hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Prezident çox ağır bir prosesi ustalıqla aparır” - MÜSAHİBƏ

“Prezident çox ağır bir prosesi ustalıqla aparır” - MÜSAHİBƏ

Elşad Musayev: “Müvafiq şöbə yaranandan sonra siyasi partiyalarla əlaqələr quruldu, dialoq başlandı”

Azərbaycan ordusunun Ermənistanın hərbi təxribatlarına qarşı başlatdığı əks-hücum əməliyyatı uğurla davam etdirilir. Artıq Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, o cümlədən bu rayonların bir çox kəndləri düşmən işğalından azad edilib. Azərbaycan Ordusu döyüş meydanında öz işini layiqincə görür.

Eyni zamanda, müharibə təkcə döyüş meydanında deyil, həm də informasiya və diplomatiya cəbhəsində də gedir. Diplomatik savaşda əlimizi Azərbaycan Ordusu gücləndirib. Ölkədə vahid mövqe, həmrəylik yaranıb.

Qarabağda baş verənlər, Azərbaycanın diplomatiya və informasiya cəbhəsində apardığı mübarizə hansı nəticələri verir? Müharibə gedən ölkədə milli birliyin hazırkı durumu qənaətbəxşdirmi?

Cebhe.info-nun bu və digər suallarını Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev cavablandırıb.

“Dünyaya mesaj veririk ki...”

-Elşad bəy, Azərbaycanın başlatdığı əks-hücum əməliyyatı ölkədə həmrəylik yaradıb. Bu gün hamı eyni hədəfə vurur desək, yanılmarıq...

-Ermənistanın işğal siyasətini davam etdirməsi nəticəsində Azərbaycan əks-hücum əməliyyatına başlamalı oldu. Bu zaman əksər siyasi qüvvələr vahid mövqedən çıxış etdi. Bunun çox əhəmiyyəti var. Bu da ondan ibarət ibarətdir ki, ölkə daxilində sabitlik təmin olunur, daxili siyasi qüvvələrin, ordunun, cəmiyyətin, dövlətin, bir sözlə, hər kəsin fokuslaşdığı bir istiqamət olur ki, o da ərazilərimizi düşmən işğalından azad etməkdir. Eyni zamanda, biz dünyaya mesaj veririk ki, Azərbaycanda bütün siyasi qüvvələr vahid mövqedən çıxış edərək ərazilərini düşmən işğalından azad etmək üçün dövlətin, hakimiyyətin yanında yer alır.

“Vətənin müdafiəsi gündəmə gələndə bəziləri hikkələrindən geri çəkildi”

-Bu həmrəyliyin alınmasında hakimiyyətlə siyasi partiyalar arasında başladılan yeni əməkdaşlığın xüsusi yeri var. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi və şöbə müdiri Ədalət Vəliyevlə siyasi partiyalar arasında keçirilən görüşləri necə dəyərləndirərdiniz?

-Obyektiv olaraq demək lazımdır ki, müvafiq şöbə yaranandan sonra siyasi partiyalarla əlaqələr quruldu, dialoq başlandı. Bu işə rəhbərlik edən isə Ədalət Vəliyevdir. Hesab edirəm ki, əvvəlkilərdən fərqli olaraq bu sahədə çox uğurlu işlər gördü. Qısa zamanda bütün siyasi təşkilatllarla hakimiyyət arasında əlaqə quruldu. Bu əlaqələr də lazım gələndə vahid mövqedən çıxış etməyin mümkünlüyünü göstərdi. Bu məsələdə dediyimiz kimi, Ədalət Vəliyevin xüsusi əməyini qeyd etmək lazımdır. Eyni zamanda, bizim siyasi təşkilat rəhbərləri də indiki məqamda müdriklik göstərdilər. Onu da xüsusi qeyd etmək lazımdır ki, bütün narazılıqlara, problemlərə baxmayaraq, siyasi təşkilatlar vətənin müdafiəsi gündəmə gələndə öz iddialarından, bəziləri isə hikkələrindən geri çəkildi və vahid mövqedən çıxış etdilər.

“Heç bir halda ermənilərə muxtariyyət vermək olmaz”

-Bu günə qədər bütün partiyaların, o cümlədən sizin seçki platformasında Qarabağ problemi ilk sırada gəlirdi. Sülh yolu təklif edənlər də var idi, qatı müharibə tərəfdarları da... Siz nə təklif edirdiz?

