hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

“Qorxulu Tehran”: Türkiyəyə qarşı plan hazırlanır

“Qorxulu Tehran”: Türkiyəyə qarşı plan hazırlanır

Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən sonra Türkiyə və İran arasında geosiyasi rəqabət artmağa başlayıb.

Belə ki, Türkiyənin Cənubi Qafqazda mövqelərinin güclənməsi İranı ciddi narahat edir. Rəsmi Tehranın siyasi qısqanclığı özünü müharibədən dərhal büruzə verməyə başladı.

Dekabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən Qələbə paradında iştirakı zamanı şeir söyləməsi İran rəsmiləri tərəfindən təhdid dolu bəyanatlarla qarşılanmışdı. Ona görə də Tehran hakimiyyətinin Türkiyəyə qarşı digər regionlarda da gedən geosiyasi mübarizədə əks düşərgədə yer alacağı gözlənilir.

İran siyasətçiləri vaxtaşırı rəsmi Ankaranın əleyhinə bəyanatlar verməklə Qərbin Türkiyə ilə münasibətlərində olan fikir ayrılığından faydalanmaq və bu yolla müəyyən dividend əldə etməyə çalışır. Cənubi Qafqazda gedən proseslərdən kənarda qalan İranı Türkiyənin İraqda və Suriyada möhkəmlənməsi də narahat edir. Bu baxımdan, ABŞ-ın Türkiyəyə mənfi münasibəti İranın maraqlarına müəyyən qədər cavab verir. Bayden administrasiyasının Türkiyəyə yönəlik təzyiqləri Tehranın mövqeyi ilə üst-üstə düşməsi qənaəti yaradır.

Ancaq ABŞ-ın Türkiyəyə qarşı rəqabətdə İranla birgə çıxış edəcəyini söyləmək çətindir.

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrədiin Soltan hesab edir ki, Bayden administrasiyası ilə Türkiyə arasında münasibətlər soyuq olsa da ABŞ bu rəqabətdə İranla əməkdaşlığa getməz:

“Bu ilk növbədə, İranın nüvə proqramı ilə bağlıdır. Co Bayden ABŞ-ın 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planına qayıtmasının tərəfdarı olsa da İran uranın zənginləşdirmək siyasətindən imtina etmək istəmir. Bu da Vaşinqtonla gərginliyin yaxın vaxtlarda azalacağını deməyə əsas vermir. Digər tərəfdən, İranın Yaxın Şərqlə bağlı regional siyasəti ABŞ-ın maraqlarına cavab vermir”.

“ABŞ-ın sanksiyaları İranı çox ağır vəziyyətə salıb”

Politoloq hesab edir ki, ABŞ və İranın Türkiyəyə qarşı ortaq mövqe sərgiləyəcəyi real görünmür:

“İran rəhbərliyi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Qrossini qəbul etdi. Qarşılıqlı razılaşmaya əsasən üç ay müddətində MAQATE-nin müfəttişləri İrana səfər ertməli və anlaşmalar imzalamalıdır. Amma İran parlamenti bu razılaşmanı rədd etdi və bildirdi ki, bu məsələ parlamentin nüvə proqramı ilə bağlı qəbul etdiyi qərara ziddir. Bundan dərhal sonra İranın ali rəhbəri Seyid Əli Xamneyi bəyan etdi ki, uranın zənginləşdirilməsi üçün yeni sentrifuqalar quraşdırıla bilər. İran uranı 60 faizə qədər zənginləşdirməyə hazırdır.

Yəni İran hərbi məqsədli nüvə proqramını aktivləşdirmək ərəfəsindədir. ABŞ isə BMT Təhlükəsizlik Şurasının qəbul etdirdiyi sanksiyaları ləğv etdiyini bildirdi. Ancaq bütün bunlar İrana qarşı sanksiyaların ləğv edilməsi anlamına gəlmir. Donald Trampın hakimiyyəti dövründə ABŞ İrana qarşı sərt siyasət həyata keçirirdi. Yəni ABŞ İranın neft sənayesinə sanksiya tətbiq edib. Tramp həmçinin, ABŞ-ı İranın nüvə proqramına dair “Altılıq” müqaviləsindən çıxartdı. Bu sərt siyasət ABŞ-ın Qərbdəki müttəfiqlərini narahat edirdi. Vəziyyəti yumşaltmaq üçün rəsmi Vaşinqton İrana qarşı sanksiyaların ləğvi məsələsini gündəmə gətirdi və özünü danışığa hazır kimi göstərdi. Əslində isə İrana münasibətdə heç nə dəyişmir.

