hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

“Kənd təsərrüfatında sığorta digər sahələrdən daha vacibdir” - RƏY

“Kənd təsərrüfatında sığorta digər sahələrdən daha vacibdir” - RƏY

Kənd təsərrüfatı sahəsində sığorta iqtisadiyyatın digər sahələrindən daha vacibdir.

Cebhe.info-nun xəbərinə görə, bu barədə iqtisadçı Pərviz Heydərov bildirib:

““Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə Prezidentin fərmanı böyük əhəmiyyət kəsb edir.

Qanun ölkədə aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edəcək. Azərbaycanda aqrar sığorta ümumilikdə kənd təsərrüfatının inkişafına bağlı məsələdir. Belə ki, sığortanın müvəffəqiyyətli tədbiqi bütövlükdə aqrar sektorun inkişaf səviyyəsindən asılıdır. Çünki sığortanın əsas prinsiplərindən biri budur ki, sığorta olunan tərəfindən müvafiq ödəniş həyata keçirilsin.

Son illər ərzində aqrar sahəyə xüsusi diqqət yetirilməyə başlanıb. Hökumət başa düşür ki, həm ölkənin valyuta bazarında sabitliyi qorumaq üçün, həm ərzaq təhlükəsizliyini təmin etmək üçün, həm də idxaldan asılılığı azaltmaq üçün kənd təsərrüfatı istehsalını artırmaq lazımdır. Bunun da əsas yolu aqrar sahədə kiçik və orta sahibkarlığın inkişafından keçir. Aqrar sığortanın tam effektiv tətbiqi də o zaman mümkün olacaq ki, aqrar sektorda gəlirlilik indikindən azı 2-3 dəfə yüksək olsun”.

İqtisadçı qeyd edir ki, Azərbaycanda sığorta bazarı zəif inkişaf etdiyindən ölkədə bununla bağlı məlumatlılıq səviyyəsi çox aşağı səviyyədədir:

“Aqrar sektorda isə bu iş daha bərbad vəziyyətdədir. Bu sektorda sığortanın tətbiqini çətinləşdirən daha bir amil risk səviyyəsinin çox yüksək olmasıdır. Buna görə də dövlət bu prosesdə mütləq iştirak etməlidir. Uzun müddətli dövr ərzində dövlətin sığortaedənlə sığortaolunanlar arasında bağlantı vasitəsi olaraq qalması lazımdır. Yəni dövlət sığortaedənin məsuliyyətinin bir hissəsini mütləq öz üzərinə götürməlidir. Bu, aqrar sektor yüksək inkişaf səviyyəsinə çatanadək davam etməlidir. Dövlətin maliyyə imkanları yaxşı vəziyyətdə olduğundan, bu sahədə çox effektiv və mükəmməl bir mexanizm hazırlanmalıdır”.

Xatirə
Cebhe.info


Oxunma sayı: 1002