hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Oval kabinet” uğrunda amansız yarış: Ölkə iğtişaşlara doğru gedir

“Oval kabinet” uğrunda amansız yarış: Ölkə iğtişaşlara doğru gedir

ABŞ-da bu il prezident seçkilərinin gərgin keçəcəyi gözlənilir.

Hətta bu, ABŞ-ın son 50 illik tarixində ən kəskin siyasi qarşıdurmanın baş verdiyi seçkilər ola bilər. Səbəb yalnız prezident Donald Trampla demokratlar arasında münasibətlərin siyasi nifrət həddinə çatması ilə bağlı deyil. Ümumiyyətlə, seçki prosesinə son vaxtlar təsir göstərən əlavə, proqnozlaşdırılmamış təsirlər meydana çıxıb. Ona görə də səsvermənin gedişi və nəticələri ilə bağlı ciddi fikir ayrılığının baş verəcəyi istisna olunmur. Sonuncu belə böyük hadisə 2016-cı ildə Rusiyanın prezident seçkilərinə D.Trampın xeyrinə kibermüdaxiləsi ilə bağlı iddia əsasında olub. Məlum olduğu kimi, bu hadisə xüsusi prokuror Müller tərəfindən 3 il davam edən istintaq işinin aparılması və Konqresdə Trampa qarşı impiçment prosedurunun başlanılması ilə nəticələnmişdi. Lakin ölkənin konstitusiyasının və milli təhlükəsizliyinin prezident tərəfindən pozulduğu təsdiqini tapmadığından Tramp impiçment təhlükəsindən sovuşa bildi.

Rusiyanın seçkilərə müdaxiləsi məsələsi xarici amil olduğundan ABŞ Konqresi və xüsusi xidmət orqanları bu problemin qarşısını almaq üçün bir sıra tədbirlər görüb. Bu, sanksiyalardan və bir sıra kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsindən ibarətdir. Ancaq son zamanlar ABŞ-da seçkilərə təsir göstərə biləcək daxili amillər formalaşıb. Bu da seçkilərin nəticələrinin şübhə alınması kimi iddialar doğurur. ABŞ-da seçki sistemini zədələyən faktorların yaranmasında koronavirus pandemiyası mühüm rol oynayıb. Karantin şəraitində seçicilərin kütləvi məntəqələrə gəlib səs verməsi mümkün deyil. İnsanlar arasında məsafəni təmin etmək üçün son zamanlar dünya ölkələri yeni prosedur tətbiq etməyə başlayıb. Məsələn, Polşada may və iyun aylarında prezident seçkilərinin hər iki turunda səsvermə poçt vasitəsilə keçirildi. Qeyd edilən sistem kifayət qədər şəffaf olmasa da nəticələri şübhə altına alınmadı. ABŞ-da da noyabrın 3-də prezident postuna və Konqresə aralıq seçkilərin poçt vasitəsilə keçirilməsi təklif olunur. Lakin Donald Tramp bu fikrə qarşı çıxır. Ağ Evin rəhbəri hesab edir ki, Demokratlar Partiyası poçtla səsvermə prosedurundan istifadə edərək seçkiləri Co Baydenin xeyrinə saxtalaşdıra bilər. O, hesab edir ki, bu sistem xarici müdaxiləyə və manipulyasiyaya qarşı çox həssasdır. Ancaq indiyə qədər belə təcrübədən istifadə olunmadığından seçki bülletenlərinin poçtda saxtalaşdırılması barədə konkret fakta da rast gəlinməyib. Ona görə də Tramp yaranmış fürsətdən istifadə edərək pandemiya dövrü bitənə qədər seçkiləri təxirə salmağı, daha doğrusu səlahiyyət müddətinin uzadılmasını təklif edir. Bu isə ABŞ qanunvericiliyi ilə uyğun gəlmədiyindən demokratların ciddi etirazı ilə qarşılanıb. Hətta jurnalistin demokratların namizədi Co Baydenə “Əgər Tramp Ağ evi tərk etmək istəməsə nə edəcəksiniz” sualına o, belə cavab vermişdi: “O zaman Amerika əsgərləri gələcək və onu oradan bayıra qovacaq”.

Halbuki, Şimali Karolinada çıxışı zamanı prezident Tramp seçiciləri iki dəfə səs verməyə çağırmışdı- Birinci dəfə poçtla, sonra məntəqələrdə. Prezidentin sözlərinə görə, bu yolla sistemin möhkəmliyini yoxlamaq mümkündür.