-Tam səmimi şəkildə açıq deyim ki, bizim mövqeyimiz hər zaman hərbi-siyasi yol olub. İllərlə bu mövqeni, xətti tutmuşuq. Açıq şəkildə deyirdik ki, Qarabağ məsələsi hərbi-siyasi yolla həll olunmalıdır. Siyasi təşkilatların heç birinə kölgə salmaq istəmirəm, çox böyük hissəsi, özünü iri partiya hesab edənlər də hər zaman “sülh yolu” deyirdilər. Çünki onlar Qərb təşkilatları ilə əlaqəlidirlər, qrantlar alırlar. Amma bizim elə bir öhdəliyimiz yoxdur. Biz heç vaxt xarici dairələrdən, qrant verənlərdən, “sülh göyərçinləri”ndən, torpaqları danışıqlar yolu ilə ermənilərə verənlərdən çəkinəcəyimiz yoxdur. Ona görə də bu məsələdə milli düşərgəni xüsusi demək istəyirəm ki, biz bir neçə partiya hər zaman müharibə demişik. Bəziləri müharibədən bir gün qabaq “müharibə olmayacaq” dedi, bəziləri müsahibə verib dedi ki, Azərbaycanda hakimiyyət dəyişməlidir və ondan sonra demokratik düşərgə hərbi əməliyyatlara dəstək verəcək. Belələri çoxdur, amma indiki halda bütün bu məsələləri arxada qoyub vahid mövqedən çıxış edərək hərbi yolla ərazilərimizi işğaldan azad etməliyik. Açıq şəkildə də demək istəyirəm ki, heç bir halda ermənilərə muxtariyyət vermək olmaz. Amma yenə də birgəyaşayışdan, muxtariyyətdən danışanlar var. Əvvəl ermənilərə muxtariyyət vəd edirdilər, sonra Prezident mədəni muxtariyyət dedi, indi də onu deyirlər. Hökumət nisbətən yumşaq, beynəlxalq hüquqa uyğun, siyasi təşkilatlar isə sərt danışmalıdır. Erməni mətbuatını izləyənlər bilir ki, Ermənistanın prezidenti də, baş naziri də, deputatları da, siyasi təşkilatları da azərbaycanlılarla birgəyaşayışın mümkünsüzlüyünü təbliğ edir, qondarma respublikalarına müstəqillik tələb edirlər. Bizimkilər də burada qorxaq mövqedən danışır. Olmaz belə şey. Bizim qanımız tökülüb, şəhid veririk, düşmənlə konkret olaraq hərbi dildə danışmalıyıq. Torpaqlarımızı işğaldan azad edəndən sonra təbii ki, sülh danışıqları olacaq. Bu zaman da ermənilərə şərt diktə etməli və təslimçi sülhə məcbur etməliyik.

“İndiki halda “sülh göyərçinləri”nin dostluqdan danışması olmaz”

-Xatırlayırsızsa, bir müddət əvvəl “sülh göyərçinləri” ortaya çıxmışdı və qarşılıqlı səfərlər, birgəyaşayış, bir sözlə, “barışıq” addımları atırdılar. Bəziləri də hələ də eyni möqedən çıxış edir... Necə düşünürsünüz, ermənilərlə dost olmaq mümkündürmür?

-Azərbaycana hələ də “5-ci kolon”un adamları, eyni zamanda, xaricdən qrant alanlar var. Bunların böyük hissəsi qrantları davamlı almaq üçün “sülh quşu”olmaq missiyalarını davam etdirir. Onların bir qismi tanınmış adamlardır, bir qisminin uşaqları, həyat yoldaşları, qohumları ordadır. Bunlar evlərində uşaqlarına, ailələrinə nəzarət edə bilmirlər? Hər şeyi açıq şəkildə, adı ilə demək lazımdır. Müharibədən sonra “qəhrəmanlar” ortaya çıxacaq. Ermənilər bu bölgəyə gələndən buranın hüzurunu pozub. Mən- Elşad Musayev demişəm, sonra başqaları bundan istifadə etməyə başladı ki, 200 ildir bu bölgənin hüzuru pozulub, indi əlimizə yeganə şans düşüb, bu məsələni həll edək. Balaca bir xalq gəlib burada terror dövləti düzəldib. Biz erməniləri tanıyırıq, onlar qorxaq xalqdır. İndiki halda “sülh göyərçinləri”nin ortaya çıxması, dostluqdan-qardaşlıqdan danışması qətiyyən olmaz. Çünki biz düşmənlə vuruşuruq. Ermənilər bizim qanımızı töküblər. Necə onlarla birgə yaşayaq? Mümkün deyil! Ərazilərimizdən təmizləmək lazımdır!

“Qürurlu, qalib bir xalq olacağıq”

-Qarabağda qələbə siyasi mühitə hansı dəyişikliklər gətirəcək?

