hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

“Rus NATO”su Azərbaycana lazımdır? - TƏHLİL

“Rus NATO”su Azərbaycana lazımdır? - TƏHLİL

Rusiya Baş nazirinin müavini Yuri Borisov Azərbaycanın KTMT-də müşahidəçi statusu almasının mümkünlüyünü istisna etməyib. 

"Bu, təkcə Azərbaycana aid deyil. KTMT həmişə keçmiş SSRİ respublikaları ilə əməkdaşlığı məmnuniyyətlə qarşılayacaq. Biz hamımız bir vaxtlar bir ailəydik", - deyə Borisov Azərbaycanın müşahidəçi və ya KTMT tərəfdaşı statusu almaq imkanının nəzərdən keçirilib-keçirilməməsi barədə sualı cavablandırarkən bildirib. 

"Bizim ümumi çox şeylərimiz var. Bu, bütün keçmiş respublikaların hərbi qüvvələrinin müəyyən tarazlığına da aiddir. Bütün KTMT ölkələri və xüsusilə Azərbaycanla hərbi-texniki əməkdaşlıqla bağlı çoxbalanslı və düşünülmüş siyasət aparırıq", - deyə Rusiya Federasiyası Baş nazirinin müavini vurğulayıb.

Onun sözlərinə görə, Rusiya Qarabağ münaqişəsinin qızışdırılmasında maraqlı deyil, əksinə, münaqişənin aradan qaldırılmasına kömək edəcək. "Siz Rusiyanın, xüsusən də Prezidentimizin oynadığı rolu bilirsiniz. KTMT-dəki qərarlar kollektiv şəkildə qəbul edilir. Müzakirələrdən sonra, Təşkilat belə bir qərara ehtiyac olduğunu qəbul edərsə, təşkilatın nizamnaməsinə və qaydalarına uyğun olaraq qəbul ediləcək", - Borisov qeyd edib.

Xatırladaq ki, cümə axşamı İrəvanda KTMT-nin Hərbi-iqtisadi əməkdaşlıq üzrə Dövlətlərarası Komisiyasının iclası keçirilib. Azərbaycanın müşahidəçi və tərəfdaş statusunda KTMT-yə qoşulması mövzusuna alyansın baş katibi vəzifəsini icra edən Valeri Semerikov da münasibət bildirib. O, jurnalistlərə açıqlamasında KTMT-nin qapılarının heç kimə bağlı olmadığını deyib. 

“Gəlin, KTMT-də qəbul olunmuş normativ-hüquqi bazadan çıxış edək. Xüsusilə də üzvlüyə, tərəfdaşlığa və müşahidəçiliyə aid bütün qərarlar konsensus əsasında qəbul olunur. Əgər bir üzv dövlətin razılığı olmasa, əlbəttə ki, qərar olmayacaq”-Semerikov belə deyib. Semerikovun sözlərinə görə, Rusiya Baş nazirinin müavini Yuri Borisov "Qapılarımız heç kim üçün bağlanmayıb" deməklə belə bir imkanın olduğunu söylədi. “Hər bin dövlət üzvlüyə, tərəfdaşlığa və müşahidəçiliyə dair öz arzusunu elan edə bilər. Lakin normativ sənədlərdə ifadə olunmuş müəyyən məhdudiyyətlər var”-KTMT-nin icraçı baş katibi belə deyib.

Xatırladaq ki, bu günlərdə Ermənistan Parlamenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hüquqi statusu haqqında 7 oktyabr 2002-ci il tarixli sazişə dəyişikliklər edilməsi haqqında İkinci Protokolunu müzakirə edib. Sənədi təqdim edən Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan nizamnamə ilə bu təşkilatda üçüncü dövlətlərə müşahidəçi statusunun verilməsinin nəzərdə tutulduğunu qeyd edib. 

Ermənistan xarici işlər nazirinin müavini bu sənədin müşahidəçi statusunun verilməsi prosesini aydınlaşdırmaq məqsədi daşıdığını bildirib. O, əlavə edib ki, sözügedən protokol müşahidəçi statusunun verilməsi ilə bağlı qərarın hansı hallarda nəzərdən keçirilə biləcəyini göstərir. Sənəd dövlətlərə KTMT-yə tərəfdaş statusunun verilməsini də təmin etməklə yanaşı, onların qarşısında qoyulan tələbləri də əks etdirib. Şavarş Koçaryanın açıqlamasına görə, KTMT-yə tərəfdaş və müşahidəçi qismində üzvlüyə qəbul olunmaq üçün qərarların konsensus yolu ilə qəbul edilməlidir. Deputat Arman Babacanyanın suallarını cavablandıran nazir müavini “Hesab etmirəm ki, məsələ bizim blokda təklənməyimizə qədər gedib çıxa bilər”-deyib. 

