hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0270
  • EURO - 1.9066
  • NEFT - 64.41
  • clouds-weather

“Qarabağ klanı”na SON ZƏRBƏ: Paşinyan Azərbaycan torpağına kimi göndərir?

“Qarabağ klanı”na SON ZƏRBƏ: Paşinyan Azərbaycan torpağına kimi göndərir?

Dağlıq Qarabağdakı işğalçı rejimin başçısı Bako Saakyan Ermənistanda 2008-ci il 1 mart hadisələri ilə bağlı açılmış cinayət işi ilə əlaqədar istintaqa cəlb olunub. 

Ermənistan mətbuatının verdiyi məlumata görə, Bako Saakyan Xüsusi İstintaq Xidməti tərəfindən dindirilib. Sözügedən xəbərlə bağlı suala cavabında Ermənistan Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan Bako Saakyanın dindirilməsi faktını təkzib etməyib. Lakin hüquq-mühafizə orqanlarının peşə bayramında iştirak edən S.Xaçatryan ətraflı açıqlama verməkdən yayınıb: “Nə təsdiq, nə də təkzib etmirəm”. “Biz bu gün 1 mart işindən danışmırıq. Bu gün bayramdır. Gəlin bugünkü rəmzi gündən danışaq” -deyə, XİX-nin rəisi bildirib. 

Sasun Xaçatryanın açıqlaması Bako Saakyanın timsalında “Qarabağ klanı”nın liderlərindən daha birinə cinayət işinin açılacağını proqnozlaşdırmağa əsas verir. Eks-prezident Robert Köçəryanın həbsindən sonra azadlığa çıxmaq şansı çox az görünür. Çünki Baş nazir Nikol Paşinyan paralel olaraq,  “Qarabağ klanı”na yaxın mövqeyə malik hakimləri məhkəmə sistemindən uzaqlaşdırıb. Artıq Ermənistan Ali Məhkəmə Şurası, Konstitusiya Məhkəməsi, Apelyasiya Məhkəməsinə N.Paşinyana yaxın hakimlər təyin olunub. Köçəryanın həbsi Baş Prokurorluğun təsirinin məhkəmə orqanları üzərində artdığnı təsdiq etdi. Ona görə də növbədə Köçəryana sadiq olan digər şəxslərin həbsinə dair hökm çıxarılacağı gözlənilir. Sabiq müdafiə naziri, Xocalı soyqırımının təşkilatçısı Seyran Ohanyan, Baş nazirin sabiq müavini Armen Gevorkyan və Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş qərargah rəisi Yuri Xaçaturov barəsində 1 mart qırğınına görə həbs qərarı çıxarılacaq.

Xatırladaq ki, 2008-ci il 1 mart hadisələri zamanı Seyran Ohanyan Ermənistanı SQ-nin Baş qərargah rəisi, Yuri Xaçaturov isə İrəvan qarnizonunun rəisi vəzifələrini tutub. İrəvanın “Teatr” meydanında dinc mitinq iştirakçılarına atəş açmaq əmrini verənlərdən biri-müdafiə naziri Mikael Arutunyan isə Rusiyaya qaçıb. Armen Gevorkyan da etiraz aksiyanın gülləbaran edilməsi qərarının qəbul edilməsində iştirak edib. Adları çəkilən şəxslərin hamısı Robert Köçəryanla eyni maddə üzrə ittiham olunur. Onlara Ermənistan CM-nin 300.1-dövlətin konstitusion əsaslarını güc yolu ilə devirmək maddəsi ilə cinayət içi açılıb. Ona görə də həmin şəxslərin azadlığa buraxılacağı inandırıcı görünmür. Lakin məhkəmə prosesi davam edir və R.Köçəryan müvafiq maddə üzrə 15 il müddətinə azadlıqdan məhrum edilə bilər. Adları çəkilən şəxslərin cinayətini sübuta yetirmək üçün kifayət qədər istintaq ifadələri, foto və video materiallar, zərər çəkmiş insanların əlavə şikayətləri var. Bundan başqa, 0038 saylı məxfi əmr Köçəryanın müdafiə nazirinə mitinqə atəş açmaq əmrini verdiyini isbat edir. 

