hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“İndiki vaxtda şəhidin ailəsinə “krediti ödə” demək mənəviyyatsızlıqdır” - AÇIQLAMA

“İndiki vaxtda şəhidin ailəsinə “krediti ödə” demək mənəviyyatsızlıqdır” - AÇIQLAMA

“Şəhidin borcu ödənilməz” – deyirik, vətəndaş olaraq bütün qələbələrimizə görə əsgərlərimizə, o cümlədən də şəhid olan hərbçilərimizə borclu olduğumuzu bildiririk, amma məsələ maddiləşdiyi zaman heç də bütün hallarda bu deyimlər öz reallığını tapmır. Hələ ki, vətən müharibəsi başa çatmadığı, yaralarımız sızladığı bir zamanda şəhidin ailəsindən onun borcu tələb olunur. Bunun sosial şəbəkələrdə yayımlanması isə vətəndaşları hiddətləndirir. Sosial şəbəkədə yayılan məlumatlara görə, “Unibank” şəhid Ataməli Musaoğlunun ailəsindən onun kredit borclarının ödənilməsini tələb edib. Bank iççisi “varisi tərəfindən ödənilməlidir” – deyə israr edib.

Şəhidin övladının isə cəmi 2 yaşı olduğu bildirir. Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında bildirib ki, müharibə bitənədək heç bir bank, kredit təşkilatı şəhid olmuş şəxsin borcunu ailəsindən tələb etməməlidir: “Əgər kimsə, indiki halda müharibə gedə-gedə şəhidin ailəsindən borc tələb edirsə, ayıb olsun ona. Doğrudur, qanunla bunu tələb edə bilərlər, amma bu indiki halda mənəviyyata sığmır. Lap şəhidin əmlakı varsa belə, bank hansı üzlə onun əmlakını ailəsinin əlindən ala bilər. Biz məsələyə kompleks şəkildə yanaşmalıyıq – bankları da anlamalıyıq, amma indi yox, müharibədən sonra”.

Əkrəm Həsənov bildirir ki, dövlət səviyyəsində də belə bir qərar qəbul oluna bilər ki, müharibə bitməyənədək, şəhid, eləcə də hərbi xidmətdə olanların ailələrindən heç kim heç nə tələb edə bilməz: “Əlbəttə ki, banklarımız tərəfindən həmin borcun bağlanması yaxşı olardı, onlara başucalığı gətirərdi, amma dövlət bunu onlardan tələb edə bilməz. Ən azı istehlak kreditlərində banklar bunu edə bilərlər. Şəhid olan şəxlərin kommersiya kreditləri də ola bilər ki, onların miqdarı çox olsun. Təklif edərdim ki, Fond yaradılsın və hər bir bank, sahibkarlar, adi vətəndaşlar ora pul köçürsünlər. Həmin fondun hesabına şəhid və şəhid ailələrinin borcları bağlansın. Həmin fond da tam şəffaf olmalıdır. Hardan pul daxil oldu, hansı istiqamətdə xərcləndi açıq şəkildə dərc olunmalıdır. Pul çatmaza dövlət də bunu bağlaya bilər. Amma bütün yükü də dövlətin üzərinə qoymaq olmaz”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 3411

Bizim Telegram səhifəmizi izləyin