hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

“Qazax baharı”: ABŞ-Rusiya savaşı inqilaba aparır

“Qazax baharı”: ABŞ-Rusiya savaşı inqilaba aparır

Son vaxtlar Qazaxıstanda baş verən etiraz nümayişləri ölkədə 30 ildir davam edən siyasi mənzərəni dəyişməyə başlayıb.

Sosial zəmində başlayan dinc kütləvi aksiyalar artıq siyasi müstəviyə keçir. Etirazçılar konkret olaraq, mövcud hökumətin istefaya getməsini tələb edir, eks-prezident Nursultan Nazarbayevin ünvanına “Qoca, get!” şüarını səsləndirir, onun siyasi varisi Kasım Jomard Tokayevi qəbul etmədiklərini bildirir. Aksyaların Qazaxıstanın eyni vaxtda bir neçə şəhərini əhatə etməsi onun daha geniş miqyas alması ehtimalını yaradır.Hakimiyyət isə ölkəyə sərt nəzarəti bərpa etməyin yolunu sosial şəbəkələriə girişi bağlamaqda görür.Mayın 9-da Qazaxıstanda “Feysbuk”, “İnstaqram”, “Yutub” və “Telegram”a giriş mümkün olmayıb.

İnternet-provayderlər Qazaxıstanda əsas sosial şəbəkələrə və “online” platformalara - “Feysbuk”, “İnstaqram və “Yutub”a, eləcə də mesajlaşma xidməti olan “Teleqram”, həmçinin, xəbər saytlarına girişi bağlayıb.

““Tvitter” və “Vatsap”a giriş mümkün olsa da, “Teleqram” isə senzuraya qarşı tədbirlər görür.

Bundan əlavə, Qazaxıstan ərazisində bir sıra KİV-lərin saytı - rus.azattyq.org, exclusive.kz, vlast.kz, holanews.kz saytlarına giriş mümkünsüz olub. Bir sıra regional nəşrlərin, o cümlədən “Ağ jayık” və “Uralskaya nedelya” saytlarına girişin məhdudlaşdırıldığına dair məlumat yayılıb. “Vlast.kz” saytına qoyulan blok aradan qaldırılsa da “excluziv.kz”-a daxil olmaq hələ də mümkün deyil. 
Məlumatda o da bildirilir ki, məhdudlaşdırma Qazaxıstanın bütün böyük şəhərlərində, o cümlədən Alma-Ata və Nur-Sultanda icazəsiz etiraz aksiyalarının keçiriləcəyinə dair xəbərin yayılması ilə bağlı olub.Qazaxıstan Baş Prokurorluğunun icazəsiz aksiyada iştirak edənlərin məsuliyyətə cəlb ediləcəyinə dair xəbərdarlığına baxmayaraq, insan haqları fəalları küçələrə çıxıblar.Alma-Ata və Nur-Sultanda saxlanılanlar var.

Lakin Qazaxıstandakı etirazların arxasında daxili, yoxsa xarici amillərin dayanması barədə dəqiq fikir söyləmək hələ mümkün deyil.Qazaxıstanlı politoloqlar hesab edir ki, Nursultan Nazarbayevin otuz ildən sonra prezidentlikdən çəkilməsi cəmiyyətdə siyasi nəfəslik açıb.Bu isə yeni prezidentin hələ kövrək olan siyasi hakimiyyəti fonunda müxalif qüvvələrin fəallaşması ilə müşahidə olunur.Digər ehtimallara görə, baş verən olaylar post-Nazarbayev dövründə Qazaxıstana nəzarəti ələ almaq uğrunda fövqəldövlətlərin maraqlar toqquşmasının nəticəsidir.

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədovun sözlərinə görə, Qazaxıstanda baş verən etiraz aksiyaları regionda ABŞ və Rusiya arasında gedən nüfuz savaşının güclənməsindən xəbər verir.Hətta bu prosesin inqilab yolu ilə hakimiyyət dəyişikliyinə gətirib çıxaracağı istisna olunmur. Ona görə də yaxın gələcəkdə Qazaxıstandakı siyasi olaylar Mərkəzi Asiyanın qonşu ölkələrinə də sirayət edə bilər: “Nursultan Nazarbayevin ABŞ-a səfərindən bir il sonra prezidentlikdən istefa verməsi təsadüfi deyil. ABŞ özünün Mərkəzi Asiya və Qazaxıstanla bağlı “İkinci Reyqan planı”nın bəzi detallarını Nazarbayevlə bölüşdü. Həmin detallarda ABŞ təhlükəli qüvvələr sırasında “Taliban” terror təşkilatı ilə Rusiyanı eyni siyahıda göstərmişdi.Nazarbayev də bu təhlükələri görürdü və öz imicini qorumaq adı altında prezidentlik kürsüsünü de-yure tərk etdi.Amma faktiki olaraq, hakimiyyət de-fakto Nazarbayevin nəzarətindədir.Lakin Qazaxıstanda baş verən son hadisələr bir daha təsdiq edir ki, siyasi sistemin bir şəxsə bağlı olduğu ölkələrdə idarəetmənin nəticələri həmişə xaosla nəticələnir.Demokratiyanın və vətəndaş cəmiyyətinin olmadığı ölkələrdə siyasi qarşıdurma qaçılmaz olur.Qazaxıstandakı son etiraz aksiyalarının təşkil edilməsində Rusiya amilinin olduğunu düşünmürəm.Çünki qazax türkləri öz dövlətinə və dövlətçiliyinə xidmət etməyə üstünlük verir.ABŞ da rusların sıxışdırılması ilə müşahidə olunan bu prosesdən maksimum istifadə etməyə çalışacaq.Onu da qeyd edim ki, hər bir ölkədə baş vermiş dinc siyasi inqilabların arxasında ABŞ və Avropa dayanır.Rusiya başqa ölkələrdə dinc siyasi inqilab təşkil etmək gücünə malik deyil.Rusiya güc vasitəsi kimi silah, sui-qəsd və münaqişələrdən istifadə edir.Amma Nursultan Nazarbayevin istefa etməsi ABŞ-a deyil, Rusiyaya qarşı atılan addımdır. 

