hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

“Mollalar işə götürülərkən təhsili yox, başqa məqamlar nəzərə alınır” - İlahiyyatçı

“Mollalar işə götürülərkən təhsili yox, başqa məqamlar nəzərə alınır” - İlahiyyatçı

Xəbər verdiyimiz kimi, Lerik rayonun Barzavu kəndinin mollası kimi özünü təqdim edən Murad Əsgərov həmin kənddən onun əxlaqsız təklifinə razılıq verməyən qadını öldürüb.

Belə ki, M.Əsgərov 40 yaşlı Zəkifə Fərziyevanın tək olmasından istifadə edərək onların evinə girib. O, uzun illərdir həyat yoldaşı Rusiyada yaşayan qadınla cinsi əlaqədə olmaq istəyib.

Lakin Zəkifə Fərziyeva etiraz edərək qışqırıb, bu zaman M.Əsgərov onu vuraraq yerə yıxıb, daha sonra boğaz nahiyəsindən 7 bıçaq zərbəsi endirib. Öldüyünə əmin olmaq üçün isə sonradan boğazını kəsib.

Hadisə vaxtı Z.Fərziyevanın onunla birgə yaşayan oğlu meşəyə odun gətirməyə gedibmiş. Digər oğlu isə hazırda hərbi xidmətdədir.

Qadının üçüncü oğlu Bakıda işləyir. Qafqaz Müsəlmanlar İdarəsindən (QMİ) verilən açıqlamaya görə, rayonun Barzavu kənd sakini, molla kimi tanınan 57 yaşlı Murad Əsgərov qurumun işçisi deyil. Sadəcə olaraq, M.Əsgərov kənddə namaz qılan, kənd camaatının ödənişi ilə Yasin surəsi, Quran oxuyan şəxs olub.

M.Əsgərov cinayəti etiraf edib və hadisə yerinə gətirilərək videoçəkilişlə qətli necə törətdiyini danışıb. Qətlin üstü açıldıqdan sonra M.Əsgərov həbs edilib, onun arvadı və qızı başqa kəndə, arvadının atasının evinə köçüb.

Milli Cəbhə Partiyası sədrinin müavini, ilahiyyatçı Tural İrfan Cebhe.info-ya açıqlamasında bildirib ki, Qafqaz Müsəlmanlar İdarəsinin fəaliyyətində qüsurlar çoxdur:

“Belə məsələlər olduqda onlar həmişə üstlərindən atırlar. Məsələn, bəzən axundlar, mollalar azyaşlılara qanunsuz kəbin kəsirlər. Məsələ ictimailəşdikdən sonra Qafqaz Müsəlmanlar İdarəsi məsələni üzərindən atır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə fəaliyyətləri nəticəsində ölkəmizdə axundlar və mollalara hətta maaş da ayrılıb. Lakin mollalar qanuni şəkildə fəaliyyət göstərməlidir. Qanunsuz fəaliyyət göstərənlər haqqında da məlumat verilməli və onların fəaliyyətləri dayandırılmalıdır. Mən güman edirəm ki, bu şəxs də Qafqaz Müsəlmanlar İdarəsinin tərkibində fəaliyyət göstərən şəxs olub. Sadəcə, bu xoşagəlməz hadisəni özlərindən uzaqlaşdırmaq üçün deyirlər ki, o, bizim işçimiz deyil”.

İlahiyyatçı qeyd edib ki, bu kimi halların qarşısını almaq üçün mollaları təhsilli şəxslər arasından seçmək lazımdır:

“Əslində, mollalar təhsilli şəxslər arasından seçilməlidir. Mollalar birinci növbədə təhsilli olmalıdır ki, bu kimi hallar baş verməsin. Qafqaz Müsəlmanlar İdarəsi işə götürərkən bu kimi detalları nəzərə almır”.

İlahiyyatçının fikrincə, mollaları təyin edəndə onların savadına o qədər də fikir verilmir:

“Əgər adam 5 xarici dil bilirsə, təhsillidirsə, lakin İranmeyilli deyilsə, onu çox vaxt işə götürmürlər”.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 7723