hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0242
  • EURO - 1.8927
  • NEFT - 37.65
  • clouds-weather

“Mənim evim mənim qalamdır” - İnsan küçəyə çıxmadan nə qədər yaşaya bilər? - PSİXOLOQLA MÜSAHİBƏ

“Mənim evim mənim qalamdır” - İnsan küçəyə çıxmadan nə qədər yaşaya bilər? - PSİXOLOQLA MÜSAHİBƏ

Dünya ölümcül koronavirus pandemiyasının qarşısında hələlik aciz qalıb.

Sars virusunun qohumu adlandırılan və ilk olaraq Çində ortaya çıxan virus dekabrdan bu yana minlərlə can alıb. Mütəxəssislər virusun bir heyvanda yarandığını və insanlara yayıldığını təxmin edirlər. Azərbaycanda da virusa yoluxanlar var.

Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusun qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərini davam etdirir. Qərargah əhaliyə toplantılardan və sıx təmaslardan uzaq durmağı, kütləvi məkanlara getməməyi tövsüyə edib. Bir sözlə virusdan qorunmaq üçün müəyyən prosesləri onlayn şəkildə həll etməklə evdə oturmaq vacib məqam sayılır. Amma insanların tam olaraq evə qapanması və sosial ünsiyyətdən uzaq qalması mümkün deyil. Bu durumun insanların psixologiyasına təsirsiz ötüşməyəcəyi deyilir.

Cebhe.info psixoloq Tariyel Faziloğlu ilə qeyd olunan məsələlər ətrafında müsahibəni təqdim edir:

-Tariyel bəy, tamamilə küçəyə çıxmadan yaşamaq mümkündürmü?

-Tam olaraq qapalı evdə və ünsiyyətsiz yaşamaq mümkün deyil. Psixoloji olaraq insanın sosial ehtiyacları var. Bu sosial ehtiyaclar ödənməsə, insanda psixoloji pozuntular baş verər. Bütün proseslərin onlayn sistemə keçirilməsi insanların sosial vərdişlərini və sosial immunitetini ciddi şəkildə zədələyəcək. Xüsusən iş yerlərindəki korporativ ünsiyyət bacarıqlarının ciddi zədələnməsi baş verə bilər.

Əgər bu, uzun müddətli çəkərsə, sonrakı sosial proseslərdə bu problem insanların sosial adaptasiyasında ciddi çətinliklər yaradacaq.

-Bəs, psixoloji pozuntular hansı nəticələrə səbəb ola bilər?

-İnsanların sosial ehtiyacları var və onlar qarşılanmadığı zaman insanlarda ciddi psixi problemlər yarana bilər. Sosial münasibətlərin zəifləməsi, hər kəsin sosial ünsiyyətdən uzaqlaşması ciddi sosial pozuntulara gətirib çıxaracaq. Nəticə etibarı ilə cinayətlərin, ciddi şəkildə ailədaxili münaqişələrin sayı arta bilər. Məsələn, Çində insanların evdə qapanmasına göstəriş veriləndən sonra bir ay ərzində boşanma ilə bağlı müraciət edənlərin sayı 3-4 dəfə artıb. Bu, nədən qaynaqlanır? Evdə olan, əsasən ər-arvad sosial ehtiyaclarını bir-birləri ilə ödəməyə çalışması hər iki tərəfi ciddi erroziyaya məruz qoyur. Beləliklə də, problemlər və mübahisələr yaradır. Hətta çox qısa zamanda boşanmaya qədər gedib çıxa bilir. Sosial ehtiyaclar ödənməzsə, virusu yarada biləcək təhlükədən daha təhlükəli problemlərlə üzləşə bilərik.

-Küçəyə çıxmadan və sosial ünsiyyətsiz yaşamaq uşaqlara nə kimi təsir edə bilər?

-Bildirim ki, 3-12 yaş qrupunda olan uşaqların daha çox sosial ünsiyyətə ehtiyacı var. Əsasən bu yaş qrupunda olan uşaqların sosiallaşması, öz yaş qrupları ilə olan ünsiyyəti, onların xarakterini, sosial immunitetini bir çox hallarda formalaşdırır və möhkəmləndirir. Düşünün, bu ünsiyyət aylarla yoxdur və uşaqlar sosial ehtiyaclarını maksimum dərəcədə virtual şəkildə qarşılayırlar. Belə uşaqlarda heç bir şəkildə normal, insani sosial bacarıqlar formalaşmayacaq. Təbii ki, bir müddət sonra bu uşaqlar sosial ünsiyyətə girməyə başlayanda isə ciddi travmalarla üzləşəcəklər. Sosial ünsiyyət neqativ yanaşma yaratdığı üçün onlar ciddi münaqişələrlə üzləşəcəklər. Bu da uşaqlar arasında aqressiyanın yüksəlməsi, psixozların və şizofreniyaların sürətlə artmasına gətirib çıxara bilər.

-Hökumətin koronavirus epidemiyasının qarşısının alınması ilə bağlı önləyici tədbirlərini necə qiymətləndirirsiniz?

-Təbii ki, kütləvi tədbirlərin və toplaşmanın ləğvi doğru addımdır. Amma tam şəkildə insanları evə qapatmaq olmaz. Bu virusun özəlliklərindən biri antisanitar vəziyyətə əməl etmək və normal sanitariya qaydalarını gözləmək, həmçinin immuniteti güclü saxlamağa çalışmaqdır. Belə olan halda virusa tutulma riski minimuma enir. Sadəcə olaraq insanlar öz təmizliyinə, sanitar qaydalara və vərdişlərinə əməl etsinlər. Qidalanmalarını ciddi şəkildə tənzimləsinlər. Onların immunitetini zəiflədəcək vərdişlərdən və qəbuledicilərdən (içki və siqaret) uzaq dursunlar. Belə olan zaman sosial ünsiyyət davam etsə belə, heç bir problem yaranmaz. Burada diqqət ediləcək əsas məsələ insanların öz sağlamlığına diqqət yetirmələridir.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 20659