hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

“Generalların Bakıda görüşü həm Rusiyaya, həm də NATO-ya sərf edir” - ŞƏRH

“Generalların Bakıda görüşü həm Rusiyaya, həm də NATO-ya sərf edir” - ŞƏRH

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Azərbaycandadır. V.Gerasimov Bakıda NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığının rəhbəri Tod Uolterslə görüşəcək.

Cebhe.info xəbər verir ki, siyasi şərhçi Elxan Şahinoğlu məsələyə münasibət bildirib.

Politoloq qeyd edib ki, V.Gerasimovla Tod Uolters arasında iyulun 3-də telefon danışığı olub:

“Deməli, elə həmin danışıqda onlar Bakıda görüşəcəklərini razılaşdırıblar. Telefon söhbətində Avropadakı hərbi-siyasi vəziyyət, Rusiya-NATO münasibətlərinin vəziyyəti barədə fikir mübadiləsi aparılıb. Bu o deməkdir ki, Bakıda bu mövzuların daha geniş müzakirəsi planlaşdırılır.

Bakıda əvvəllər də belə görüşlər olub. Ancaq həmin görüşlərdə V.Gerasimov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı general Körtis Skaparotti ilə görüşürdü. May ayında Skaparottini Tod Uolters əvəz edib. Yəni bu T.Uoltersin Bakıda V.Garsimovla ilk görüşüdür.

Bu görüşlərdən böyük nəticə əldə edəcəyini gözləməyə dəyməz. Çünki son illərdə NATO ilə Rusiya arasındakı münasibətlərdə soyuqluq artır. Bundan başqa ABŞ-ın öz raketlərini Avropada yerləşdirməsi və hər iki ölkənin orta və qısamənzilli raketlərin ləğvinə dair sazişdən çıxması bölgədə gərginlik atmosferini artırıb. Bu problemlər yalnız bir görüş və bir müzakirə ilə həll oluna bilməz. Buna baxmayaraq, Rusiya və NATO generallarının mütəmadi olaraq Bakıda görüşüb fikir mübadiləsi aparması iki qütb arasında vacib dialoq mühiti formalaşdırır və gərginliyi daha çox artırmamağa xidmət edir. Bu baxımdan Bakıdakı dialoqun əhəmiyyəti böyükdür”.

Politoloqun sözlərinə görə, Rusiya və NATO generallarının Bakıda mütəmadi görüşlərinin keçirilməsi Azərbaycanın bölgədə artan roluna da işarədir:

“Bu rola nə Gürcüstan, nə də Ermənistan uyğundur. NATO-nun Cənubi Qafqazdakı əsas tərəfdaşı olan Gürcüstanın Rusiya ilə münasibətləri gərgindir, iki ölkə arasında diplomatik əlaqələr yoxdur. Bu baxımdan Rusiya görüş yeri kimi Gürcüstanı qəbul etməz. NATO isə Ermənistanı görüş yeri kimi qəbul etməz. Çünki Ermənistan da Rusiyanın nəzarəti altındadır. Azərbaycanın isə həm Rusiya, həm də NATO ilə tərəfdaşlıq münasibətləri mövcuddur. Ona görə də Bakıda görüşmək həm Rusiyaya, həm də NATO-ya sərf edir”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 815