Bu ikiqat səsvermənin nəticələrinin qarşısını almaqla yanaşı, nəticələrin təhrif olunmasına imkan verməyə bilər.

"Bu sistem deyilən qədər yaxşıdırsa, təbii ki, seçki məntəqəsində səs verə bilməzsiniz"-prezident belə deyib.

Daha sonra Tramp “Twitter” hesabında insanların poçtla göndərilən səsinin sayılıb-sayılmadığını yoxlamaq üçün seçki məntəqəsinə gəlmələrinin və yenidən səs verməyin lazım olduğunu açıqlayıb. Lakin Trampın ilk açıqlamasından sonra, Şimali Karolinadan vəkil Coş Şteyn prezidentin seçiciləri seçkilərdə fəsad törətməyə kömək etmək üçün qanunları pozmağa çağırdığını yazıb. Göründüyü kimi, seçkilər sərt mübarizə şəraitində baş tutacaq. Ağ Ev seçkilərin gələcək nəticələrini bəri başdan şübhə altına almaqla müxalifət namizədinin qələbəsinə inamsızlıq yaratmağa çalışır. Öz növbəsində, demokratlar da Trampı hakimiyyətdən uzaqlaşdırmaq üçün bütün demokratik seçki prosedurlarından istifadəni qarşıya məqsəd qoyub. Pandemiyanın ABŞ cəmiyyətində yaratdığı digər problem iqtisadi amillə bağlıdır. Ölkədə iqtisadi resessiyanın və işsizliyin artması müxalifətin sosial bazasını genişləndirib. Pandemiyadan əziyyət çəkmiş amerikalılar hakimiyyətdən çox narazıdır. Çox güman ki, demokratlar bu fürsəti seçki prosesinə yönəltməyə çalışacaq. Son illər Tramp administrasiyasının yürütdüyü milli, dini və irqi ayrı-seçkilik siyasəti ABŞ-ı yenidən ağlara və qaralara bölüb. May ayından bəri üç nəfər afroamerikalının polis tərəfindən güllələnməsi Amerikada kütləvi etirazların siyasi nüvəsini təşkil edib. Demokratlar Partiyasının sosial bazasını afroamerikalılar təşkil etdiyini nəzərə alsaq, iyun ayında olduğu kimi seçkilərdə də Ağ Evə ayaqqabı atanlar yenə meydana çıxa bilər. Yəni seçki prosesində bir-birinə kontept münasibət bəsləyən iki siyasi qütbün qarşı-qarşıya gəlməsi baş verəcək. Onların biri mühafizəkar, digəri isə qisasçı təsiri bağışlayır. Bu proses artıq sosial şəbəkələrə transfer edib. Digər dünya ölkələrində olduğu kimi sosial şəbəkələr ABŞ-da seçkilərə təsir vasitəsinə çevrilib. Əgər əvvəllər insanlar öz etirazlarını sosial şəbəkədə bildirməklə siyasi enerjisini boşaldırdısa, indi yeni vəziyyət müşahidə olunur. Virtual aləm siyasi qarşıdurmanı gücləndirmək və onu real həyata ötürmək funksiyasını yerinə yetirir. İnformasiya müharibəsinin güclənməsi ictimai mühitdə parçalanmanı artırır. Analoji vəziyyətin seçkiqabağı ABŞ-da da yarandığını görmək olar. Məhz bu səbəbdən “Facebook” şirkətinin rəhbəri Mark Zukerberq seçkilərə bir həftə qalmış öz sosial şəbəkəsində siyasi reklamın yerləşdirilməsinə qadağa qoyacağını bildirib. O, bildirib ki, Amerika cəmiyyətində iğtişaşlara səbəb ola biləcək dərin parçalanma var.

"Qarşıdakı seçkilər qeyri-adi olacaq. Millətimiz çox bölünüb və seçkilərin nəticələrini yekunlaşdırmaq günlər, hətta həftələr çəkə bilər. Ölkədə vətəndaş iğtişaşları riski artacaq"- deyə Zukerberq öz postunda yazıb. Mark Zukerber hesab edir ki, səsvermə günü ilə yekun nəticələrin elan edilməsi arasında yaranmış bir neçə günlük fasilə ABŞ-da vətəndaş qarşıdurmasına gətirib çıxara bilər. Trampın seçkilərin legitimliyini bəri başdan şübhə altına aldığını nəzərə alsaq, vəziyyətin son dərəcə xoşagəlməz bir istiqamət alacağını gözləmək olar.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 21220