Bu deyilənlər bəyanatdan başqa bir şey deyil. İran tələb edir ki, ilk növbədə, neft və energetika sənayesinə tətbiq edilən sanksiyalar aradan qaldırılsın. ABŞ 1995-ci ildən İrana sanksiya tətbiq edir. Hətta İranın mülki aviasiya sahəsi də embarqolara məruz qalıb və yeni təyyarələr və təyyarələr üçün ehtiyat hissələri ala bilmir. Bu yaxınlarda məlum olub ki, ABŞ istehsalı olan və Tehranda yerə enən “Boeing-737” təyyarəsi Ermənistanın adına sənədləşdirilib. Yəni İran bu cür məsələləri başqa dövlətlərin vasitəsilə həll etməyə çalışır.

ABŞ-ın sanksiyaları İranı çox ağır vəziyyətə salıb. Ona görə də ABŞ-la İranın Türkiyəyə qarşı birləşməsi mümkün deyil. Çünki burada İsrailin təhlükəsizliyi amili var. İsrail İranı birmənalı şəkildə qəbul etmir. İranın bütün xarici və hərbi siyasəti İsrailin məhv edilməsinə yönəlib. Livan “Hizbullah”ının İsrailə münasibəti bu faktı təsdiqləyir. “Hizbullah”ın arxasında da İran dayanır”.

“ABŞ-la İranın birləşməsi ehtimalı yoxdur”

S. Soltan hesab edir ki, ABŞ-ın bölgədəki əsas müttəfiqi İsrail də İrana qarşıdır:

“İsrail ABŞ-ın regiondakı ən vacib müttəfiqidir. İsrail təbii ki, müttəfiq kimi İranı deyil, Türkiyəni seçər. Belə olan təqdirdə, ABŞ İsrailin seçiminə hörmətlə yanaşar. Ona görə də perspektivdə ABŞ-la İranın birləşməsi ehtimalı yoxdur. Türkiyə İraqda və Suriyada terrorçuların məhv edilməsinə və terrorçuluğun qarşısının alınmasına çalışır. Türkiyə bu istəyini həm qərbdəki müttəfiqlərinə, həm də Rusiyaya çatdırıb. ABŞ və Avropa İttifaqı PKK-nı terrorçu təşkilatlar siyahısına daxil edib. Deməli, Türkiyənin antiterror fəaliyyəti qanunidir və tərəflərin razılığı ilə həyata keçirilir. PKK-nın bir qolu olan PJAK İranın ərazi bütövlüyünü təhdid edir. Əvvəllər İran PKK-ya, “Hizbullah”a Türkiyə əleyhinə gizli dəstək verməyə çalışırdı. Məqsəd Türkiyəni zəif salmaq idi. Lakin son illər İran Türkiyənin PKK-ya qarşı mübarizəsinə dəstək verir.

Buna baxmayaraq, İraqda və Suriyada İran Türkiyəyə qarşı rəqabət aparır. Suriyada hakimiyyətdə İranın dəstəklədiyi təriqəti təmsil edən qüvvələrdir. İraqda isə Qərbin, xüsusilə ABŞ-ın dəstəklədiyi şəxs hakimiyyətədir. Eyni zamanda, hökumətdə İranın dəstəklədiyi təriqətin nümayəndələri təmsil olunur. Türkiyə İraqda terrorçuların fəaliyyətinə son qoyulmasını istəyir və bu məqsədlə anti-terror əməliyyatları həyata keçirir. Bu əməliyyatlar həm İraq dövlətinin gələcəyinin və İranın xeyrinədir. Bu baxımdan, İran Türkiyənin İraqın şimalında keçirdiyi əməliyyatlara qarşı çıxa bilməz. Sadəcə olaraq, İraqda olan bir sıra siyasi qüvvələr, İrandakı rejim Türkiyənin bölgədə güclənməsindən ehtiyat edərək ona qarşı təzyiqlər göstərir”.

