hava haqqindaBakı
Bu gün +8 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.35
  • clouds-weather

“İran Türkiyənin Suriyada möhkəmlənməsini istəmir” – AÇIQLAMA

“İran Türkiyənin Suriyada möhkəmlənməsini istəmir” – AÇIQLAMA

İranın Xarici İşlər Nazirliyi Türkiyədən Suriya ərazisində hücumları dayandırmağı və öz qoşunlarını Suriyadan çıxarmağı tələb edib.

Nazirlik Türkiyənin Suriya ərazisində hərbi əməliyyatlar keçirməsindən narahatlığını bildirib. Həmçinin rəsmi Tehran onu da bildirib ki, Türkiyənin hərbi fəaliyyəti Suriyaya humanitar və maddi baxımdan ciddi ziyan vurur.

Bu isə Suriya böhranının həllinə dair yaradılmış İran Rusiya və Turkiyə formatında fikir ayrılığının artması ilə müşahidə olunur. Regionda Türkiyənin nüfuzunun artmasından narahat olan İran bu məsələdə açıq şəkildə Türkiyənin mövqeyinə qarşı çıxır.

Digər tərəfdən isə İran Milli Məclisinin spikeri Əli Laricani Türkiyəyə planlaşdırdığı səfəri ləğv edib. O, bu yaxınlarda türkiyəli həmkarının dəvətilə parlamentlər arası iclasda iştirak etmək üçün İstanbula yola düşməli idi. Lakin Türkiyənin Suriyada terror təşkilatlarına qarşı “Sülh çeşməsi” adlı əməliyyata start verməsinə etiraz olaraq Laricani İstanbul səfərini ləğv edib. 

Qeyd etmək lazımdır ki, İran rəsmiləri Prezident Həsən Ruhani də daxil olmaqla, türk ordusunun terror təşkilatlarına qarşı başlatdığı əməliyyata kəskin reaksiya veriblər.

Cebhe.info-ya açıqlamasında politoloq Natiq Miri İranın Türkiyəyə qarşı bu mövqeyini, İrandakı mühafizəkar qüvvələrin Tükiyənin bölgədə möhkəmlənməsindən narahat olması ilə əlaqələndirib:

“Fikrimcə, bu məsələ o qədər də ciddi qəbul olunmalı deyil. Birincisi, İran bu hərbi əməliyyatların başlamasından xəbərsiz deyil. Çünki Rusiya, Türkiyə və İran prezidentlərinin Türkiyədə üçlü görüşü oldu. Bu görüşdə Suriyanın şimalında Türkiyənin keçirəcəyi əməliyyat ciddi mənada müzakirə olundu. Təkcə Rusiya-Türkiyə səviyyəsində deyil, İran Prezidenti Həsən Ruhani səviyyəsində də bu məsələyə razılıq verildi. 

Bundan sonra Ruhaninin açıqlamalarında da bu fakt özünü göstərdi. Ancaq baş verənlər onu göstərir ki, islahat tərəfdarları deyil, İranda mühafizəkar qanad, eyni zamanda İnqilab Keşikçiləri Korpusunun (SEPAH) özü də bu məsələdən narahatdır.

Çünki mühafizəkar qüvvələr Türkiyənin Suriyada möhkəmlənməsini istəmirlər. İran düşünür ki, bu hərbi əməliyyatlardan sonra Türkiyə nəinki Suriyada, eyni zamanda regionda güclənəcək ki, bu da Türkiyənin imkanlarını və geosiyasi təsirini qlobal səviyyədə artıracaq. Əslində, İranın narahatlığı bununla bağlıdır. İran həqiqətən də geosiyasi prosesləri doğru-dürüst qiymətləndirmiş olsaydı, anlamalı idi ki, ABŞ YPG terrorçuları vasitəsilə İran dövlətinin sərhədləri boyunca onun təhlükəsizliyinə təhdid formalaşdırır.

Türkiyə bu gün bu məsələləri təkbaşına öz üzərinə götürüb. Belə olduğu təqdirdə İran niyə narahat olsun ki? Bu gün Türkiyə həmin torpaqlardan bu terrorçuları təmizləyirsə, İranın Türkiyəyə təşəkkür etmək əvəzinə əksinə, bu cür bəyanatlar verməsi biləvasitə İranda olan müəyyən qüvvələrin Türkiyəyə qarşı olan düşmənçiliyinin bariz nümunəsidir. Bu belə dəyərləndirilməlidir. 

O ki qaldı, İran-Rusiya-Türkiyə formatının üçlüyünə zərər verib-verməməsinə, düşünürəm ki, heç bir zərər verməyəcək. Bu açıqlamalar sadəcə, quru bəyanat olaraq qalacaq. Çünki bu gün Türkiyəsiz nəyinki Suriyada, hətta bölgədə hər hansı bir fundamental problemləri həll etmək imkanı yoxdur. Bunu İran da, Rusiya da bilir. Məhz bu baxımdan Rusiya əslində, Türkiyəyə “yaşıl işıq” yandırmaqla Suriyadakı problemin həllinə imkan yaratmış oldu. 

Hesab edirəm ki, bu cür bəyanatlar əməliyyatlar bitənə qədər və “təhlükəsiz bölgə” layihəsi yerinə yetirilənədək səslənəcək. Çünki bu fikirlər prosesə, heç bir şəkildə təsir etməyəcək”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 1563