Babacanyan Köçəryana etiraz edərək Azərbaycan KTMT-də Ermənistandan daha çox çəkiyə, tutarlı iştiraka malik olduğunu bəyan edib. “Bu iştirakı Azərbaycana Belarus və Qazaxıstan təmin edir. KTMT-də bizim yeganə müttəfiqimiz hələlik Rusiya olaraq qalır. Tacikistanın və Qırğızıstanın da müttəfiqimiz olması üçün çalışmalıyıq”- Babacanyan belə deyib.

Qeyd edək ki, 2019-cu ilin yanvar ayında Rusiya Dövlət Duması Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsinə dəyişiklikləri ratifikasiya edib. Sənədin yeni məzmunu KTMT-də tərəfdaşlıq və müşahidəçilik institutunun yaradılmasını nəzərdə tutur. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bu dəyişikliklərin əvvəllər KTMT-nin nizamnaməsində nəzərdə tutulmayan tərəfdaş və müşahidəçi statusunun hüquqi qeydiyyatını tamamladığını deyib. Bu statuslarla üçüncü ölkələr KTMT-nin fəaliyyətində iştirak dərəcələrilə fərqlənir.

Nizamnaməyə, əsasən, KTMT-nin tərəfdaşı dedikdə, birliyin məqsəd və prinsiplərini bölüşən, KTMT-nin praktik fəaliyyətində, o cümlədən KTMT formatında keçirilən təlimlərdə iştirak etmək öhdəliklərini qəbul etməklə qarşılıqlı maraq doğuran sahələrdə faydalı əməkdaşlıq əlaqələri qurmaq, inkişaf etdirmək istəyən dövlətlər, yaxud beynəlxalq təşkilatlar nəzərdə tutulur.

Müşahidəçi statusu isə KTMT-nin praktiki fəaliyyətində iştirak etmək öhdəliyi götürmədən qurumun açıq hüquqi-normativ bazasını və fəaliyyət təcrübəsini öyrənməkdə maraqlı olan dövlət və ya beynəlxalq təşkilata aid edilir. Rusiya tərəfdaşlıq və müşahidəçilik institutu vasitəsilə KTMT-nin hərbi-siyasi coğrafiyasını genişləndirməyə çalışır. Moskva ilk növbədə, KTMT-yə üzv olmayan Azərbaycan, Özbəkistan, Türkmənistan kimi dövlətləri hərbi alyansa cəlb etməyə çalışır. Eyni zamanda  ABŞ-ın İrana qarşı təzyiqlərinin artmasından istifadə edən Rusiya rəsmi Tehrana da müşahidəçi və tərəfdaş statusu ilə KTMT-yə daxil olmağı təklif edə bilər. 

Kremlin gələcəkdə KTMT-yə müşahidəçi və tərəfdaş qismində separatçı rejimləri də cəlb edəcəyi istisna olunmur. Yəni Rusiya Abxaziya, Cənubi Osetiya, qondarma Dnestryanı Respublika, Ukraynanın Donetsk, Luqansk vilayətlərində, Krımda yaradılmış işğalçı rejimlər xüsusi statusla KTMT-yə qoşmağa çalışacaq. Məqsəd isə adları çəkilən qondarma rejimlərin alyansa daxil olan müstəqil dövlətlərlə birlikdə iştirakına nail olmaqla onları beynəlxalq hüququn subyektinə çevirməkdir. Ancaq təşkilata üzv olan əksər dövlətlərin Gürcüstan, Ukrayna, Moldova ilə münasibətləri pozmamaq üçün bu plana dəstək verəcəyi inandırıcı görünmür. 