“Güclü iqtisadiyyatı olan Azərbaycan İranı vahiməyə salır”

Politoloq bildirib ki, İran daima Ermənistanı və Dağlıq Qarabağdakı terrorçuları dəstəkləməklə Azərbaycanı zəif salmaq istəyib:

“Çünki Azərbaycanın zəifləməsi İrana sərfəlidir. Bu halda İran bölgədə istədiyi planları həyata keçirə bilər. Amma demokratik, güclü iqtisadiyyatı olan Azərbaycan İranı vahiməyə salır. Türkiyənin də regional gücə çevrilməsi İranı narahat edir. Əvvəllər Yaxın və Orta Şərqdə qeyri-ərəb dövlətlər arasında iki regional güc mərkəzi var idi. Bunlardan biri İsrail, digəri İran idi. İndi Türkiyə bölgədə ən güclü öləkələrdən birinə çevrilib. İran isə zəifləyib. İranın İsrailə, ABŞ-a ölüm şüarı ilə çıxış etməsi, Yəməndə, Fələstində pozuculuq fəaliyyəti ilə məşğul olması İranın güc mərkəzi olmasını əngəlləyib. İran hazırda regional iğtişaş yaradan dövlətdir. İranın İslam İnqilabı Keşikçiləri Qvardiyası ABŞ tərəfindən terrorçu təşkilat elan edilib.

Deməli, İran terrorçuluğa əsaslanan dövlətdir. ABŞ terrorçuluğu dəstəkləyən belə bir dövlətlə demokratik Türkiyəyə qarşı necə müttəfiqlik edə bilər? ABŞ-da hakimiyyətə gələn siyasi qüvvələr İranı terrorçuıluğa dəstək verən “şər üçbucağı”nın üzvü kimi tanıyır. Sadəcə olaraq, Qərb Türkiyənin Rusiya və İranla müttəfiqqlik qurmasından narahatdır. Bu, Qərbin strateji maraqlarına zərbə olar. Amma Türkiyə Avropa dövlətidir və bütün ölkələrlə münasibətdə özünün iqtisadi maraqlarına önəm verir. Məsələn, Türkiyə ilə Rusiya arasında ciddi fikir ayrılıqları var. Amma hər iki dövlət iqtisadi və regional məsələlərdə əməkdaşlıq edir. Əvvəllər İran Türkiyəni təhlükəli dövlətlər siyahısına daxil etmişdi. Amma son on ildə İran Türkiyəni həmin siyahıdan çıxarıb”.

“ABŞ İsraili İranın hədəfinə buraxa bilməz”

S. Soltanın hesab edir ki, ABŞ-ın Türkiyəyə qarşı İranla birləşməsi inandırıcı deyil:

“Ola bilər ki, təzyiq vasitəsi kimi İrandan istifadə olunsun. Belə ki, Türkiyə İrandan neft alırdı. ABŞ sanksiyaların tətbiqindən sonra Türkiyənin “Petkim” şirkəsi İrandakı fəaliyyətini dayandırdı. Perspektivdə ABŞ-ın İrana qarşı sanksiyalarının güclənməsi ehtimalı var. Çünki hadisələr İran beynəlxalq ictimaiyyətin nüvə proqramı, raket istehsalı, terrorçuluğun maliyyələşdirilməsi, insan haqlarının qorunması ilə bağlı irəli sürdüyü tələblərinə əməl etmək istəmir.

Yaxın dövrdə Bayden administrasiyası ilə İran hakimiyyəti arasında ciddi danışıqların olacağı gözlənilmir. ABŞ İsraili İranın hədəfinə buraxa bilməz. İrandakı hakimiyyət zəifləməli və islah olunmalıdır. Bunun da yeganə yol İrana sanksiyaların tətbiq olunmasıdır. Qərb bu vasitə ilə məqsədinə nail ola bilir”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 5314