Qeyd edilən cinayət nəticəsində 12 nəfər aldığı güllə arasından ölüb, 170 nəfərdən artıq insan isə yaralanıb. Onların bəziləri isə ömürlük əlil olub. 

Bako Saakyanın həmin cinayətdə iştirakına gəlincə, istintaq materialları İrəvanın mərkəzində Köçəryan rejiminə etiraz edən dinc mitinqin gülləbaran edilməsi və insanlara divan tutulması əməliyyatında Dağlıq Qarabağdan göndərilmiş xüsusi təyinatlı qüvvələrin iştirak etdiyni üzə çıxarıb. Əslində, bu barədə məlumatlar 2008-ci ildə Ermənistan mətbuatında və müxalifət liderlərinin açıqlamalarında yer almışdı. Hətta mitinqin dağıdılmasında Moskvadan gizli reyslə göndərilmiş Rusiyanın “Alfa” xüsusi təyinatlı qrupunun da iştirak etdiyi bildirilir.

Qarabağdan 1000 nəfərədək müqaviləli hərbi qulluqçu və zabit heyətindən ibarət tabor bir neçə gün əvvəldən İrəvan şəhərinə gətirilib. Hərbçilərin bir hissəsi hökumət binasında, digər hissəsi mərkəzi çağırış məntəqəsində yerləşdirilib. Onlar, İrəvan şəhərində yerləşdirildikdən sonra Qarabağdan gələn hərbi qulluqçular Ermənistan Müdafiə Nazirliyinin hərbi geyimi ilə təmin edilib. Nəqliyyat vasitələrinin  (“müdafiə ordusu”) nömrələri  (Müdafiə Nazirliyi) nömrələri ilə əvəz edilməklə bu qüvvələrin qanunsuz cəlb edilməsi faktı gizlədilib. Bundan başqa qondarma qurumun “milli təhlükəsizlik xidmətinin xüsusi təyinatlı dəstəsi”nin 20-dək hərbi qulluqçusu “Hrazdan” otelində yerləşdirilib. 

Qeyd edilən bölmələr döyüş sursatı və müxtəlif silahlarla təchiz ediliblər. Martın 1-də qətlə yetirilən 10 nəfərin hüquqi varislərinin nümayəndəsi vəkil Vahe Qriqoryan mayın 13-də Robert Köçəryanla bağlı məhkəmə iclasından sonra bəyan edib ki, 2008-ci ilin mart 1-dən bir neçə gün əvvəl İrəvana, sıralarında yalnız hərbi qulluqçular olmayan 2000 nəfərədək qoşun gətirilib. Onun fikrincə, onlar öldürücü qüvvə tətbiq ediblər və Köçəryan bu barədə bilməli idi.

Bütün bu qeyd edilən faktlar indi Nikol Paşinyana Qarabağdakı hərbi xuntanın hazırkı rəhbəri Bako Saakyanı tam sıradan çıxartmaq üçün siyasi və hüquqi əsas yaradır. Paşinyan və Saakyan arasında münasibətlər son vaxtlar daha da gərginləşib. Yəni Ermənistan və “Qarabağ klanları” arasında qarşıdurma getdikcə artır. Robert Köçəryanın yenidən həbsə atılmasından sonra bu ziddiyyətin dərinləşməsi qaçılmaz olacaq. Ermənistanın Baş naziri “Qarabağ klanı”nı öz hakimiyyəti üçün real təhlükə hesab edir. Bir il əvvəlki dövrlə müqayisədə siyasi reytinqi xeyli zəifləyən Paşinyan hakimiyyətini qorumaq üçün “Qarabağ klanı”nın liderlərini mümkün qədər tez vaxtda sıradan çıxartmağa çalışır. Seyran Ohanyanın gözlənilən həbsi isə Qarabağ separatçılarına endirilmiş növbəti zərbə olacaq. Lakin hazırda Xankəndidə oturan qüvvələr Paşinyan üçün daha təhlükəlidir. Çünki onlar kifayət qədər hərbi və maliyyə resurslarına malikdir. Üstəlik, Moskvanın hər zaman nümayiş etdirdiyi siyasi dəstək, coğrafi baxımdan da Ermənistanla mövcud olan fərq, yəni Dağlıq Qarabağın Azərbaycan ərazisində olması rejimə Paşinyan hökumətinin təsir imkanlarını azaldır. Buna baxmayaraq, Bako Saakyanın 2008-ci ildə prezident Köçəryanın tapşırığı ilə İrəvana qoşun göndərmək əmri verdiyi sübut olunarsa, Paşinyan onu həbs etdirmək imkanı əldə edəcək. 

