hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

“MDB Şengeni”: Ölkələrə nə vəd edir?

“MDB Şengeni”: Ölkələrə nə vəd edir?

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev turizmin inkişafı üçün MDB məkanında vahid viza rejiminin tətbiqini təklif edib. 

Aşqabadda keçirilən MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında çıxış edən Qazaxıstan dövlətinin başçısı bu viza rejiminin “Şengen” nümunəsində yaradılmasını və “Birlik vizası” adlanması təklifini irəli sürüb. O əlavə edib ki, MDB ölkələrində geniş turizm potensialı mövcuddur və Birlik ölkələri bu sahədə faydalı əməkdaşlığı gücləndirə bilərlər.

Kasım-Jomart Tokayevin sözlərinə görə, MDB-nin hər bir ölkəsində unikal təbiət-landşaft və dünyanın ən məşhur obyektlərinin siyahısını tamamlayacaq tarix-mədəniyyət abidələri var:

“Təəssüf ki, milli miqrasiya və viza rejimlərində olan əhəmiyyətli fərqlər hələ də qalmaqdadır. Onlar bir səyahət zamanı bir neçə ölkəni gəzmək istəyən turistlərə əngəl törədir. Mən, əlbəttə, bunun asan olmayacağını bilirəm, amma düşünürəm ki, MDB ərazisində “Şengen” vizasına bənzər “Birlik vizası” adlı vahid rejimin tətbiqinin müzakirə olunmasının vaxtı çatıb”.

Qazaxıstan Prezidenti əlavə edib ki, məsələyə bu cür yanaşma MDB məkanında turist axınının kəskin artması ilə nəticələnəcək. O qeyd edib ki, ekspertlər bu məsələnin üzərində ciddi iş aparmalıdırlar. Məlumdur ki, “Şengen” vizasının tətbiqi bir sıra Avropa dövlətlərinin iqtisadi inkişafını təmin edən vasitələrdən biridir. Xatırladaq, gömrük-sərhəd nəzarətinin ləğv olunması haqqında razılaşma 1985-ci ildə Avropanın 5 ölkəsi - Belcika, Niderland, Lüksemburq, Fransa, AFR  arasında Lüksemburqun Sengen şəhərində imzalanıb. Bu razılaşma 26 mart 1995-ci il tarixindən qüvvəyə minib. Bununla Şengen zonası ölkələri arasında sərhəd yoxlama məntəqələri ləğv olunub və Şengen vizası almış turist və qonaqların Zona daxilində sərbəst hərəkəti təmin edilib.

MDB ölkələri arasında vahid viza rejiminin tətbiqi real görünürmü? Tətbiq olunarsa, bu ölkələrə hansı iqtisadi dividentlər gətirə bilər? Digər tərəfdən, MDB ölkələri üçün vahid viza rejimi tətbiq olunarsa,  münaqişə vəziyyətində olan ölkələrdə bu məsələ necə tənzimlənə bilər? Bu ölkələrin təhlükəsizliyinə problem yaratmazmı?

İqtisadçı ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ümumiyyətlə, dünyanın qloballaşması istiqamətində atılan istənilən addım təqdirəlayiqdir: 

“MDB məkanı geniş bir ərazini əhatə edir. Bu məkanda vizasız gediş-gəlişin təmin edilməsi ölkələrin xeyrinədir. “Şengen” ölkələrinin nümunəsi yaranarsa, Azərbaycanın da bu müqaviləyə qoşulması iqtisadi baxımdan səmərəlidir. Çünki Azərbaycan keçmiş MDB məkanında turizm üçün potensiallı ölkə kimi tanınır. Bu ərazidə yaşayanlara Azərbaycanın sanatoriyaları, şəfalı mənbələri tanışdır. Bu rejimin tətbiqi ölkəyə turist axınının artıra bilər.  Bununla belə, bu rejimin tətbiq olunması keçmiş SSRİ dövlətləri arasında gediş-gəlişi artıracaq və turizmi inkişaf etdirəcəksə, insanların Avropaya, digər ölkələrə çıxışını azaldacaq.  Rejim tətbiq olunarsa, bu məkanda yaşayanlar Bodrumda istirahətdənsə, Şimali Qafqazın turizm obyektlərinə və ya Baykal gölü ərazisinə üstünlük verəcəklər”.

Belə bir rejim tətbiq olunarsa, bu münaqişə vəziyyətində olan ölkələr, konkret olaraq Azərbaycanla Ermənistan arasında problem yarada bilərmi? 

Akif Nəsirli deyir ki, bu məsələ iki ölkə arasında çözülməlidir: 

“Azərbaycan üçün Ermənisatan vətəndaşının digər ölkələrin vətəndaşları ilə eyniləşdirilməsi mümkün deyil. Ölkələrin birinin digərinə “cəsusluq siyasəti” var. Məsələn, Azərbaycan Ermənistan üçün yaşıl işıq yandırarsa, Ermənistan vətəndaşı asanlıqla ölkəyə gələrək, istənilən informasiyanı əldə edə və müxtəlif vasitələrlə öz ölkəsinə ötürə bilər. Ona görə də hesab edirəm ki, münaqişə ölkələri bir-birilərinə müxtəlif rejim tətbiq etməklə bu sistemə keçə bilərlər. Eləcə də, məsələn Ermənistan vətəndaşları üçün Azərbaycana və ya əksinə, azad rejim olmaya bilər. Bu yaxınlarda Ermənistan Azərbaycan vətəndaşlarının ölkəyə getməsi üçün qadağanı aradan qaldırdığını elan etdi, amma bunun reallıq olduğu, yoxsa siyasi ambisiyalara söykəndiyi məlum deyil. Çünki hələ ki Azərbaycan vətəndaşlarının öz təşəbbüsü ilə Ermənistana səfərinin şahidi olmamışıq”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 1662