hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

“İran “3+3” formatına qoşulmaq istəyir” – RƏY

“İran “3+3” formatına qoşulmaq istəyir” – RƏY

“İran və Azərbaycan dərin tarixi köklərə və ənənələrə malik dost ölkələrdir. Ulu öndər Heydər Əliyev deyirdi ki, biz qonşu ölkələrik, qədim müştərək tariximiz vardır, milli-mənəvi dəyərlərimiz bir-birinə bənzərdir, bunlar hamısı xalqlarımızın tarixən dostluğunu təmin edibdir. Ümummilli liderin İrana səfərləri, eləcə də İran İslam Respublikasının dövlət başçılarının, hökumət üzvlərinin qarşılıqlı səfərləri əlaqələrin inkişafında mühüm rol oynayıb”.

Cebhe.info xəbər verir ki, bunu sabiq millət vəkili, siyasi elmlər doktoru Vaqif Abdullayev deyib.

O qeyd edib ki, son illərdə Prezidentlər İlham Əliyev və Həsən Ruhaninin, xarici işlər nazirlərinin intensiv görüşləri, imzalanan mühüm dövlət sənədləri, eləcə də əldə olunmuş razılıqlar Azərbaycan və İran arasında sabit siyasi və iqtisadi inkişafı daha da möhkəmləndirib:

“İranda bəzi dairələr, erməni lobbisini təsiri və təhrikçiliyi sayəsində Azərbaycana qarşı xoşagəlməz addımlar atmağa çalışsa da, rəsmi Tehran bu zərərli meyillərin qarşısını alıb. Azərbaycan dövləti humanist və tolerant, xoşniyyətli ölkədir, hər zaman qarşılılıq hörmətə əsaslanan qonşuluğa sadiq qalıb. Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycan tərəfindən aparılan müstəqil siyasətin təmin olunmasına yönəlib, heç bir xarici qüvvələrin, blokların maraq və mənafeyinə xidmət edən koalisiyalara qoşulmayıb. İlham Əliyev öz müdrikliyini, humanistliyini göstərərək İranla dostluğa xələl gətirə biləcək addımların qarşısını alıb, bunu yolverilməz olduğunu bəyan edib, hər zaman İranla xoş qonşuluq siyasəti yürüdüb. Rəsmi Tehran da hər zaman Dağlıq Qarabağ münaqişənin yalnız dövlət sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həll olunmasını bəyan edibdir.

Vətən müharibəsində İran Azərbaycanın haqlı mövqeyini dəstəkləmiş, rəsmi Tehran bu davranışı ilə bir daha Azərbaycanın yanında olduğunu nümayiş etdirib. Azərbaycan artıq Ermənistanın 30 illik işğalına son qoyub, ərazi bütövlüyünün bərpa edib və artıq regionda normal vəziyyəti təmin etməkdədir. Eyni zamanda İranla 30 ildən sonra öz dövlət sərhəddini tam bərpa edib. Rəsmi Bakı bölgədə yeni geosiyasi-iqtisadi reallıqlar formalaşdırır. Azərbaycan, Rusiya və Ermənistan arasında yanvarın 21-də imzalanmış saziş regionda kommunikasiyaların açılması və yeni nəqliyyat qovşaqlarının yaradılmasını nəzərdə tutur. Azərbaycanda səfərdə olan İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin səfərinin məqsədi də regional əməkdaşlıqda öz ölkəsinin maraqlarını təmin etmək idi. Azərbaycan torpaqlarının işğaldan azad olunmasından və Azərbaycanı və İran arasında dövlət sərhəddinin tamamilə bərpa edilməsi, sərhəd-keçid məntəqələrinin qurulmasından sonra iki ölkə arasında siyasi, iqtisadi, ticari əlaqələrinin artması üçün yeni imkanlar yaranıb”.

Politoloq hesab edir ki, İran bu fürsətləri dəyərləndirərək fəal əməli addımlar atmaq istəyir:

“Eyni zamanda Avrasiya regionunda tamamilə yeni geosiyasi düzən formalaşır. Region dövlətləri arasında dinc və normal münasibətləri, geniş əməkdaşlıq mühitini təmin edən “3+3” formatı da məhz bu reallıqdan doğan əməkdaşlıq çərçivəsidir.Formata əsasən, Türkiyə, İran və Gürcüstan Cənubu Qafqaz bölgəsində yeni əməkdaşlıq və təhlükəsizlik proqramlarında birgə fəal rol oynayacaq. İran da bu proseslərə fəal qoşulmaq istəyir, Azərbaycanın regionda başlatdığı yeni siyasi gerçəkliklərin ahənginə uyğun addım atmaq və “3+3” formatı arxitekturasında yer almaqda aktiv hərəkətə çalışır. Cənab Zərifin regionun 5 ölkəsini ziyarət edəcəyəm fikri də məhz çoxşəbəkəli əməkdaşlıq çərçivəsində rəsmi Tehranın digər ölkələrlə də münasibətləri rəvanlaşdırmaq niyyətlərindən xəbər verir. Qarabağda yeni həyat, quruculuq başlayıb. Bu quruculuğun baş memarı olan Azərbaycanla birgə qol çırmayan, əmək sərf edən qardaş Türkiyənin layiqli yeri məlumdur. Türkiyə Qarabağın hər qarışında aparılan quruculuqda, yenidənqurmada öz qardaşı ilə birgədir, eyni addımlayır və hər uğuru da birgə yaşayır. Qonşu İran da bu ərazilərdə öz köməyini əsirgəmək istəmir, yenidənqurma və geri dönəcək əhalinin yaşayışı üçün vasitə ola biləcək kənd təsərrüfatı kimi sahələrdə köməyini təklif edir. Bu sahədə yaxşı təcrübəsi olan İran şirkətlərinin təmsil olunması nəzərdə tutulur.

Cənab Prezidentin qeyd etdiyi kimi biz Qarabağda başlayan yenidəqurma işlərinə dost ölkələri cəlb edəcəyik. Bu baxımdan dost İranın da Qarabağın inkişafına töhfə verəcəyi şübhəsizdir. İran Azərbaycanla birgə elektrik enerjisinin istehsalı, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı əməkdaşlıq da edəcək ki, bu da işağldan azad edilmiş bölgələrin və sərhəd yaşayış məntəqələrinin enerji, su təminatına müsbət təsir göstərəcək. Prezident İlham Əliyev regionda yeni vəziyyətlə əlaqədar yaranmış yeni əməkdaşlıq qapılarını İranın üzünə açmaqla xoşniyyətli, praqmatik, xeyirxahlığını və humanistliyini nümayiş etdirir. Cənab Prezident Xudafərindəki sərhəd məntəqəsini dostluq sərhədi adlandırıb və bu da Azərbaycan dövlətinin sadiq tərəfdaş və dostpərvər olmasından irəli gəlir”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 3191