t “Putin Kadırova da əvəz tapıb”- Şimal qonşumuzda islahat küləyi
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

“Putin Kadırova da əvəz tapıb”- Şimal qonşumuzda islahat küləyi

“Putin Kadırova da əvəz tapıb”- Şimal qonşumuzda islahat küləyi

“Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə həyata keçirilən islahatlar Rusiyada dövlət idarəçiliyində yeni bir modelin tətbiqini özündə etiva edəcək” 

Bunu V.Putinin son islahatları ilə bağlı Cebhe.info-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

“Rusiyada müasir dövrün tələblərinə cavab verən dövlət idarəçiliyinin tətbiqi və təkmilləşdirilməsi zərurəti meydana gəlib. Heç şübhəsiz ki, bütün bu islahatlar öz əksini Rusiyanın ali qanunvericiliyində tapacaq. İslahatların həyata keçirilməsində məqsəd Rusiya dövlətçiliyinin qarşısında bu gün üçün dayanan vəzifələrin öhtəsindən gələ biləcək daha model və daha işlək komandanın formalaşdırılması zərurətidir. Bu model Rusiyada prezident idarəetməsini qarışıq idarəemə sistemi ilə dəyişdirilməsini təklif edir. Bu modelin zamanında tətbiqi ilə bağlı ilk təklifləri Nazarbayev vermişdi və MDB məkanında belə bir modelin tətbiqi məhz Qazaxıştanda həyata keçirilmişdi. Modelin mahiyyəti ondan ibarətdir ki, Rusiyada prezident institutundan da yuxarı bir institut - Dövlət Şurası təsis olunub. Dövlət Şurası da özündə həm qanunverici orqanın, həm də icra hakimiyyətinin müəyyən səlahiyyətini cəmləşdirəcək. Bütün hallarda bu model Putin hakimiyyətinin daha uzunömürlü olmasını özündə əks etdirir. Sözügedən modelin tətbiqi ilə bağlı həyata keçirilən dəyişikliklər onu göstərir ki, yaxın perspektivdə Rusiyada Putini əvəz edə biləcək xarizmatik keyfiyyətə malik lider hələ ki, görünmür”. 

Ekspert V.Putinə qarşı çıxan rus müxalifətindən də danışıb: 

“Rusiya müxalifətinin təşəbbüsü ilə Moskvada başlanmış müəyyən aksiyalar özü də göstərdi ki, bu müxalifətin Putinə qarşı çıxa biləcək geniş sosial bazası yoxdur. Əgər müxalifətdə söhbət Navalnıdən gedirsə, onun tərəfdarları Rusiya masştabında elə geniş sosial bazaya malik deyillər. Əgər olsa belə, biz bu sosial bazanı böyük şəhərlərdə görürük. Rusiyanın Dumada təmsil olunan sistem müxalifəti isə Putinin dəyişikliklər barəsindəki təkliflərini alqışlayır. Çünki bu modelin tətbiqi ilə Rusiyada Dövlət Dumasının səlahiyyətləri artırılır. Bu da Dövlət Dumasında təmsil olunan və ya gələcəkdə təmsil olunacaq siyasi partiyaların ölkənin ictimai-siyasi həyatında təsir imkanlarının artırılmasına şərait yaradır. Bu mənada sistem müxalifətinin və Dumada təmsil olunan siyasi partiyaların da Putinin bu təklifinə qarşı çıxmayacağı bəllidir. Putinin özünə yaxın olan kadrları hakimiyyətdən uzaqlaşdırmasının səbəbi isə həmin adamların idarəçilikdəki yerinə rus ictimaiyyətində fikirlərin birmənalı olmamasıdır. Navalnı öz sosial şəbəkə hesabında Medvedyevin korrupsiyaya bulaşmış ən ciddi fiqurlardan olduğunu göstərirdi. Kadırova gəldikdə isə onun daha çox mühafizəkar düşüncə tərzinə malik siyasətçi olduğu bəllidir. Güman edirəm ki, Kadırovla bağlı dəyişikliklər də Çeçenistanda tətbiq olunacaq. Düşünürəm ki, Putin Çeçenistana da çeçen xalqının qəbul edəcəyi bir kadr düşünüb. Həmin siyasətçi Kadırovu bu vəzifədə əvəz etməlidir. Bütövlükdə götürdükdə isə bu gün Rusiya xalqının qarşısında qlobal mahiyyət kəsb edən problemlər durur. Artıq Rusiya Çin ilə bərabər ABŞ-a qarşı geniş koalisiyada çıxış edə biləcək dövlətdir. Putinin Yaxın Şərqdə Türkiyə və İranla bağlı ABŞ planlarına qarşı sərgilədiyi mövqe onu göstərdi ki, Rusiya regional yox, beynəlxalq gücə çevrilir. Onun maliyyə imkanları və hərbi qüdrəti artmaqdadır. Müasir dövrün qlobal tələblərinə uyğun olaraq Putin də Rusiya dövlətçiliyinin yaxın perspektiv üçün təkmilləşdirilməsi variantını irəli sürüb. Bütün hallarda bu modelin rəhbər strukturunda Putin özünü görür. Eyni zamanda Krımın Rusiyaya ilhaqından sonra Putinin reytinqi daha da artdı. Bu, dünya dövlətləri tərəfindən də dolayısı ilə etiraf edilir. Bu gün Qərbi Avropa ölkələri Rusiyaya tətbiq olunan sanksiyaların aradan qaldırılmasının vaxtı olduğunu deyirlər. Çünki Rusiyaya tətbiq olunan sanksiyalardan Rusiyadan çox Avropa dövlətləri əziyyət çəkir. Çünki Rusiyaya bu sanksiyaları tətbiq etməklə ABŞ çalışır ki, onu Avropanın enerji bazarından çıxarsın. Özünün isə Avropa dövlətlərinə satdığı enerjinin qiyməti Rusiyanın təklif etdiyi enerji qiymətindən 3 dəfə bahadır. Bununla həm Rusiyanı, həm də Avropa dövlətlərini zəiflətməyə çalışır ki, Avropa dövlətlərini Amerika üçün yedək dövlətə çevirsin. Ona görə də Avropa dövlətləri ABŞ-ın yalnız Rusiyaya qarşı deyil, İrana qarşı da tətbiq etdiyi sanksiyalara birmənalı münasibət bəsləmədi. Bu mənada dövlətlərin iqtisadi, maliyyə maraqları yaxın perspektiv üçün Rusiyaya tətbiq edilən sanksiyaların aradan qaldırılması zərurətini doğurmalıdır”. 

Politoloq deyib ki, Rusiyada həyata keçirilən bu islahatlar yaxın zamanda digər ölkələrə də təsir edəcək: 

“Düşünürəm ki, Rusiyadakı idarəetmə sistemindəki islahatlar yaxın gələcəkdə MDB-nin digər ölkələrinə də siraət edəcək”. 

Əli Bədir 
Cebhe.info


Oxunma sayı: 15973