hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9162
  • NEFT - 66.89
  • clouds-weather

“Ölkələrin bir-birini tanıması üçün kanalların yayımı yaxşı təşəbbüsdür” - Qulu Məhərrəmli

“Ölkələrin bir-birini tanıması üçün kanalların yayımı yaxşı təşəbbüsdür” - Qulu Məhərrəmli

“Dünyada heç bir ölkə və onun televiziyası özünə qapanıb qalmır. Ölkələrin bir-birini tanıması, bir-birində kanallar vasitəsi ilə proqramların nümayiş olunması yaxşı təşəbbüsdür. İnformasiyanın yayılması, ölkənin tanınması, onun problemlərinin bu və ya başqa ölkədən çatdırılması sistemli xarakter daşıyır. Bunun üçün düşünülmüş, sistemli çox şeylər olmalıdır".

Bunu Cebhe.info-ya açıqlamasında Jurnalistikanın İnkişafına Yardım Fondunun sədri, Əməkdar jurnalist Qulu Məhərrəmli bildirib. 

O, Türk Şurasına üzv olan dövlətlərdə televiziya sahəsində Vahid Platformanın yaradılması və bunun inkişaf etdirilməsinin informasiya blokadasının aradan qaldırılmasında nə qədər əhəmiyyət kəsb etməsi ilə bağlı fikirlərini çatdırıb:

"Hesab edirəm ki, müəyyən qurumlar, təşkilatlar bu işlə xüsusi məşğul olmalıdır. Bunu təkcə televiziyaların öhdəsinə buraxmaq doğru olmaz. Çünki bu mürəkkəb bir sistemdir, bunun üçün ayrıca proqram, kontekst, düşüncə olmalıdır. Yalnız bu zaman onun müəyyən effekti ola bilər. Hesab edirəm ki, Vahid İnformasiya Platformasını yaratmaq müxtəlif sistemli, müxtəlif ictimai quruluşlu ölkələrdə çətin məsələdir. Çünki burada maraqlar, dəyərlərə münasibət kimi məsələlər, eyni zamanda beynəlxalq proseslərə yanaşmanın fərqli tərzləri var. Ona görə bu bütün sahələrdə vahid düşünülmüş informasiya çərçivəsində olmalıdır. Məsələn, bəzən elə təsəvvür yaranır, Dağlıq Qarabağ problemi ümumiyyətlə informasiya platformasında sanki unudulub. Halbuki bu, bizim davamlı işimizdir və biz bunu davamlı şəkildə işıqlandırmalıyıq. Bunun haqqında hələlik düşünə bilmirəm, çünki bunun real əsası olmalıdır. Məsələn, vaxtı ilə biz düşünürdük ki, türkdilli dövlətlərin vahid informasiya agentliyi yaradılsın. Sonra məlum oldu ki, mədəniyyətdən və musiqidən başqa bu xalqları birləşdirən çox az şey var. Məsələn, siyasi xəbərlər, iqtisadi həyatla bağlı xəbərlərin paylaşılmasında müəyyən çətinliklər var. Ona görə də elə şeylər etməliyik ki, onlar reallığa uyğun olsun. Çünki Azərbaycanın özünün kanalları var. Məsələn, "CBC" televiziyası var, əsas işi Azərbaycanla bağlı məlumatları böyük televiziya məkanında yaymaqdır. Bu cür platformalardan informasiya yayımını effektli etsək, ondan daha çox şey gözləmək olar”. 

Xatırladaq ki, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısında “Azərbaycanın dövlət və İctimai Televiziyası Türk Şurasına üzv dövlətlərdə yayımlansın. Eyni zamanda həmin dövlətlərin də dövlət və ictimai televiziyaları Azərbaycanda yayımlansın" təklifini edib. 

Səyyad Həsənli 
Cebhe.info


Oxunma sayı: 1618