hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

“NRYTN artıq əvvəlki nəhəng nazirlik deyil”- “Sektorda həllini gözləyən problem isə çoxdur“ - RƏY

“NRYTN artıq əvvəlki nəhəng nazirlik deyil”- “Sektorda həllini gözləyən problem isə çoxdur“ - RƏY

““Azərkosmos”un sədri işləyən Rəşad Nəbiyev Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib. Qeyd etmək istərdim ki, NRYTN artıq əvvəlki nəhəng nazirlik deyil. Onun tərkibində olan əsas strateji qurumların (Aztelekom, Baktelekom, AzİnTelecom, Azercell və s.) idarəetməsi bir müddət öncə yaradılan Holdinqə həvalə edilib”.

Cebhe.info-nun xəbərinə görə, bunu “Multimedia” İnformasiya Texnologiyaları və Sistemləri Mərkəzinin rəhbəri Osman Gündüz bildirib:

“Bu baxımdan nazirlik qarşısında duran vəzifələr, prioritetlər qısa müddət öncə kəskin surətdə dəyişib. Düşünürəm ki, yeni təyinatı da bu yöndə qiymətləndirmək doğru olardı. İndiki anda Nazirlik daha çox tənzimləmə, səmərəli idarəetmə, rəqabətli mühitin formalaşması , innovasiyalar və sektorda dövlət siyasəti ilə bağlı məsələlərlə məşğul olmalıdır. Düşünürəm ki, yeni nazir təyinatı da məhz bu konteksdə qiymətləndirilməlidir. Nazirlik qarşısında duran vəzifələr baxımından Rəşad Nəbiyevin nazir təyinatı uğurlu hesab oluna bilər. Əvvəlki dönəmlərdə də o, məhz sektorda iqtisadi təhlillərə cavabdeh şöbəyə rəhbərlik edirdi. Hətta xatırlayıram ki, uzun müddət öncə onun rəhbərlik etdiyi şöbədə sektorun tənzimlənməsi ilə bağlı bir konseptual sənəd də hazırlamışdılar”.

Osman Gündüz bildirib ki, Rəşad Nəbiyev “Azərkosmos”-a rəhbərlik etdiyi dönəmdə innovasiyalar və startap sahəsinin inkişafına da diqqət yetirməyə çalışırdı:

“Bəs hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində struktur dəyişikliyi olacaqmı? Tənzimləyici qurum necə formalaşacaq, elə Nazirliyin əsasındamı yaradılacaq, yoxsa üzvləri Prezident tərəfindən təyin olunan Telekommunikasiya Şurası formalaşacaq? Dövlətə məxsus olan rabitə resurslarından özəl və dövlət sektorun bərabər əsaslarla istifadəsi təmin olunacaqmı? Rəqəmsallaşma, keyfiyyətli internet baxımından region və Bakı arasında bərabərsizlik aradan qalxacaqmı? Sektorda həllini gözləyən problemlər çoxdur. Ümid edirəm və inanıram ki, yeni nazir İKT sektorunu müasir çağırışlara cavab verəcək səviyyəyə qaldıra biləcək”.

Xatirə
Cebhe.info


Oxunma sayı: 3015