hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

“LiFFt 2019” IV Avrasiya ədəbiyyat festivalına yekun vuruldu

“LiFFt 2019” IV Avrasiya ədəbiyyat festivalına yekun vuruldu

Oktyabrın 3-də Heydər Əliyev Mərkəzində “LiFFt 2019” IV Avrasiya ədəbi festivalına yekun vuruldu. Avrasiya Xalqları Assambleyasının dəstəyi ilə keçirilən festivalın təşkilatçıları “LiFFt” Mədəni Layihələrinin İnkişafına Dəstək Fondu və Heydər Əliyev Fondu, tərəfdaşları Azərbaycan Mədəniyyət Nazirliyi, Nazirliyin “Söz” ədəbi layihəsi və Bakı Kitab Mərkəzidir.

Mədəniyyət Nazirliyindən Cebhe.info-ya verilən məlumata görə, “LiFFt 2019” festivalı 30 sentyabr – 5 oktyabr tarixlərində ölkəmizdə keçirilən Avrasiya Xalqları Assambleyası günləri çərçivəsində gerçəkləşib. Avrasiya Xalqları Assambleyası günlərinin proqramına həmçinin “Birlikdə qalib gəldik” adlı filmlər festivalı, “Avrasiya məkanında mədəniyyətlərarası əməkdaşlıq” mövzusunda dəyirmi masa və digər tədbirlər daxildir.

Avrasiya ədəbi festivallarını birləşdirən “LiFFt” 2016-cı ildən keçirilir. 2018-ci ildə Rusiyanın Soçi şəhərində keçirilən III “LiFFt” festivalında Azərbaycan yazıçısı Varis Yolçuyev qalib olduğu üçün builki festivala Bakı ev sahibliyi edib. Festival 2019-cu ilin BMT tərəfindən elan edilmiş “Yerli xalqların dilləri ili”nə və böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr edilib. Festivalın məqsədi Avrasiya ölkələrində yazıçıların və oxucuların yaradıcılıq və dostluq əlaqələrini möhkəmlətmək, vahid Avrasiya ədəbi məkanı yaratmaqdır.

Bağlanış mərasimində Avrasiya Xalqları Assambleyası baş katibinin birinci müavini Svetlana Smirnova və festivalın prezidenti Marqarita Al çıxış etdilər. Çıxışçılar “LiFFt 2019” festivalının yüksək səviyyədə təşkilinə dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildirdilər.

Vurğulandı ki, festival həmişə həmrəylik və dostluq əlaqələrinə təkan verir. Bu mənada “LiFFt” Avrasiya ədəbi festivallar festivalı unikal platformaya çevrilir.

Sonra festivalın müxtəlif nominasiyalar üzrə qaliblərinə mükafatlar təqdim olundu.

Qızıl medala türkiyəli şair Tuğrul Tanyol layiq görüldü. İndiyədək 10 şeir kitabı işıq üzü görən şair əsərləri müxtəlif dillərinə tərcümə edilib. O, 2017-ci ildə “Premio Europa in Veri” mükafatına layiq görülüb.

Beləliklə, növbəti “LiFFt” Avrasiya ədəbi festivallar festivalı gələn il Türkiyədə keçiriləcək.

Cebhe.info


Oxunma sayı: 540