Azərbaycanın da yeni statusla KTMT-nin fəaliyyətinə cəlb olunması barədə dolaşan məlumatlar Ermənistanın ciddi narahatlığına səbəb olub. Rəsmi Rusiyanı İrəvan Azərbaycanın təşkilata tərəfdaş və ya müşahidəçi qismində daxil olmasına veto qoyacağı ilə hədələyir. Lakin həm Yuri Borisovun, həm də Valeri Semerikovun açılamaları Putin administrasiyasının Azərbaycanın KTMT-də iştirakında maraqlı olduğunu göstərir. Moskva bu qərarın Ermənistanın əleyhinə yönəlmədiyinə İrəvanı inandırmağa çalışır. Lakin Ermənistan bu məsələdə hələ güzəştə getmək niyyətində görünmür. Rusiyanın Azərbaycanı KTMT-yə qoşmaq planları isə görünür, daha çox Kremlin Cənubi Qafqazda geosiyasi və hərbi mövqeyini gücləndirmək istəyi ilə bağlıdır. Yaxın bir ildə Gürcüstanın NATO-ya üzv qəbul olunacağı gözlənilir. 2018-ci ildə Ermənistanda baş vermiş “Məxməri inqilab” isə Rusiyanın Cənubi Qafqazdakı geosiyasi mövqelərini daha da zəiflədib. Ona görə də Moskva Azərbaycanı tərəfdaş və müşahidəçi statusla KTMT-yə daxil etməklə itirilmiş mövqelərini bərpa etməyə çalışır. Bu həm də Gürcüstanın NATO-ya qəbulundan sonra ABŞ-ın bölgədə artan təsirinin qarşısını almağa çalışan Rusiya üçün strateji əhəmiyyət daşıyır. Təbii Gürcüstanın NATO-ya üzv olması Cənubi Qafqazda hərbi balansın dəyişməsinə gətirib çıxaracaq. Bu proses ərazisində Rusiyanın hərbi bazaları olan Ermənistana təsirsiz ötüşməyəcək. ABŞ-ın dəstəyi ilə hakimiyyətə gəlmiş Nikol Paşinyan Rusiyanın Ermənistan ərazisindən NATO-nun və ABŞ-ın Gürcüstandakı hərbi bazalarına qarşı platsdarm kimi istifadə etməsinə icazə verəcəkmi? Kreml bu suala birmənalı şəkildə “hə” cavabı verə bilmir. Çünki Gürcüstanın NATO sıralarına qoşulmasından sonra çox güman ki, ABŞ-ın Rusiya qoşunlarının Ermənistandan çıxarılması üçün rəsmi İrəvana təzyiqləri artacaq. Hətta bu proses Ermənistanda hakimiyyət dəyişikliyinə, yəni ABŞ-a daha yaxın olan siyasi qüvvənin Paşinyanı əvəz etməsinə gətirib çıxara bilər. Azərbaycanın isə regionda cərəyan edən bu geostrateji mübarizənin təsirindən kənarda qalacağı inandırıcı görünmür. Hazırda Cənubi Qafqazda müşahidə olunan nisbi sabitlik 2020-ci ildən başlayaraq geosiyasi qarşıdurmanın artması ilə əvəzlənə bilər ki, Azərbaycan uğrunda rəqabət də həmin prosesin tərkib hissəsi olacaq. İran ətrafında hərbi-siyasi gərginliyin artması, Azərbaycanın Rusiya ilə İran arasında quru sərhəddinə malik olması və Mərkəzi Asiyaya tranzit qapısı rolu oynaması bölgədə gərginliyi artıra biləcək əlavə risk amilləridir. 

Ona görə də Rusiyanın Azərbaycanı KTMT-yə cəlb etmək planları ABŞ və NATO-nun bölgədə təsirinin qarşısını almağa hesablanmış qabaqlayıcı addım kimi qiymətləndirilə bilər. Lakin Azərbaycanın düşmən ölkə olan Ermənistanla eyni hərbi bloka daxil olması real görünmür. Azərbaycan işğal olunmuş ərazilər azad edilməyənə qədər Ermənistanla eyni hərbi bloka daxil olmaq istəmədiyini dəfələrlə bəyan edib. Son illər isə Rusiyanın Dağlıq Qarabağın ətrafında olan ən azı beş rayonu Azərbaycana qaytarmaq müqabilində KTMT-yə müşahidəçi və ya tərəfdaş kimi daxil olmasına çalışdığı barədə məlumatlar var. Hələlik bu xəbərlər rəsmi səviyyədə təsdiqini tapmayıb və daha çox rusiyalı ekspertlər səviyyəsində səsləndirilib. Ancaq Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin ötən həftə İrəvana və Bakıya səfərləri zamanı məhz KTMT-yə qoşulmaq məsələsini müzakirə etdiyi ehtimal olunur. Yəni Patruşevin Azərbaycanın təşkilata müşahidəçi və ya tərəfdaş qismində daxil olmasına mane törətməmək üçün Ermənistanı razı salmağa çalışdığı bildirilir. Azərbaycanın da öz növbəsində ərazilərin işğal edilmiş ərazilərin xeyli hissəsi qaytarılmayana qədər Rusiyanın təklifini qəbul edəcəyini söyləmək olmaz. Ancaq Ermənistanda siyasi şərait artıq tamamilə dəyişib və Moskvanın sürüşkən siyasi mövqeyə malik Paşinyan hökumətini beş rayonu Azərbaycana qaytarmağa razı salması çox çətindir. Kremlə hələlik itaətsizlik nümayiş etdirən Nikol Paşinyanla Vladimir Putin arasında münasibətlər gərgin olaraq qalır. Xarici işlər nazirinin müavini Şavarş Koçaryanın Patruşevin İrəvana səfəri zamanı KİV-ə açıqlamasında Azərbaycanın KTMT-yə yeni statusla daxil olmasına veto hüququndan istfadə edərək qadağa qoyacağını bəyan edib. Bu isə Patruşevin İrəvanı razı sala bilmədiyindən xəbər verir. 

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 2564