hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

““Milliləri” diri-diri yeməyə hazır olan şəxs” hakimiyyətdə: Ölkəni hara aparacaq? – BİZİM TƏHLİL

““Milliləri” diri-diri yeməyə hazır olan şəxs” hakimiyyətdə: Ölkəni hara aparacaq? – BİZİM TƏHLİL

Gürcüstanın Baş nazir vəzifəsindən istefa verən Giorgi Qaxarianı İrakli Qaribaşvili əvəz edəcək.

Qaribaşvili 2013-2015-ci illərdə də Gürcüstanın Baş naziri postunu tutub. Son günlərə qədər Müdafiə naziri vəzifəsini tutan Qaribaşvili siyasi rəqiblərinə qarşı qətiyyətli mövqeyi ilə tanınır və zəngin idaəretmə təcrübəsinə malikdir.

Lakin indi Gürcüstanda Qaribaşvili ilə bağlı yaranan sual daha çox bundan ibarətdir-Gürcüstanda onsuz da kəskinləşən siyasi böhran indi necə inkişaf edəcək?

Çünki Giorgi Qaxariyanın yalnız hökumətə rəhbərlikdən deyil, həm də hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasından istefa verməsi ilə 2020-ci ilin oktyabr ayında keçirilmiş parlament seçkilərindən sonra ölkədə yaranmış siyasi böhran artıq hakimiyyət düşərgəsinə transfer edib. Yəni müxalifətin seçkilərin nəticələri tanımaması “Gürcü Arzusu” üçün kifayət qədər siyasi problemlərlə nəticələnib. Bunun ardınca yanvar ayında hakim partiyanın lideri Bidzina İvanişvilinin siyasətdən getdiyini bəyan etməsi və Baş nazir Qaxariyanın istefa verməsi elitada parçalanma üçün ciddi zəmin yaradıb.

Əslində, bu, demək olar ki, gözlənilən idi. Çünki 2019-cu ilin iyun ayında parlamentin binası qarşısında başlanan və İvanişvilinin iqamətgahına hücumla müşahidə olunan kütləvi etiraz aksiyalarının qarşısının alınmasında həmin dövrdə Daxili İşlər naziri vəzifəsini tutan G.Qaxariyanın mühüm rolu olmuşdu. Sonradan onun Baş nazir postuna gətirilməsi də çox güman ki, bu xidmətlərinə görə mükafatlandırmaq məqsədi daşıyırdı. Eyni zamanda, B.İvanişvili sözügedən addımı atmaqla hakimiyyəti daha möhkəm və etibarlı əllərə həvalə etmiş oldu.

Ancaq İvanişvilinin ardınca Qaxariyanın “Gürcü arzusu” komandasından istefası çox keçmədən ölkənin siyasi elitasında xeyli müddətdir gizli sürən rəqabətin açıq müstəviyə keçməsinə səbəb oldu. Əslində, bu narazılıq ilk dəfə 2018-ci ilin may ayında Bidzina İvanişvilinin “Gürcü arzusu” Partiyasına yenidən sədr kimi qayıtması və iyun ayında Baş nazir Giorgi Kvirikaşvilinin istefaya getməsi ilə başlanmışdı.

2018-ci ilin prezident seçkilərində İvanişvili ilə dövlət başçısı Georgi Marqvelaşvili arasında yaranmış ixtilaf sonuncunun siyasətdən uzaqlaşması ilə nəticələndi. İvanişvili prezident postuna özünə yaxın olan Salome Zurabişvilinin gətirilməsinə nail oldu. Yəni Gürcüstan istiblişmentində həlledici söz sahibi olan İvanişvilinin hakim düşərgədən uzaqlaşması siyasi boşluqların yaranmasına gətirib çıxarıb.

Xüsusilə də onun partiya sədri postuna Qaxariya, Tiflis şəhərinin meri Kaxa Kaladze kimi nüfuzlu və iddialı siyasətçilər olduğu halda İrakli Kobaxidzeni gətirməsi görünür, bu ziddiyyəti daha da dərinləşdirib. Bu baxımdan, Baş nazir vəzifəsinə ya Kobaxidzenin, ya da Kaladzenin namizəd olacağına dair ehtimallar daha yüksək idi.

