hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

“Rus payızı”: 20 illik hakimiyyətin sonu?

“Rus payızı”: 20 illik hakimiyyətin sonu?

Rusiyada avqustun 24-də növbəti mitinq və yürüşün keçirilməsi qərara alınıb.

Bu barədə KİV-ə Moskva Şəhər Dumasına namizədliyi qeydə alınmamış Aleksandr Solovyov məlumat verib. Müxalifət nümayəndəsi əlavə edib ki, tədbirin kim tərəfindən təşkil olunması əhəmiyyət daşımır. Onun sözlərinə görə, vacib olan insanların küçələrə çıxaraq öz mövqeyini ifadə etməsidir. “Exo Moskvı” radiosu avqustun 24-ə təyin olunmuş mitinqin azad seçkilər və siyasi siyasi represiyalara son qoyulması tələbi ilə keçiriləcəyini xəbər verir.

Namizədliyi qeydə alınmamış digər namizədlər də üç əlavə aksiya keçirmək barədə qərarını açıqlayıb. Moskva Dumasına namizədliyi qeydə alınmamış Dmitri Qudkovun qərargahının rəhbəri Elvira Vixaryeva, digər qeydə alınmamış namizəd Aleksandr Solovyov, “Açıq Rusiya” təşkilatının üzvü Tatyana Usmanova avqustun 24-də, Liberallar Partiyası isə avqustun 25-də aksiyanın keçirilməsi üçün Moskva Şəhər meriyasına bildiriş məktubu göndərib.

Qeyd edək ki, Rusiya hakimiyyəti aksiyaların keçirilməsinə icazə verməməklə etirazların qarşısını almağa çalışır. Lakin sonuncu kütləvi mitinqlərin icazəsiz keçirilməsi artıq prosesin siyasi məcradan çıxmasına səbəb olub. Ona görə də avqustun 24-də keçiriləcək mitinqin də Moskva meriyası ilə razılaşdırlmadan baş tutacağı istisna deyil.

Rusiya hüquq-mühafizə orqanları isə etirazların qarşısını almaq üçün kütləvi həbslərə başlayıb. “Müddətsiz etirazlar” hərəkatının fəalı Dmitri Baturo aksiyada Darya Sasnovskyanı döyən polisə etiraz etdiynə görə saxlanılıb. Onun polis bölməsində ağır döyülməsi xəstəxanaya yerləşdirilməsi ilə nəticələnib. Darya Sasnovskya özü də sonradan ikinci dəfə səhhəti pisləşdiyi üçün xəstəxanaya aparılıb.

Buna baxmayaraq, müxalifət mövqeyindən geri çəkilmək istəmir və aksiyaları sentyabrın 8-də Moskva Şəhər Dumasına keçiriləcək seçkilərə qədər kulminasiya nöqtəsinə çatdırmağı planlaşdırır. Əgər aksiyalar səngiməsə, seçkilər ərəfəsində Moskvada siyasi qarşıdurma ilə nəticələnə biləcək daha güclü aksiyaların baş verəcəyi istisna olunmur.

İndi siyasi müşahidəçilər daha çox bir suala cavab axtarmağa çalışır. Moskvada baş verən kütləvi etirazlar Putinin 20 ildir formalaşdırdığı siyasi rejimin sonunun başlanğıcıdırmıə

Təbii ki, Rusiya Prezidentinin getdikcə azalan siyasi reytinqi, artan iqtisadi problemlər və siyasi nəslin dəyişməsi fonunda bu rəylər inandırıcı görünə bilər. Lakin Rusiya cəmiyyəti bu gün Putindən istefa verməkdən daha çox azad və ədalətli seçkilər keçirməyi tələb edir. Bu tələblər isə ilk növbədə, Moskva Şəhər Dumasına keçiriləcək seçkilərlə bağlıdır. Əgər Putin bu dəfə uzurpasiyaya yol versə, prezidentin hakimiyyəti iyirmi ildir əlində saxlamasından qəzəblənmiş gənclər daha itaətsiz aksiyalara başlaya bilər. Hazırda isə mitinq iştirakçıları daha çox özlərinin demokratik ideyalarını bəzilərinin iddia etdiyi kimi siyasi inqilabda deyil, azad seçkilər yolu ilə Moskva Şəhər Dumasına daşımaqda görür. Vladimir Putinin bu məsələdə müxalifət namizədlərinə güzəştə gedəcəyi, yoxsa səsvermə protokollarını yenidən öz dostu Sergey Sobyaninin xeyrinə yazdıracağı məlum deyil.

