hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

“Jurnalistləri binası” ətrafında daha bir müzakirə: Evlər hansı halda geri alına bilər?

“Jurnalistləri binası” ətrafında daha bir müzakirə: Evlər hansı halda geri alına bilər?

Ləğv edilmiş KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin həbsi müzakirələr yaradıb.

Bu müzakirələr çərçivəsində jurnalistlər üçün tikilən binada ev bölgüsündə ciddi qanun pozuntularına yol verildiyi də deyilir. İddialara görə, ötən ilin iyulundan başlayan araşdırma artıq yekunlaşıb.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan istintaqa ikinci binadan ev alan əksər jurnalistlər cəlb edilib, onların izahatları alınıb. Hətta bəzi jurnalistlər bir neçə dəfə dindirilib.

“Bakupost”un yazdığına görə, araşdırma nəticəsində mənzil verilən 20 nəfərin “Jurnalistlər binası”ndan ev almaq üçün müəyyənləşmiş kriteriyalara uyğun olmadığının üzə çıxdığı da deyilir. Bəzilərinin fəaliyyəti orada qoyulan tələblərə cavab vermir, bəzilərinin isə təqdim etdiyi sənədlər saxtadır.

Qeyd olunub ki, məsələ ilə bağlı sənədlər toplanıb və aidiyyəti qurumlara təqdim olunub.

Maraqlıdır ki, hansı hallarda ev ona verilən şəxsdən geri alına bilər?

Media məsələləri üzrə ekspert Azər Həsrət Cebhe.info-ya açıqlamasında bildirib ki, əgər həmin mənzillərin indiki sahibinə qanunsuz yolla verildiyi məhkəmə yolu ilə sübut olunsa, onların geri alınması mümkündür:

"Çünki ortada qanunsuz əmlak əldə etmə faktı var. Varsa, onların alınması qanunla müəyyənləşəcək. Amma mən istərdim ki, ədalət bərpa edilsin. Çünki 2 binadakı mənzillər jurnalistlərə paylanılıb və xatırlayıram ki, həm 1-ci, həm də 2-ci binada narazı qalan jurnalist dostlarımız vardı. Onların arasında həqiqətən də, mənzilə çox ciddi ehtiyacı olan həmkarlarımız var idi. Həmin həmkarlarımız kənarda qaldı, amma mülkü, əmlakı aşıb-daşan adamlara oradan mənzillər hədiyə edildi. Mən düşünürəm ki, bu ədalətsizlik idi. Mənzili olan şəxslərə yenidən mənzil verilməsinin məntiqini anlaya bilmirəm. Dövlət əgər kimisə mükafatlandırmaq istəyirdisə, bunun başqa yolları da var idi. İndi əgər ədaləti bərpa etmək üçün yol açılıbsa, o səhvi düzəltməkdən çəkinməməliyik".

Hüquqşünas Əkrəm Həsənov isə bildirib ki, əgər mənzil bağışlanılan şəxs yalan məlumatlar təqdim edibsə və ya qurumla birgə iş görülübsə, bu zaman cinayət işi açıla bilər:

"Bu mənzil bağışlanma yolu ilə verilib. Bağışlanılması üçün də bağışlanılan şəxs müəyyən informasiyanı təqdim edib. Əgər sübut olunsa ki, onlar bu bağışlama müqaviləsinin bağlanması üçün yalan məlumat veriblər, bu halda ev vermiş dövlət qurumu məhkəməyə müraciət edib müqavilənin aldanma nəticəsində bağlanmasını göstərə bilər. Eyni zamanda, həmin müqavilənin etibarsızlığını tələb edə bilər ki, ortada aldanma var. Bu zaman o ev də müvafiq olaraq dövlətə qaytarılacaq. Əgər sübut olunsa ki, ortada cinayət xarakterli əməl olub, birgə əlbir olublar, rüşvət veriblər və ya başqa səbəbdən ev təqdim edilib, bu halda cinayət məsuliyyətindən də söhbət gedə bilər. Onlar barədə cinayət işi açılacaq, bu da sonunda ya həbs cəzası, ya da cərimə ola bilər”.

Naibə
Cebhe.info


Oxunma sayı: 3301