hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

“Kürdlər yəhudilərin yolunu gedir” - RƏY

“Kürdlər yəhudilərin yolunu gedir” - RƏY

“Siyasət çirkin şeydir, biz isə siyasətçilərin təlqin obyekti. Riyakarlıqda xüsusilə Qərb siyasətçilərinin tayı yoxdur. Eyni əməlləri törədənlərin birinə terrorçu deyirlər, amma digərinə yox”.

Cebhe.info xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov deyib.

O bildirib ki, Türkiyənin Suriyadakı terrorçu kürdlərə qarşı həyata keçirdiyi hərbi əməliyyat aparıcı ölkələr tərəfindən birmənalı qarşılanmayıb:

“Rəsmi mövqeləri həmin kürdlərin terrorçu olmadığından ibarətdir. Əslində isə təxmini belə düşünürlər: “Kimin terrorçu olub-olmadığını biz müəyyən edirik, Türkiyə kimdir ki, buna özü qərar versin?!” Ümumiyyətlə, terrorçuluq haqda bütün dünyada, o cümlədən bizdə də yanlış təsəvvürlər çoxdur. Hətta hüquqşünasların da böyük əksəriyyəti terrorçuluğun adekvat tərifini verə bilmir! Çünki terrorçuluğun universal tərifi heç yoxdur. "Terrorçuluq" sadəcə, sizin dəstəkləmədiyiniz zorakılıqdır, vəssalam! Hərənin öz baxışı ola bilər burada. Kimə necə sərf edir, elə də istifadə edir bu termindən. Siyasət çirkin şeydir, biz isə siyasətçilərin təlqin obyekti. Riyakarlıqda xüsusilə Qərb siyasətçilərinin tayı yoxdur! Eyni əməlləri törədənlərin birinə terrorçu deyirlər, amma digərinə yox. İsveçrəli tarixçi Daniele Ganser sual verir: axı niyə II Dünya Müharibəsi zamanı Fransanı istila etmiş almanlara qarşı olan zorakılıq qəhrəmanlıq, amma hazırda müsəlmanların öz azadlığı uğrunda törətdiyi zorakılıq terrorçuluqdur?”.

Hüquqşünas qeyd edib ki, kürd terrorçuları kürd dövlətini yaratmaq istəyir:

“Onların buna haqqı varmı, yoxmu buna hərənin öz fikri ola bilər. “Haqqı yoxdur” deyənlərə sual: “Hər hansı xalqın dövlət qurmağa haqqının olub-olmadığını hansı meyarla müəyyən edirsiniz”. “Haqqı var” deyənlərə sual: “Onda yer üzündəki bütün etnosların dövlət yaratmağa hüququ var”. Əslində, hər hansı separatçılıq kənardan dəstəklənməsə, uğur qazana bilməz. Erməni separatçılığından bilirik. Hətta ABŞ-ın özü də fransızların dəstəklədiyi separatçılıq nəticəsində yaranıb. Amma xarici dəstəyi olmadığı üçün Kataloniya 2 il əvvəl heç nəyə nail ola bilmədi. Faktiki olaraq kürdlər yəhudilərin yolunu gedir. Çünki İsrail də məhz belə yaranıb. İsrailin hazırda terrorçuluğun əleyhinə danışmağına baxmayın, özü də terrorçuluq fəaliyyəti nəticəsində yaranıb. İsrail ABŞ-ın yox, keçmiş terrorçu Stalinin istəyi nəticəsində yaranıb. ABŞ və İngiltərə bu dövlətin yaranmasını istəmirdi”.

Əkrəm Həsənov hesab edir ki, Fələstin müsəlmanları da öz dövlətlərini yaratmaq istəyir:

“Ötən əsrin əvvəlində Fələstində ərəb yəhudilərdən xeyli çox idi. Yəhudilər yavaş-yavaş başladı ora köçməyə. II Dünya Müharibəsindən sonra Fələstin ingilislərin hakimiyyəti altında idi. Buna görə də yəhudilər başladı ingilislərə qarşı terror aktları törətməyə və nəticədə 1948-ci ildə dövlətlərini yaratdılar. Belə ki, 22 iyul 1946-cı ildə Qüdsdə “Çar Davud” mehmanxanasını partladılması nəticəsində xeyli ingilis və ərəb ölmüşdü. 2006-cı ildə İsrail həmin terror aktının 60 illiyini təntənəli qeyd etmişdi və indiki Baş naziri Benyamin Netanyahu da orada iştirak etmişdi. Təbii, yəhudilər bunu terror aktı hesab etmir. Buna görə də Fələstin müsəlmanları da indi eyni yolla öz dövlətlərini yaratmaq istəyirlər. Məntiq sadədir: axı niyə yəhudilər gəlib bizim ərazidə terror yolu ilə dövlət yarada bilər, biz isə yox? Kürdlər də eyni məntiqdən çıxış edir. Buna görə də, ABŞ onları terrorçu hesab etmirdi və onları silahlandırır”.

Ekspert güclü olmağın vacibliyin vurğulayıb:

“Beynəlxalq hüquq, ümumbəşəri dəyərlər, insan haqları və s. yaxşı şeylərdir, amma reallıqda işləmir. Əksinə, bütün bunlardan gözdən pərdə asmaq üçün istifadə edirlər. Məsələn, əksəriyyəti hesab edirdi ki, Fələstin ərəbləri “terrorçu”, yəhudilər isə “sivil” insanlardır. Onların təqsiri yoxdur, sadəcə təbliğatın qurbanlarıdırlar. Təbliğatın qurbanı olmayın. İnsanları da, dövlətləri də ilk növbədə maddi durumları maraqlandırır. Buna görə də dünyada maddi resurslar uğrunda amansız savaş gedir. Burada haqlı-haqsız axtarmaq əbəsdir. Sadəcə, güclü olmaq lazımdır. Tarix sübut edir ki, meydanda güclü qalır (prinsip etibarilə biz, daha çox zor və şiddət törədənlərin nəsilləriyik, onlar belə etməsəydi, hazırda biz deyil, onları məhv edənlərin törəmələri yaşayardı). İndi XXI əsrdir, elm belə gəldi, mədəniyyət elə getdi – boş söhbətlərdir. İnsan elə həmin insandır, dəyişməyib. Ona görə də heç kəsin şirin dilinə və təbliğatına aldanmayaq. Güclü olaq, Türkiyə də güclü olsun! Qardaş ölkəyə dəstək olaq!”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 1585