hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

“Kənddən şəhərə”, oradan da alverçinin cibinə: Yarmarkalar nə kəndliyə, nə şəhərliyə sərf edir

“Kənddən şəhərə”, oradan da alverçinin cibinə: Yarmarkalar nə kəndliyə, nə şəhərliyə sərf edir

Bir neçə müddətdir ki, Bakı və Abşeron ərazisində “Kənddən şəhərə” yarmarkaları təşkil olunur.

Həmin yarmarkaların təşkilində əsas məqsəd vətəndaşların kənd təsərrüfatı məhsullarına olan tələbatlarını yerli məhsullarla ödəmək, eyni zamanda fermerlər üçün alternativ satış kanalı yaratmaqdır. Bu gün bir faktdır ki, həmin yarmarkalar paytaxt və Abşeron ərazisində üç fərqli ünvanda gerçəkləşdirilir. Belə olan şəraitdə, yəni üç yarmarka həqiqətən də əhalinin tələbatını ödəyirmi və yaxud fermerlər öz məhsullarını bu yarmarkalara çıxara bilirmi?

Qeyd edək ki, əsasən şənbə-bazar təşkil olunan bu yarmarkalar ictimai nəqliyyatın olmadığı günlərdə əhali üçün əlçatan deyil. Həmçinin həmin yarmarkalarda satılan məhsulların qiyməti heç də marketlərdə satılan məhsulların qiymətindən heç də ucuz deyil. Belə olan təqdirdə, “Kənddən şəhərə” yarmarkalarında qazanan hansı tərəfdir?

Kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, bu yarmarkalar görüntü xarakterlidir:

“Həmin yarmarkalar öz fəaliyyətində “Kənddən şəhərə”ideyasını ehtiva eləmir. Kənd Təsərrüfatı Nazirliyi və ölkədəki dövlət qurumlarının böyük əksəriyyəti 30 ildir görüntü yaratmaqla məşğuldur. Ona görə də görüntü yaratmağa vərdiş ediblər. Ən azından həmin yarmarkaların vaxtını dəyişmək lazımdır ki, alıcı üçün səmərəli olsun. Ancaq onlar dəqiq bilir ki, həmin yarmarkalara kənardan kimsə gəlmir. Yarmarkalaırn ətrafında kim varsa, “8-ci kilometr”-ə gedib alver etməkdənsə, gəlib həmin yarmarkalardan alver edir.

Həmin yarmarkaların 90 faizində Bakının bazarlarında cəlbedici olmayan məhsulları satırlar. Bu, guya ona xidmət edir ki, KTN və AQTA birlikdə iş görür, fermerin bazara əlçatanlığını təmin edir. Əslində, isə belə deyil, bu, yalnız görüntüdür. Əgər həmin yarmarkaların təşkili ilə bağlı araşdırma aparılsa, xeyli korrupsiya elementlərinin olduğunu görmək olar. Bu, xeyli yeyintidir, mənimsəmə var. KTN və AQTA tərəfindən bu istiqamətə vəsait ayrılıb və həmin vəsaitlərin mənimsənilməsi üçün bu ənənəni dayandırmır”.

“Fermeri Bakıya buraxan yoxdur”

Ekspert bildirib ki, maraq iki istiqamətdədir:“Birincisi hökumət qurumları tərəfindən həmin istiqamətə sərf olunan vəsaitin silinməsidir. İkincisi isə özləri üçün “plyus” qazanmaq məqsədilə belə yarmarkalar keçirirlər. Əslində isə yarmarkaların təşkilinə qədər fermerin yarmarka keçirilən şəhərə gəlib daxil olmasına şərait yaratmaq lazımdır.

Bu gün kənddə kim öz məhsulunu götürüb gətirsə, Bakıda əlində qalar. Bir neçə gün ucuz qiymətə satmaq üçün müxtəlif yerlərə baş vursa, sata bilməz. Bu gün rayonlarda 10, 20 qəpiyə pomidor var, ancaq Bakıda 50 qəpikdən aşağı pomidor yoxdur. fermer onu özü gətirib Bakıya çıxara bilmir ki, 10 qəpiyə rayonda satdığına 30 qəpiyə Bakıda satsın, onu Bakıya buraxan yoxdur”.

“Rüşvət verməlisən ki...”

Ekspertin sözlərinə görə, fermer hansısa bazara girmək üçün uzun sənədləşmə prosesindən, yoxlamadan keçməlidirlər: “Sənədləşmədə keyfiyyətə nəzarət istiqamətində heç bir iş görülmür, sadəcə olaraq onlara rüşvət verməlisən ki, bazara daxil olmağı təmin etsinlər. Bu süründürməçilik də xərc tələb edir və həmin xərclər də məhsulun üstünə gəldikdə fermer məcburdur ki, pomidoru məsələn, 80 qəpiyə satsın və mayasını çıxarsın.

