hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

“Qəbir avtomobillər”: Yol polisi 600 maşını sahibindən alıb ki…- RƏSMİ

“Qəbir avtomobillər”: Yol polisi 600 maşını sahibindən alıb ki…- RƏSMİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqladığı məlumata görə, son 3 ildə Azərbaycanda istehsal olunduğu ölkədə istismar müddəti başa çatmış və ekoloji tələblərə cavab vermədiyi üçün istifadəsi qadağan edilmiş nəqliyyat vasitələrinin sayı 2,5-3 dəfə artıb. 

Hesablamalara görə, 1991-92-ci illərdə Azərbaycanda atmosferə atılan tullantıların 85-90 faizi stasionar mənbələrin, yəni sənaye müəssisələrinin, az hissəsi isə nəqliyyat vasitələrinin payına düşürdü. Bu gün isə bunun əksi olaraq, ölkədə atmosferə atılan zərərli qazların çox hissəsi - 75 faizə qədəri nəqliyyat vasitələrinin payına düşür. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri, polis polkovniki Vaqif Əsədov Cebhe.info-ya deyib ki, hazırda Azərbaycanda istismarı müddəti bitmiş, xarici görkəm və texniki cəhətdən tam yararsız vəziyyətdə olan avtomobillər paytaxt kənarındakı yollarda idarə edilir: 

“Ötən il 600-dən artıq bu tipli avtomobillər tərəfimizdən aşkarlanıb, onun sahibinin razılığı və iştirakı ilə həmin avtomobillər utilizasiya edilib. Bu gün də bu istiqamətdə tədbirlər davam etdirilir. Hazırda ərazilər üzrə baxış keçirilir. Harada tam sahibsiz qalmış nəqliyyat vasitələri varsa, onların sahiblərinə informasiya veririk ki, bu tipli avtomobillər mütləq utilizasiyaya getməlidir”. 

Yararsız, müddəti bitmiş avtomobillərin texniki baxışdan keçirilməsi məsələsinə gəlincə, polkovnik bildirib ki, texniki cəhətdən nasaz olanlar texniki baxışdan keçirmək mümkün deyil: 

“Bu gün texniki baxış deyilən stansiya müasir tələblərə cavab verən texniki qurğularla təchiz olunub. Bu texniki qurğular  yalnız o zaman yaşıl işıq yandırır ki, o, qeydiyyatdan keçirdiyi nəqliyyat vasitəsində texniki nasazlığı aşkar etməsin. Əgər texniki nasazlıq aşkar olunursa, texniki baxışdan keçməmiş sayılır. Texniki cəhətdən nasaz avtomobillər də yol hərəkətində istismar edilə bilməz. Sırf Bakı şəhərinin inzibati ərazisində texniki cəhətdən nasaz avtomobillərin idarə edilməsi yolverilməzdir. Belə avtomobillər süni sıxlığa səbəb olur və qəza vəziyyəti yaradır. DYP paytaxt daxilində bu cür avtomobilləri görən kimi dərhal reaksiya verir. Deyə bilərəm ki, paytaxta istismar müddəti bitmiş avtomobillər yox dərəcəsindədir, amma paytaxtdan kənar yollarda onlara rast gəlmək mümkündür. Dəfələrlə bunun şahidi olmuşam, hətta bu tipli avtomobillərin sürücüləri ilə fərdi söhbətlər aparmışam ki, onların avtomobili çoxdan istismar müddətini başa vurub, artıq təhlükə mənbəyinə çevrilib. Buna görə də həmin avtomobillər təkrara emala verilməlidir. Bu istiqamətdə cəmiyyətimizin hər bir üzvü və hərəkət iştirakçısı təbliğata üstünlük verməlidirlər. Onlara bu cür avtomobillərlə hərəkətin təhlükəli olduğunu inandırmaq lazımdır ”. 

Yeganə Oqtayqızı 
Cebhe.info


Oxunma sayı: 1255