hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

“Putin yolu” ölkəyə nə vəd edir? - “ Radikal qüvvələr aradan götürüləcək” - MÜSAHİBƏ

“Putin yolu” ölkəyə nə vəd edir? - “ Radikal qüvvələr aradan götürüləcək” - MÜSAHİBƏ

Rusiyada Konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçirilib.

Koronavirus pandemiyası ilə əlaqədar 1 həftə əvvəl başlayan seçkilər dünən yekunlaşıb. Rusiya prezidenti Vladimir Putin də konstitusiyaya düzəlişlə bağlı referendumda iştirak edib.

Xatırladaq ki, Putin 10 martda Dövlət Dumasında çıxışı zamanı konstitusiyaya dəyişikliyi dəstəklədiyini bildirib və referenduma çağırış edib. Dəyişiklik müşahidəçi Dövlət Şurasının yaradılmasını, rus dilinin əsas dövlət dili olaraq qorunmasını və digər məsələləri nəzərdə tutur.

Lakin əsas məsələ bunlar deyil. Hər kəsin diqqətini çəkən bir dəyişiklikdir ki, o da Prezident Vladimir Putinin 2036-cı ilə əlaqədar növbəti dəfə prezident seçilməsinə əsas verir. Ekspertlərin fikrincə Putin bu istəyinə də nail olacaq. Lakin növbəti 30 ildə Rusiyanı nələrin gözlədiyi maraqlıdır.

Rusiyadakı hansı mövcud şərait Putini bu addımı atmağa məvbur edib? O, hakimiyyətdə qalacağı növbəti illər Rusiyaya nələr vəd edir?

Politoloq Fikrət Sadıqov Cebhe.info-nun bu suallarını cavablandırıb:

“Başqası da prezident seçilə bilər”

-Fikrət bəy, Vladimir Putin konstitusiyaya edilən yeni dəyişikliklə istəyinə nail ola bildimi? Növbəti 30 ildə Rusiyanı nə gözləyir?

-Cavab aydın və çox konkretdir. Əlbəttə ki, nail oldu. Çünki referendumda 50 faizdən artıq səs yığılmalı idi. Lakin bunlar təxminən 78 faiz səs toplayıblar. Bu da ona əsas verir ki, konstitusiya düzəlişləri tam mənada əsaslı və Putinə şərait yaradan bir amil kimi qəbul qəbul edilsin. İkincisi də 30 il Rusiyanı nələrin gözlədiyindən danışanda deyə bilərik ki, bu dəyişikliklər növbəti seçkilərdə heç də Putinin seçiləcəyi demək deyil. Rusiya elitası hesab edir ki, bu dəyişikliklər Putinin qarşısında duran məhdudiyyətləri aradan qaldırır. Lakin nəzəri şəkildə ondan başqası da prezident seçilə bilər. Amma söhbətin yalnız Putindən getdiyi aydın məsələdir. Növbəti 30 ildə Rusiyanı nələrin gözlədiyini indidən demək çətindir. Görünən odur ki, Putin hələlik birmənalı şəkildə hakimiyyətdən getmək fikrində deyil. Doğrudur, ona qarşı müxalifət liderləri və Qərb ölkələri tənqidlər yağdırır. Lakin Putin bunları qəbul etmir. Görünür onun da tərəfdarları çoxdur. Onların dəstəyini istifadə edən Putin və komandası konstitusiyaya dəyişiklik etməklə hakimiyyətlərini gücləndirirlər.

“Hesab edirlər ki, o, uzun illər hakimiyyətdə qalmalıdır”

-Rusiyadakı hansı mövcud şərait və ya faktor Putini hakimiyyətdə qalmağa məcbur edir?

-Rusiya imperiya ənənələriylə yaşayır. Bundan sonra da belə yaşayacaq. Onlar hesab edirlər ki, bu məkanda seçilən dövlət başçısı uzun müddət hökmranlıq etməlidir. Onun səlahiyyətləri də çox geniş olmalıdır. Onlar hesab edirlər ki, Rusiya unikal bir dövlətdir və 80-dən artıq subyekti var. Orada müsəlmanlar, xristianlar, kaoliklər, buddistlər və digər millətlər yaşayır. Buna görə də dövlətə möhkəm bir hakimiyyət lazımdır. Möhkəm hakimiyyətin də güclü hakimi olmalıdır. Yəni güclü siyasətçiyə ehtiyac var. Ona görə də Putinin tərəfdarları hesab edirlər ki, Putin təcrübəli siyasətçidir və uzun illər hakimiyyətdə qalmalıdır. Lakin Putin rejiminə qarşı müxalif liderlərin, bloggerlərin fikri, artan narazılıqlar, onların mövcud mülklərinin ifşa olunması hakim qüvvədə qorxu hissi də yaradır. Ona görə də onlar Putinin hakimiyyətdə qalmasını münasib görürlər.

“Rusiya MDB-də güclənə bilər”

-Əgər Putin hakimiyyətdə qalarsa, gələcək illərdə onun siyasətində nələr dəyişəcək və bu dəyişiklik Rusiyaya necə təsir edəcək?

-Birmənalı şəkildə Putinin hakimiyyətdə qalıb ölkəni daha da güclü şəkildə idarə etməsi əsas hədəfdir. Yəni siyasi rejim və onun tərəfdarları ölkədə gedən proseslərə daha da güclü şəkildə nəzarət edəcəklər. Bu, o deməkdir ki, daxildə hakimiyyətə qarşı çıxış edənlər və radikal qüvvələr aradan götürüləcək. Bundan başqa onların Rusiya xaricində, Yaxın Şərqdə və MDB məkanında maraqları da var. Rusiyanın bu məkanlarda da gücünün artması baş verə bilər. Çünki Rusiya hakimiyyəti hesab edir ki, bu məkanlarda da nəzarəti gücləndirə bilərlər. Onların buna kifayət qədər səlahiyyəti və əsası var. Amma bunların Qərb ölkələri ilə münasibətləri gərginləşə bilər. Çünki Qərbdə, Avropada, ABŞ-da Rusiyadakı mövcud vəziyyət normal hesab olunmur. Çünki onlar hesab edirlər ki, Putinin bu addımı avtoritarizm və total bir nəzarət sistemi formalaşdırır. Bu isə nə daxili, nə də xarici siyasətdə müsbət nəticə verə bilməz.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 16556