O, özünü “ofsayt” vəziyyətinə salmaqla hakimiyyəti həm de-fakto idarə edir, həm də de-yure prezidentliyin ona məxsus olmadığını nümayiş etdirir. Nazarbayevin otuz illik keçmişi var və o, bu müddətdə özünə sadiq insanları yetişdirə bilib.Həmin şəxslər siyasi və hərbi elitada təmsil olunur.Eyni zamanda, Nazarbayev dövlətini sevən bir şəxs kimi Rusiyaya qarşı aparılan prosesdə yer alır.Lakin hakimiyyəti təhvil verməklə bu prosesdən kənarda dayandığını göstərməyə çalışır.Bu baxımdan, ABŞ-ın Rusiyanı yenidən fəth etməsinə icazə verəcəyinə inanmıram.Çünki ABŞ Qazaxıstandan mühacirət etməyə məcbur olmuş müxalifət və vətəndaş cəmiyyəti fəallarına dəstək verir.Həmin fəallar əsasən Fransada və digər Avropa ölkələrində yaşayır.Onların da Qazaxıstandakı proseslərə təsiri var. Məncə, Qazaxıstan Qərblə strateji əməkdaşlığı davam etdirənə qədər bu etirazlar davam edəcək.Əgər Qazaxıstan hakimiyyəti bu strateji tərəfdaşlıqdan imtina edərsə, ölkədə “dinc inqilab” qaçılmaz olacaq.Son aksiyalar da iqtidara bir mesajdır.Tokayev hakimiyyəti zəifdir və sistemli əsaslara malik deyil.Əgər Qazaxıstanda sosial şəbəkələrə giriş qadağan olunursa, deməli, daha aksiyaların bölgələrdə daha geniş miqyas alacağından qorxurlar.Rusiya amili burada qoruyucu xarakter daşıyır.ABŞ  Qazaxıstanın aviakosmos sahəsinə nəzarəti ələ almaq istəyir. Rusiya öz ərazisində kosmik raketlərin uçuşu üçün meydança inşa etdiyindən “Baykonur”u tərk edəcək.Əgər Qazaxıstan ABŞ-ın təsir dairəsinə keçərsə, o zaman Mərkəzi Asiyanın digər ölkələri də eyni vəziyyətlə üzləşəcək”.

Qeyd edək ki, Qazaxıstanda 30 il diktaturanın mövcud olması ilə əlaqədar fəal müxalifətin və vətəndaş cəmiyyətinin fəaliyyətinin qarşısı tamamilə alınıb. Bu səbəbdən, ölkədə dinc yolla inqilabı edə biləcək alternativ siyasi güc mərkəzi mövcud deyil.Ona görə də Qazaxıstanda hakimiyyətə qarşı başlanmış nümayişlər siyasi risklər də yaradır.

Fərrux Məmmədov hesab edir ki, Qazaxıstanda hakimiyyət uğrunda inqilabi situasiyanı yetişdirən amillər çoxdur.Müxalifətin fəallığı nəzərə çarpmasa da, ABŞ-ın xüsusi xidmət orqanları bu qüvvələrlə gizli şəkildə işləyir.Bu da Qazaxıstanın geostrateji mövqeyə malik ölkə kimi ABŞ maraq dairəsinə daxil olması ilə əlaqədardır.

“Qazaxıstan Özbəkistan və Əfqanıstan marşrutu ABŞ üçün mühüm srateji əhəmiyyət daşıyır. Bir neçə gün əvvəl ABŞ-ın Əfqanıstanda taliblərlə danışıqlar aparması və bunun nəticəsini pozitiv qiymətləndirməsi, eyni zamanda, Qazaxıstanda baş verən hadisələr təsadüfi proses deyil. Əfqanıstan Özbəkistan üzərindən Qazaxıstana və Mərkəzi Asiyaya çıxış yoludur.Bunun ardınca, Özbəkistanda və Türkmənistanda analoji proseslər baş verə bilər. Məqsəd isə ABŞ-ın Qazaxıstanda və Mərkəzi Asiyada rolunu xeyli zəiflətmək, ən azı siyasi balansa nail olmaqdır. Artıq Cənubi Qafqazda bu balansı təmin edən ABŞ indi qüvvələr nisbətini Mərkəzi Asiyada dəyişməyə çalışır.Hesab edirəm ki, Qazaxıstandakı aksiyalar daha geniş vüsət alacaq”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1299