Yəni görüntü xarakterli, işlək mexanizmi olmayan bir prosesdir. Bunun işlək mexanizmi olsaydı, onlar düşünərdilər ki, şənbə-bazar günləri ictimai nəqliyyat işləmir və yarmarkanı başqa günlərə keçirək, şəhər əhalisi üçün gəlib alver etmək səmərəli olsun. Bu, adi məntiqdir. Ancaq onların təşkil etdiyi yarmarka o məqsədlə olmadığı üçün həmin yarmarkaların vaxtını da dəyişməyin əhəmiyyətini görmürlər”.

“Alverçi “8-ci kilometr” bazarında sata bilmədiyi məhsulu yarmarkaya göndərir”

Ekspertin fikrincə, xaricdə “Kənddən şəhərə” adı altında keçirilən yarmarkalarda bütün maneələri praktiki şəkildə aradan götürürlər:

“Çünki xaricdə hökumət, dövlət qurumları bu yarmarkaların təşkilində səmimidirlər. Amma bizdə həqiqətən istəyirlər ki, məsələn, İmişli rayonundakı fermer öz məhsulunu maneəsiz gətirib Bakıda bazara çıxarsın? Bizim dövlət qurumlarının qarşısında belə bir məqsəd yoxdur. Bizdə keyfiyyətsiz məhsulları ucuz qiymətə qoyurlar, alverçi “8-ci kilometr” bazarında sata bilmədiyi məhsulları yarmarkaya göndərir. Bizdə yarmarkaların məqsədi o istiqamətə ayrılmış vəsaiti silmək və “fermerlərə Bakı şəhərində şərait yaradılır” adı altında illüziya yaratmaqdır. Burada nə fermer, nə də istehlakçı qazanır”.

“Fermer məhsulu qapısında daha ucuz verir ki...”

İqtisadçı-ekspert Natiq Cəfərli isə bildirib ki, əslində, bu ideya yaranarkən hökumət orqanları, KTN “tarladan süfrəyə birbaşa bir yol salınır” kimi bir tezis səsləndirmişdi:

“Yəni bu yarmarkalar vasitəsilə məhsul tarladan birbaşa istehlakçının süfrəsinə çatdırılacaqdı, ancaq təəssüf ki, belə olmadı. Fermerlərin birbaşa həmin yarmarkalara çıxış imkanları məhduddur. Avtomatik olaraq məhsulu fermerlərdən alıb yarmarkalarda satış həyata keçirən zəncir formalaşdı.

Bəzi fermerlərin heç logistik olaraq heç imkanı da yoxdur ki, öz məhsulunu birbaşa yarmarkaya gətirsinlər. Ona görə də məhsulu qapısında daha ucuz verir. Nəticə etibarilə Bakıya gəlib çıxana və yarmarkalarda satış həyata keçirilənə qədər qiymətlər adi bazar, yaxud market qiymətlərinə yaxınlaşır. Bəzi hallarda hətta bərabərləşir. Ümumilikdə yaxşı ideya idi və bunu həyata keçirmək üçün hökumətin, o cümlədən KTN-in kifayət qədər yanaşması, proqramı olmalıydı. Yəni logistik dəstək göstərilməli idi, hansısa kiçikhəcmli yükü olan bir neçə fermerin birlikdə bazara gəlişinin təşkil edəcək infrastruktur qurulmalı idi.

Bəzi hallarda məsələn, fermer həftə sonu üçün bir neçə yeşik məhsul hazırlayır və onu Bakıya gətirib satması sərfəli olmur. Eyni kənddən, yaxud qonşu kənddən az məhsulu olan fermerlərin birləşərək bazara birgə məhsul çıxarması üçün infrastruktur dövlət tərəfindən təmin edilməli idi. Təəssüf ki, bunlar reallaşmır. Ona görə də arada olan alverçilər fermerlərdən qapıdan məhsulları ucuz qiymətə alırlar və yarmarkalarda baha qiymətə satmağa başlayırlar. Bu isə həmin işin fəlsəfəsini yerinə yetirməyə mane olan amilə çevrilir”.

