hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

“Metsamor”u bağlatmaq üçün birgə addım: Region ölkələri üçün BÖYÜK TƏHLÜKƏ

“Metsamor”u bağlatmaq üçün birgə addım: Region ölkələri üçün BÖYÜK TƏHLÜKƏ

Rəsmi İrəvan Ermənistanda yeni atom elektrik stansiyasının (AES) tikintisində Rusiyanın mümkün iştirakı ilə əlaqədar Moskva ilə danışıqlar aparır. 

Bunu Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan deyib. O bildirib ki, Ermənistan atom enerjisindən imtina etmək istəmir. T.Avinyanın sözlərinə görə, Ermənistanda “Metsamor” AES bağlandıqdan sonra yenisinin tikintisi imkanları nəzərdən keçiriləcək: “Rusiyalı tərəfdaşlarla bu mövzunu müzakirə etməyə hazırıq. Artıq danışıqlar aparılır”

Qeyd edək ki, “Metsamor” AES hazırda region üçün ciddi təhlükə mənbəyidir. Onun bağlanması üçün dəfələrlə çağırışlar səsləndirilib. 

Politoloq Natiq Miri Cebhe.info-ya bildirib ki, stansiyanın bağlanmasına region dövlətləri müdaxilə edə bilməyəcək. O, yeni stansiyanın inşasına  daha çox Rusiyanın maliyyə ayırma ehtimalının olduğunu vurğulayıb: 

“Regionda atom elektrik stansiyasının mövcudluğu, xüsusilə də köhnəlmiş texnologiya əsasında fəaliyyət göstərən atom elektrik stansiyasının olması bütün region dövlətlərini narahat edir. Çünki istənilən bir nüvə sızması hadisəsi təkcə cırtdan Ermənistan üçün deyil, bütövlükdə region üçün böyük faciələrə gətirib çıxarar. Bu baxımdan məsələyə laqeyd qalmaq mümkün deyil. Dünya standartlarına uyğun nüvə stansiyası tikmək üçün böyük məbləğdə maliyyəyə ehtiyac var. Rusiya stansiyanın inşasına razılıq verə bilər, çünki Rusiyanın maliyyə mənfəətləri var. Həmçinin Rusiyanın Ermənistana yönəlik təsir imkanlarını da artıracaq. Bu gün Rusiya stansiyanın inşasına razılıq verə bilər, ancaq maliyyə məsələsi bir az problemli görünür. Çünki Rusiya razılıq versə də, maliyyələşdirilməsini təkbaşına boynuna götürəcək durumda deyil. Rusiyanın özünü iqtisadi vəziyyəti ürəkaçan deyil. Məlum olduğu kimi, Rusiya ABŞ və onun müttəfiqi olan Avropa Birliyi tərəfindən ciddi iqtisadi sanksiyalara məruz qoyulur. Bu sıxıntılar Rusiya iqtisadiyyatında özünü göstərməkdədir. Bu baxımdan düşünmürəm ki, belə bir stansiyanın maliyyələşdirilməsini Rusiya üzərinə götürsün. Ola bilsin ki, xaricdə yaşayan erməni diasporunun köməyi olsun. Ancaq yüz milyonlara başa gələcək stansiyanı təkcə erməni lobbisi üzərinə götürə bilməz, bunun üçün böyük maliyyəyə ehtiyac var və bu məsələni konkret dünya maliyyə şəbəkələri həll edə bilər. Ancaq indiki şəraitdə nə ABŞ, nə də AB belə yükün altına girmək istəyər. Ermənistandan ABŞ konkret istədiklərini almadan bu səviyyədə böyük maliyyə verməz, çünki ABŞ prezidenti həm də biznes adamıdır. Onlar istədikləri proqrama maliyyə ayıranda qəpikləri belə hesablayacaqlar”. 

Həmsöhbətimiz bildirib ki, stansiyanın inşası üçün region dövlətlərinin də rəyinə ehtiyac duyulacaq: 

“İran, Türkiyə, Azərbaycanın da rəyi önəmlidir. Hər bir halda köhnə texnologiya əsasında fəaliyyət göstərən “Metsamor” AES-nın əvəzinə müasir səviyyədə, yeni texnologiyaya əsaslanan atom elektrik stansiyası inşa ediləcəksə, düşünürəm ki, region dövlətləri bu məsələyə ciddi etiraz edə bilməyəcəklər. Çünki Türkiyədə də Rusiyanın inşa etdiyi AES  var. Və bu məsələyə heç bir ölkə ciddi müdaxilə edə bilmədi. Ona görə də bu məsələyə də heç bir regional dövlət mane ola bilməyəcək. Bu gün “Metsamor”un bağlanması real görünə bilər. Ancaq bunun üçün Ermənistanı elektrik enerjisi ilə təmin edəcək alternativ qaynaqlara ehtiyac var, bu gün bu qaynaqları üzərinə götürən dövlət yoxdur. Ona görə də “Metsamor” nə qədər köhnəlmiş olsa belə, bütün Ermənistanı elektriklə təmin edəcək alternativ qaynaq olmadıqca, heç bir ölkə onun bağlanmasını tələb edə bilməz. Ona görə də ölkələr bu məsələnin üzərinə ciddi getmir”. 

Politoloq Fikrət Sadıxov da məsələ ilə bağlı fikirlərini bildirib. O, “Metsamor” AES ilə bağlı region dövlətlərinin ciddi danışıqlar aparmalı olduğunu, onun böyük təhlükə daşıdığını qeyd edib: 

““Metsamor” AES köhnəlmiş bir stansiyadır, vaxtilə ermənilərin müəyyən ehtiyaclarını ödəyirdi. Amma hal-hazırda böyük bir təhlükə yaradır. Əgər yeni stansiyanın tikintisi düşünülürsə, təbii ki, biz bu məsələylə bağlı ciddi şəkildə işləməliyik. Biz tərəfdən Rusiya ilə danışıqlar başlamalıdır. Çalışmalıyıq ki, Ermənistan ərazisində belə bir stansiyanın tikilməsinə imkan verilməsin. İndi ermənilər də başa düşməlidir ki, atom elektrik stansiyasının onların ərazisində, ümumiyyətlə seysmik zonada tikilməsi ilk növbədə onlar üçün təhlükədir. “Metsamor” onsuz da keçmişdəki kimi fəaliyyət göstərmir və bu, əslində ermənilərin nadir enerji mənbələrindən biridir. Təbii ki, onlar müqavimət göstərəcək. Bu məsələyə öz rəyini regionda yerləşən dövlətlər birgə bildirməlidir, təkcə Azərbaycanın münasibət bildirməyi ilə məsələ həll olunmaz. Rusiya  da bu məsələni diqqətdə saxlamalıdır. Bu, özlüyündə təhlükədir, amma mən inanmıram ki,  yaxın gələcəkdə “Metsamor” AES bağlansın. Çünki Ermənistanın ona böyük ehtiyacı var”.

Səyad Həsənli 
Cebhe.info


Oxunma sayı: 1860