-Fikir verin, millətimiz bu qələbə nəticəsində nə qədər qürurlanıb. Qürurlu, qalib bir xalq olacağıq. Azərbaycanda çox şey dəyişəcək. Əvvəlki kimi bu əzilmiş, yıxılmış xalq olmayacaq. Seçkilər də normal, demokratik keçiriləcək. Ölkədə hər şey dəyişəcək. Bu qürurlu xalq özünün idarəetməsini də yeni demokratik dünyaya uyğun görmək istəyəcək. Ordusunu da, dövlətini də, Prezidentini də elə görəcək. İndiki halda görürük ki, hamı birmənalı şəkildə ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevi dəstəkləyir. Dəstəkləməlidir də, çünki çox ağır bir prosesi ustalıqla aparır. Bəziləri qorxaq mövqedən çıxış edib deyir ki, filan ölkəyə bunu demək olmaz. Amma Prezident açıq faktlarla ermənilərə yardım edənləri ifşa edir. Minsk Qrupunun həmsədrlərini ifşa edir, eyni zamanda, F-16-larla bağlı suala cavab verdi, açıq şəkildə dedi ki, əgər bizə qarşı aqressiya olarsa, F-16-ları göydə görəcəklər. Bundan artıq nə desin? Açıq şəkildə dedi ki, biz Türkiyə ilə canbir qardaşıq, nəsə olsa arxamızda dayanacaq. Bunu bəzi yetkililər, partiya rəhbərləri deməyə belə qorxurlar. Hesab edirəm ki, televiziyalar Prezidentin çıxışını mütəmadi olaraq verməlidir. Eyni adamlar, “5-ci kolon”un adamları, şou əhli çıxıb siyasətdən danışır. Bunlardansa mütəmadi olaraq Prezidentin çıxışını verməlidirlər.

“Qarabağın açarı Azərbaycan Ordusunun əlindədir”

-27 il işğal tarixində belə bir fikir formalaşmışdı ki, “Qarabağın açarı Rusiyanın əlindədir”. Amma indi proseslərin gedişatı fərqli mənzərə formalaşdırıb. Qarabağ məsələsində Rusiya faktoru hazırda nə qədərdir?

-Cürbəcür fikirlər deyirdilər. Bəzən deyirdilər ki, “Qarabağın açarı ABŞ-dadır”, “Qarabağın açarı Rusiyanın əlindədir”. Bizim mövqeyimiz ondan ibarətdir ki, “Qarabağın açarı Azərbaycan əsgərinin cibindədir”. Ona əmr vermək lazımdır ki, gedib o qapını açsın. İndi aydın görünür ki, həqiqətən də Qarabağın açarı Azərbaycan Ordusunun əlindədir.

“Bəzi məsələlərdə Türkiyədən nümunə götürməliyik”

-27 illik işğala susanlar bu gün “erməni dili” ilə danışır. Xocalıya susanlar bu gün ermənilərə dəstək verir. Gəncədəki, Bərdədəki erməni terrorunu görməyənlər ermənilərə humanitar yardım adı ilə silah göndərir. Bu dünyanın Azərbaycana sülh çağırışı etməyə hansı haqqı var?

-Əvvəlki dövrlərə nisbətən Azərbaycan beynəlxalq səviyyədə xeyli dərəcədə iş aparıb. Xeyli ölkələrlə, qurumlarla iş gedib. Məsələn, Azərbaycan indi Qoşulmama Hərəkatında söz sahibidir. Ayrı-ayrı ölkələrlə əlaqələr, münasibətlər qurmuşuq. Bütün bunlara baxmayaraq, bəziləri xristian təəssübkeşliyi ilə ermənilərə dəstək olur. Digər tərəfdən “kürəsəl sərmayə” deyilən bir məsələ var ki, Paşinyan da onların təmsilçisidir. Makron da onlara işləyir. Paşinyan Soros, Makron Rotşild xətti ilə hakimiyyətə gəlib. Bütün bu beynəlxalq təşkilatlar milli dövlətlərdən fərqlidir. “Kürəsəl sərmayə” ilə formalaşanlar isə ermənilərin tərəfini tutacaqlar. İstəyirsən, Allah uzaq eləsin, bizdə Xocalı kimi 10 soyqırım törətsinlər, buna baxan olmayacaq. Amma biz Xankəndinə bir güllə atanda, onu şişirdib deyirlər ki, “kaset” bombası atdılar. Biz buna da hazır olmayıq. Bəzi məsələlərdə Türkiyədən nümunə götürməliyik. Onların Xarici İşlər naziri Mövlud Çavuşoğlu görürsüz necə dimdik durur? Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyanı dizinin altına gətirib. ABŞ Türkiyəyə sanksiya tətbiq etmək istəyirdi, Ərdoğan cavab olaraq dedi ki, burası Türkiyədir, qəbilə dövləti deyil! Heç kim Qarabağa görə gəlib bizimlə vuruşası deyil. Dünyaya nümayiş olundu ki, bizim ordumuz çox güclü və hazırlıqdır. Eyni zamanda, qardaş Türkiyə arxamızda dağ kimi durub. Bundan başqa Pakistan, İsrail, Ukrayna bizə dəstək verir. Rusdilli sosial şəbəkələrdə türkdilli qardaşlarımız açıq şəkildə bizə dəstək verir, yəni həm də informasiya məkanında dəstəyimiz var. Ona görə də bu məsələlərdə geri çəkilmək lazım deyil. Dik durub ərazilərimizi azad etməliyik.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 10099

Bizim Telegram səhifəmizi izləyin