hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

“Mübariz postu”nun şəhidinin anası: “Bəlkə də məni qınayacaqlar, amma deyirəm ki, mübarək olsun” - FOTOLAR + VİDEO

“Mübariz postu”nun şəhidinin anası: “Bəlkə də məni qınayacaqlar, amma deyirəm ki, mübarək olsun” - FOTOLAR + VİDEO

27 sentyabr Ermənistan ordusunun Azərbaycanın cəbhəboyu ərazilərində təxribat törətməsinə cavab olaraq başlayan və 44 gün davam edən Vətən müharibəsində Ordumuz qələbə qazandı.

Azərbaycan Silahlı Qüvvələri 30 ildir işğal altında olan torpaqlarımızı azad etdi. Bu qələbədə ən böyük pay sahibi ön cəbhədə xidmətdə olan əsgər və zabitlərimizdir.

Cebhe.info Vətən müharibəsində canından keçmiş, torpaqlarımızın azad edilməsində qanı bahasına döyüşmüş baş leytenant Qasımov Həmid Oruc oğlunun anası Tovuz xanımla həmsöhbət olub.

““Mübariz postu”nda xidmət edib”

Tovuz xanım bildirir ki, Həmid 11 dekabr 1994-cü ildə Şərur rayonunun Qışlaqabbas kəndində anadan olub: “2001-ci ilin 15 sentyabrında Şərur rayonunun Qışlaqabbas kəndində 1-ci sinifə gedib. 2004-cü ildə təhsilini Şərur rayonunun Qabıllı kəndində davam etdirib. 2009-cu ilin 15 sentyabrında Naxçıvan şəhər Heydər Əliyev adına Hərbi liseyə qəbul olub. 2012-ci ildə isə həmin məktəbi bitirib və Bakı şəhərində Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsilini davam etdirib. Həmid 2016-cı ildə AAHM-i bitirib, ixtisası motoatıcı idi. 2016-cı ildə Leytenant rütbəsi ilə Goranboy N saylı hərbi hissədə Tağım Komandiri vəzifəsində xidmət edib. 2019-cu ildə Baş Leytenant rütbəsi ilə Tərtər rayonunda Bölük Komandiri vəzifəsində xidmətini davam etdirib. Xidmət etdiyi müddətdə Ordu Komandanlığı tərəfindən 3 dəfə Fəxri Fərmanla mükafatlandırılıb. Mübariz İbrahimovun postunda xidmət edib. Yaxşı xidmət etdiyinə görə postları da tez-tez dəyişdirilirdi”.

Sonuncu mesaj: “Mənə nəsə olsa, anamgil sənə əmanətdir”

Şəhid Qasımov Həmidin anası Tovuz xanımn sözlərinə görə, 27 sentyabr Vətən müharibəsi başlayanda da Həmid ön cəbhədə xidmətdə idi: “Həmid 3 oktyabrda Vətən uğrunda döyüşdə şəhid oldu. Hamımıza, mənə, dayısına, qardaşına, nişanlısına mesaj yazmışdı. Mənə yazmışdı ki, mama, narahat olma: “İşim çoxdur, vaxtım yoxdur. Özünüzə yaxşı baxın. İnşallah, imkan olan kimi zəng edəcəyəm”. Mənə nəsə deməyə qıymamışdı, amma dayısıgilə bir az fərqli yazmışdı: “Allaha əmanət olun! Haqqınızı halal edin. Mənim deməyimə ehtiyac yoxdur, amma mənə nəsə olsa, anamgil sənə əmanətdir, dayı”.

Həmid nişanlı idi. Nişanlısına da yazıb ki, haqqınızı halal edin: “Ola bilər ki, mənə bir neçə gün zəng çatmaz, sizinlə əlaqə saxlaya bilmərəm. İşim çox olacaq. Məni, zəngimi gözlə”.

Nişanlısı deyib ki, mənə söz ver ki, sənə heç nə olmayacaq, sağ-salamat qayıdacaqsan. Həmid də ona deyib ki, söz verirəm, hər nə olursa- olsun yanınıza gələcəyəm”.

“Oğlumla o qədər qürur duyuram ki...”

Tovuz xanım bildirib ki, oğlunun qəhrəmanlıqlarını eşitdikcə qürur hissi keçirir: “Bəlkə də, məni qınayanlar olacaq. Deyəcəklər ki, bu necə anadır. Ayrılıq çox pisdir, amma mən oğlumla o qədər qürur duyuram, onun hərəkətləriylə o qədər fəxr edirəm ki, sadəcə, “mübarək olsun” deyə bilirəm. Həmid həmişə şəhidliyi arzulayırdı. Evə gələndə də bütün gün şəhidlik videolarına baxardı. O deyirdi ki, mənim iki yolum var. Birinci, gələcəyimi qurum, ailəmə yaxşı baxım. İkinci, arzusu şəhid olmaq idi”.

“Düşünürəm ki, mənim oğlum arzusuna çatdı”.

Tovuz xanım deyir ki, o, indi bütün Azərbaycanın anasıdır: “İndi hamı mənə deyir ki, sən bir Həmidi itirmisən, amma bütün Azərbaycan sənin oğlundur. Mən Həmidimi itirmişəm, amma indi bütün Azərbaycan mənə “ana” deyirsə, buna görə oğlumla fəxr edirəm. Həmidin nişanlısının durumu çox pisdir. Heç söz tapa bilmirəm onun vəziyyətini izah etməyə. Həmiddən sonra da hicaba keçdi. Həmidin də yoxluğundan sonra bütün gün “Quran” oxuyur, dua edir”.

“Vətənin mənə ehtiyacı var”

Həmidin anası deyir ki, general Polad Həşimov şəhid olanda oğlu məzuniyyətdə idi:

“O vaxt uçuş, bilet yox idi, yollar da bağlanmışdı. Biz onu evdə saxlaya bilmirdik. Getdi aeroporta, neçə dəfə müraciət etdi ki, məni yola salın, gedim. Dedim ki, Həmid hara tələsirsən? Gedəcəksən da. Dedi ki, mama, bizim generalımız şəhid olub, getməliyəm. Elə bil nəsə hiss eləmişdi. Deyirdi ki, mən getməliyəm, Vətənin mənə ehtiyacı var, boğazından çörək keçmirdi. Generalın şəhid xəbərini alanda anidən gördüm ki, rəngi qaraldı”.

Həmidin əsgəri: “O bizə komandir yox, ata-qardaş olub”

Tovuz xanım qeyd edib ki, Həmidin əsgərləri onunla əlaqə saxlayıb oğlunun qəhrəmanlıqlarından, xatirələrindən danışırlar: “Əsgərləri onun haqqında elə şeylər deyir, göylərə qalxıram. Rusiyaya getmiş əsgəri var. O zəng eləyib, deyir ki, Həmidin anası haqqını halal etsin. O deyir ki, Həmid mənə komandir yox, ata-qardaş olub, cibimə pul qoyub. Digər bir əsgəri də video çəkib, Həmid haqqında danışıb, göndərib. Mənim oğluma halal olsun. Əsgərlərinə komandirdən əlavə qardaş olub. Mənim çəkdiyim əziyyət, əmək ona halal olsun”.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 8097

Bizim Telegram səhifəmizi izləyin