Qeyd edək ki, B.Saakyan Ermənistan vətəndaşıdır və bu barədə məlumatı ilk dəfə Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov açıqlayıb. Yəni Saakyanın vətəndaşlığı onu həbs etmək üçün Paşinyana kifayət qədər hüquqi əsas yaradır. Bununla da Paşinyan “Qarabağ klanı”nın əsas başçılarından daha birini sıradan çıxartmış olar. 

Bako Saakyanın 1 mart işinə görə istintaqa cəlb edilməsində ikinci istiqamət Dağlıq Qarabağda 2020-ci ildə keçiriləcək qondarma prezident seçkiləri ilə bağlıdır. Nikol Paşinyan Bako Saakyanın yerinə Köpçəryan-Sarkisyan rejiminə deyil, özünə yaxın bir şəxsin gətirilməsinə çalışır. Hazırda Dağlıq Qarabağ ermənilərinə B.Saakyanın təsir imkanları güclüdür. Görünür, Ermənistanın baş naziri 1 mart hadisələrindəki cinayət əməlini qabartmaqla B.Saakyanı zərərsizləşdirməyə, ən azı təzyiq göstərməyə çalışır. “Seçkilər” yaxınlaşdıqca Ermənistan və “Qarabağ klanları” arasındakı artan qarşıdurma siyasi kartların açılması ilə müşahidə olunur. 

Robert Köçəryanın azadlığa buraxılması haqqında qərarın Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilməsi məhz sözügedən planın tərkib hissəsi idi. Nikol Paşinyanın Bako Saakyanın postuna iddialı olan Vitali Balasanyanı istefaya getməyə məcbur etməsi də bu mövqe savaşının tərkib hissəsidir. 

Ermənistan mediası işğalçı rejimin qondarma prezidenti postuna artıq Nikol Paşinyanın namizədinin adını da açıqlayıb. Söhbət Ermənistanın hərbi məsələlər üzrə baş müşaviri Movses Akopyandan gedir. Movses Akopyan Qarabağ ermənisi olsa da siyasi mövqeyinə görə Paşinyana yaxın şəxs sayılır. 1965-ci ildə Xocavənd rayonunda anadan olmuş Movses Akopyan 1992-ci ildə Xocalıda soyqırım törətmiş 366-cı motoatıcı alayda bölük komandiri olub. Movses Akopyan 2007-2015-ci illərdə Dağlıq Qarabağdakı uydurma rejimin müdafiə naziri postunu tutub. 2016-cı ildə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi vəzifəsinə qədər yüksəlib. Paşinyan hakimiyyətə gəldikdən sonra Akopyanı baş hərbi müşavir təyin edib. 

Bu səbəbdən Dağlıq Qarabağdakı hərbi xunta M.Akopyanın iddiasını gerçəkləşdirməyə mane olmağa çalışır. Belə ki, işğalçı rejimin qondarma konstitusiyasına görə M.Akopyan öz namizədliyini irəli sürə bilməz. Ona görə də Akopyan məsələni daxili qaydalarla həll etmək üçün seçkilərə on ay qalmış tərəfdarları arasında imza toplamağa başlayıb. Sözügedən fakt Paşinyanın və namizədinin 2020-ci ildə “Qarabağ klanı” tərəfindən ciddi müqavimətlə qarşılaşacağını göstərir. Bu isə Dağlıq Qarabağda və Ermənistanda qaynar siyasi hadisələrin baş verəcəyini deməyə əsas verir. 

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 2399