“Hələlik qazanan məhsulu qapıda alıb, yarmarkada satanlardır”

Ekspertin fikrincə, şənbə-bazar günü ictimai nəqliyyatın işləməməsi insanların yarmarkalara marağını da azaldıb:

“Yəni əgər yarmarkalara gedib-gələrkən taksi xidmətindən istifadə edərək əlavə pul xərcləyəcəklərsə, həmin nəqliyyata xərclədikləri pul, yarmarkalardakı qiymət fərqi ilə ya bərabər olur, hətta ondan da çox olur. Ona görə də bir çox hallarda vətəndaşlarda maraq da doğurmur. Bu ideyanın gerçəkləşməsi üçün problemlər həllini tapmalıdır və dövlətin yardımı olmalıdır ki, bu ideya reallaşarkən vətəndaş da, fermer də qazansın. Hələlik qazanan məhsulu qapıda alıb, yarmarkada satanlardır. Düzdür, bizdə də kənd təsərrüfatında vergi siyasəti kifayət qədər liberaldır, demək olar ki, yox dərəcəsindədir.

Bir çoxlarının Bakıda qohum-əqrəbası da var, bazarda şərait yaradılsaydı həmin müddətdə qalacaq yer üçün özləri də şərait yaradardılar. Sadəcə sərf eləmir. Birincisi, yarmarkalara çıxış əldə etmək çətindir, yer məhdudiyyəti var, kiminləsə danışıb anlaşmaq lazımdır ki, yer alasan. Digəri isə bəzi fermerlərin az məhsulu varsa, ona görə maşın tutmaq, Bakıya gəlmək, yarmarkada satmaq, yeməyə,qalmağa, evinə qayıtmağa çəkilən xərclər bəzən qazancı da üstələyir. Ona görə də fermerlərin şəbəkəsi yaradılmalıdır ki, onların məhsullarının birlikdə bazara çıxarılması mümkün olsun.

Xaricdə bu yarmarkalar geniş tətbiq olunur. Fermerlər növbəli şəkildə bu yarmarkalara çıxırlar. Hamının eyni anda çıxmasına ehtiyac da yoxdur. Bir neçə kənddən fermerlər razılaşır. Hər həftə biri bazara gedir və hamının məhsulunu satır. Bu, daha sərfəli olur. Belə bir mexanizm yaradılmasına üçün Azərbaycanda imkanlar var. Sadəcə KTN və əlaqədar orqanlar bununla bağlı işlək mexanizm qurmalı, vətəndaşın, fermerin bundan xəbəri olmalıdır”.

Xərclər baha, şərait yox...

İqtisadşı-ekspert Pərviz Heydərov isə bu fikirdədir ki, “Kənddən şəhərə” yarmarkalarının kənd təsərrüfatı istehsalçıları üçün çox böyük bir faydası var:

“Lakin o şəraitdə faydası var ki, onun üçün müvafiq daşıma xərcləri, nəqliyyat, yanacaq və s. bu kimi amillərin qiymətləri əlverişli olsun. Kənd təsərrüfatı sahəsində istehsalın fasiləsizliyi və artım tempinin yüksək dinamikada təşkil edilməsi üçün bu məhsulların əlverişli şəkildə reallaşdırılması həllini tapmalıdır. Məhsulun reallaşdırılması imkanları nə qədər münbit və geniş xarakter daşıyarsa, həmin sahədə istehsalın inkişaf perspektivləri barədə danışmaq mümkündür.

Kənd təsərrüfatı istehsalçıları üçün də istehsal etdikləri məhsulların vaxtında, asan, rəvan şəkildə realizə olunması məsələsi çox mühüm əhəmiyyət kəsb edir. Deməzdim ki, hazırda kənd təsərrüfatı məhsulları istehsalçıları üçün bütün tələb olunan şərtlər mövcuddur və mövcud problemlər həllini tapıb. İstehsalçıların böyük bir qismi üçün yenə də yarmarkaların təşkili problemi var və bu amil ölkədə aqrar sahənin inkişafı üçün ən əsas maneə sayılmaqdadır. Daşınma xərclərinin kifayət qədər yüksək olması, yarmarkaların təşkili ilə əlaqədar subyektiv maneələr, aqrar sahədə də rəqabət amilinin istənilən səviyyədə olmaması kənd təsərrüfatı istehsalçıları üçün əsas problemlərdir.

Bu baxımdan hökumət ölkədə kənd təsərrüfatının inkişafı üçün həyata keçirdiyi tədbirlərin sürətli və daha geniş şəkildə effekt verməsini istəyirsə, istehsalçılara öz məhsullarını reallaşdırmaq imkanı yaratmalıdır. Əsas hədəf götürməli, aqrar sahədə istehsal və tədarük olunan məhsulların istehsalçıların mənafeyinə uyğun reallaşdırması imkanlarını yüksək səviyyədə təşkil etməlidir. Yalnız belə şəraitdə aqrar sahədə istənilən inkişafla bağlı dinamikanı müşahidə edə, yalnız belə bir şəraitdə istehsalın sürətli artımına şahid ola bilərik”.

Nigar Abdullayeva
Cebhe.info


Oxunma sayı: 3169