hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

“Keşikçidağ”a yol Azərbaycandan keçir

“Keşikçidağ”a yol Azərbaycandan keçir

“Keşikçidağ” məbədi ətrafında proseslərin kəskinləşdiyi bir vaxtda Gürcüstan tərəfi kompleksə girişi məhdudlaşdırıb.

Məlumatlara görə, turist qruplarını monastr kompleksinə aparan bələdçilər "Keşikçidağ”ın bəzi obyektlərinə girişlə bağlı problemin olduğunu bildiriblər. Bələdçi İrakli Marukaşvilinin "İnterpressnyus"-a açıqlamasına görə, turistlər Voskreseniya məbədi və Çiçxituri qülləsinə gedə bilməyiblər.

"Bu gün biz qalxdıq Lavraya baxdıq. Yamaca keçmək istədik, indiyədək belə olmuşdu. Təəssüf ki, indi mümkün deyil. İlk metal hasarlanmanın başladığı yerə qədər qalxmaq mümkündür. Orada gürcü hərbçilər dayanırlar. Onlar dedilər ki, bizi böyük məsafəyə buraxa bilməzlər, çünki belə əmr verilib"

O, həmçinin bildirib ki, azərbaycanlı sərhədçilərin məbəddən çıxardıqları ikonalar gürcü sərhədçilərinə verilib. Bələdçilər Gürcüstan DİN-nə müraciət edərək məbəd ətrafında danışıqlar barədə turist nümayəndələrinin məlumatlandırılmasını xahiş ediblər.

Digər bələdçi Rusudan Caparidze isə, ümumiyyətlə monastr kompleksinə səfərləri dayandırmaq barədə razılığın mövcud olduğunu deyib:

"Bugünkü toplantıda Bələdçilər Asosiasiyasının üzvləri və turizm şirkətlərinin əməkdaşları eskalasiyaya yol verməmək üçün monastr kompleksinə səfərləri dayandırmaq barədə razılığa gəliblər. Biz ölkədə sabitliyin pozulmasında maraqlı deyilik, problem diplomatik yolla həll olunmalıdır".

Xatırladaq ki, iyulun 14-də Gürcüstan tərəfdən bir qrup sərhədçilərimizə hücum edərək onları təhqir edib. Rəsmi Bakı Gürcüstan tərəfindən insidentin araşdırılmasını və pozucuların məsuliyyətə cəlb olunmasını tələb edib. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov Gürcüstanda bir qrup şəxs tərəfindən Azərbaycan sərhədçilərinə qarşı törədilmiş insidentlə bağlı “Bu cinayəti törədən şəxslər məsuliyyətə cəlb edilməli və qanunların tələbinə uyğun cəzalanmalıdırlar”, - deyib.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mətbuata açıqlamasında baş verən hadisələrdə böyük güclərin geosiyasi maraqları və onların daxili siyasi qüvvələrlə manipulyasiya cəhdlərinin özünü aydın büruzə verdiyini bildirib və tərəfləri təxribatlara uymamağa çağırıb.

Bu baxımdan, Gürcüstan tərəfindən “Keşikçidağ”-a səfərlərin məhdudlaşdırılması proseslərin gərginləşməsinin qarşısını ala bilər. Bununla belə hesab olunur ki, ümumiyyətlə, bu vaxtadək Azərbaycan ərazisinə qonşu ölkədən turistlərin sərhəd prosedurlarından keçmədən gəlməsi müzakirə mövzusuna çevirilməlidir. Azərbaycanla Gürcüstan arasında viza rejimi tətbiq olunmasa da, “Keşikçidağ” kompleksinə gələnlər digər ərazilərimizə olduğu kimi sərhəd qaydalarının tətbiqindən sonra ölkəyə buraxılmalıdırlar. Qeyd etmək lazımdır ki, azərbaycanlılar da öz dədə-baba yurdlarına məhz sərhəd qaydalarının qorunması şərtilə gedib-gəlirlər.

Politoloq Qabil Hüseynli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan bir sıra məsələlərdə gecikib:

“Əgər onlar ora turist gətirib qədim alban abidəsini “gürcü abidəsi” kimi “sırayır” və həm də buna görə ödəniş alırlarsa, Azərbaycan tərəfi də bir xeyli əvvəl orada öz postunu qoymalı idi. “Keşikçidağ” bizim ərazimizdə yerləşir, gürcülər sərhəd qoşunlarının əhatəsindən keçib gəlirlər. Bu ərazilərin sahibi olduğumuzu çoxdan təsdiqləməliydik. Gec də olsa, danışıqlar prosesində razılaşdırılmalıdır ki, bura turizm üçün açıq elan olunur, amma gələn gəlir hər iki tərəfin nəzarəti altında bərabər sürətdə bölüşdürülür. Eyni zamanda Azərbaycan ərazisindən də oraya turistlərin səfəri təşkil edilir. Bu, elə də çətin məsələ deyil, ora yol çəkmək və turist səfərlərini təşkil etmək lazımdır. Bu məsələdə yubansaq də, səhvləri düzəltmək üçün hələ gec deyil”.

Politoloq bildirilir ki, Azərbaycan tərəfi bu məsələdə prinsipial olmalıdır:

“Onlar hücum edib, sərhədi qoruyan Azərbaycan əsgərlərinin bir neçəsinə xəsarət yetiriblər, əsgərin silahını alıblar. Xüsusən onların içərisində iki nəfər - əsgərin silahını alan və hücumu təşkil edən çox aktiv olub. Onların hər ikisi cəzalandırılmalı və barələrində qanunauyğun şəkildə həbs tədbiri görülməlidir. Biz müəyyən qədər geri çəkilsək, onlar daha da irəli gedəcəklər. Günlərin birində əsəbləri dözməyən Azərbaycan əsgəri atəş aça bilər. Doğrudur, Gürcüstan Azərbaycanın qarşısında güc deyil, amma nə üçün bu baş versin və yaxın strateji münasibətlərdə olan ölkə ilə əlaqələrimiz korlansınə Biz bu məsələnin sivil qaydada - beynəlxalq qanunlar çərçivəsində həllini tezləşdirməliyik”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 17370