Gürcüstanın sosial şəbəklərində Baş nazir vəzifəsinə Səhiyyə naziri Yekaterina Tikaradzenin və Ədliyyə naziri Tia Tsulukuaninin də seçiləcəyinə dair xəbərlər yayılmışdı. Lakin İrakli Qaribaşvilinin hökumət başçısı vəzifəsinə "ikinci gəlişi" çoxlarını şoka salıb. Hətta bəziləri bunu pis əlamət kimi qiymətləndirib.

Bu arada, Qaribaşvilidən xaric digərilərinin namizədliyinə baxılmayıb. Partiyanın Siyasi Şurasının və bunun ardınca parlament çoxluğunun iclasından sonra "Gürcü Arzusu"nun nümayəndələri Qaribaşvilini təsdiq ediblər.

Qaribaşvili özü namizədliyi təsdiq ediləcəyi təqdirdə ölkədəki vəziyyəti tez bir zamanda yaxşılaşdırmağa çalışacağına söz verib:

“Ölkəmiz bir çox problemlə qarşı-qarşıyadır. Bunlar ilk növbədə, COVİD pandemiyası, işsizlik, iqtisadi problemlər və əhalinin acınacaqlı vəziyyətidir. Bütün bunlar sürətli əks-tədbirlər tələb edir. Vətəndaşlarımızın problemlərini dərhal həll etmək niyyətindəyik. Qısaca deyəcəyəm, tezliklə Konstitusiya çərçivəsində normal fəaliyyətini davam etdirməsi üçün nizamı və ölkəmizə lazım olan tarazlığı bərpa edəcəyik”, - yeni Baş nazir belə deyib.

Müxalifət İrakli Qaribaşvilinin Baş nazir postuna gətirilməsini hakimiyyətin “əzələ nümayişi” kimi qiymətləndirib. Belə ki, hökumət başına gəlməzdən öncə

G.Qaxariya Daxili İşlər naziri, İ.Qaribaşvili isə Müdafiə naziri işləyib. Ona görə də güc strukturlarının rəhbərlərinin Baş nazir seçilməsi hakimiyyətin “dəmir yumruq” siyasətinə üstünlük verməsi kimi dəyərləndirilir. Vətəndaş Partiyasının sədri Aleko Elisaşvili bildirib ki, Qaribaşvilinin Baş nazir olması Gürcüstan üçün müsbət heç nə vəd etmir:

“Biz artıq İrakli Qaribaşvilinin necə baş nazir olduğunu görmüşük. Nəticə sıfırdır. Özü də əziyyət çəkdi və ölkəyə də əzab verdi. İndi də belə olacaq. “Gürcü Arzusu” gərginliyi azaltmaq üçün addımlar atacaq, müxalifətin tələblərini dinləyə biləcək, danışıqların tərəfdarı olacaq bir adam seçməli idi. Onlar isə "milliləri” diri-diri yeməyə hazır olan ən münaqişəli şəxsi seçdilər”, - deyə Elisaşvili bildirib.

Eks-prezident Mixail Saakaşvilinin liderlik etdiyi Vahid Milli Hərəkat Partiyası isə G.Qaxariyanın istefasından sonra təşkilatın sədri Nika Melianın həbs edilməsinə və qərargahı dağıtmaq məqsədilə hücumlara son qoyulacağına ümid edir. VMHP bununla bağlı yeni hökuməti danışıqlara çağırıb. Çünki İ.Qaribaşvili Nika Melianın həbsinə göstəriş vermiş və siyasi qəddarlığı ilə tanınan Qaxariyanın istefasından sonra bu posta gəlib. Qaxariyanın müxalifət liderini həbs etmək göstərişi Gürcüstanda siyasi qütbləşmə yaradıb. Qaxariya istefa etdiyini elan edərkən insanların təhlükəsizliyi üçün risk yarandığı və ölkədəki kəskin böhran artdığı zaman Meliyanın həbsinin təxirə salınmalı olduğunu deyib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 7987