Ancaq Moskvada baş verən kütləvi etiraz aksiyaları Rusiyanın siyasi sistemi ilə bağlı bir sıra yeni məqamları üzə çıxartdı.

İlk növbədə, Rusiyadakı mitinqlər müxalifət düşərgəsində yeni, cavan liderlərin önə çıxmasını təmin etdi. Yəni Kreml namizədləri qeydə almamaqla bəlkə, özü də bilmədən müxalifətin dinamikasına şərait yaratdı. Boris Nemtsovun öldürülməsindən sonra müxalifətə öncüllüyü yalnız Navalnı edirdi. Hakimiyyət isə onu tez-tez həbs etməklə əks-siyasi düşərgəni zərərsizləşdirə bilirdi. Lakin indi hakimiyyətə qarşı mübarizəyə Lyubov Sobol, Dmitri Qudkov, Yuliya Qalyamina, Yelena Rusakova, Aleksandr Solovyov kimi enerjili, dinamik, mövqeyi və gündəliyi olan avropasayağı perspektivli siyasətçilər rəhbərlik edir. Qeyd edilən fakt Kremldə inqilab xofu yaratdığından narahatlıqla izlənir. İyirmi illik hakimiyyəti dövründə Vladimir Putinin reytinqinin 80 faizi ötdüyü vaxtlar da olub. Çeçenistan müharibəsində qələbə, 2004-2008-ci illərdə iqtisadiyyatda artımın baş verməsi və 2014-cü ildə Krımın ilhaqınndan sonra Qərblə yaranmış “soyuq müharibə” fonunda V.Putinin reytinqi 80-84 faiz civarında olub. Amma Moskva küçələrində baş verənlər Rusiyada siyasi nəslin və onların ictimai tələblərinin dəyişdiyini göstərir. Rusiya hakimiyyəti isə ya maraqlarını müasir nəslin istəkləri ilə uyğunlaşdıra bilmir, ya da onları qəbul etmək istəmir.

Yeni müxalifət paytaxtda siyasi situasiyanı dəyişə bilib. Hətta baş verənlər Rusiyanın digər bölgələrinə də təsir göstərib. Ancaq sözügedən dəyişiklik hazırkı mərhələdə Putin iqtidarından daha çox Rusiyanın sistem müxalifətinə siyasi zərbə vura bilər. Çünki son iyirmi ildə sistem müxalifət adlandırılan “Yabloko”, “Kommunist”, Liberal-Demokrat partiyalarının parlamentdə Kremldə cızılmış cizgilər çərçivəsində “oynaması” V.Putinə hakimiyyəti əldə saxlamağa imkan verib. İndi isə Rusiya Prezidenti tamamilə fərqli, yəni real müxalifətlə qarşı-qarşıya qalıb. Yəni azad və ədalətli seçkilər keçirilərsə, prezident Putinin rəhbərlik etdiyi vahid Rusiya Partiyasınin yaxın perspektivdə həm Moskva Şəhər Dumasında, həm də Dövlət Dumasında rəqibi bu gün Saxarov prospektini bağlayan yeni müxalifət qüvvələri ola bilər. Bu isə səstem müxalifətin sıradan çıxması və Putinin prezidentlik müddətinin sonlarına yaxın hakimiyyətə qarşı alternativ siyasi qüvvənin meydana girməsi deməkdir. Hələ sistemli şəkildə tam formalaşmamış yeni müxalifətin sosial bazasını əsasən gənclər təşkil etdiyini nəzərə alsaq, qələbə qazanmaq imkanı yüksək olacaq. Hazırda Putinin iyirmi illik hakimiyyətinə etiraz edən gəncləri SSRİ-nin bərpası ideyaları cəlb etmir. Onlar, nəinki SSRİ-ni, bir çoxları hətta Yeltsin hakimiyyətini belə görməyib. Ona görə də gənc nəsil daha çox post-Putin hakimiyyəti dövrü barədə düşünür. Rusiyada ictimai-siyasi fəallıq artmaqda davam edərsə, ABŞ başda olmaqla Qərb bu prosesə həm maliyyə, həm də siyasi dəstək verməyə hazır olacaq. Hadisələrin belə gedişi isə V.Putinə 2024-cü ildə hakimiyyəti yuxarıdan öz varisinə ötürmək planlarına mane olur.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 3323