axını” layihəsi ciddi suallar yaradıb və onların realizə olunmasında problemlər var. Buna görə də şirkət ətraf ölkələrin qaz bazarında önəmli rol oynamağa çalışır.Artıq SOCAR-la “Gazprom” arasında niyyət protokolu da imzalanıb.Etanol zavodlarının işləməsi üçün əlavə qaza ehtiyac olduqda Azərbaycan Rusiyadan 3 milyard kubmetrə qədər qaz ala bilər.Bu o demək deyil ki, Azərbaycan həmin qaz həcminin hamısını alacaq, yəni, bu həddə qədər qaz almaq üçün niyyət protokolu imzalayıb.Yəqin ki, bu layihənin daha effektiv aparılması üçün “Gazprom” Azərbaycanda nümayəndəlik açıb.Nümayəndəliklərin açılması məhz bu layihələrin həyata keçirilməsində idarəetmənin effektiv təşkil olunmasına hesablanıb”.

Natiq Cəfərli başqa ölkələrdə nümayəndəliklərin açılmasında həm də təhlükəli tendensiyanın olduğunu diqqətə çatdırıb:

“Rusiya öz siyasi hədəflərini həyata keçirmək üçün enerji məsələsində “Gazprom”dan daim bir alət kimi istifadə edir. Çalışmalıyıq ki, Rusiyanın “Gazprom” şirkəti Azərbaycanda öz nüfuzunu artıraraq müəyyən siyasi proseslərə və qərarların verilməsinə təsir etməsin.Əgər belə olacaqsa, “Gazprom”un nümayəndəlik açması və orada Azərbaycan vətəndaşlarının işlə təmin olunması, o qədər də neqativ hal deyil”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 849