hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Sadə, qayğıkeş, vətənpərvər ziyalı...” - Əflatun Amaşov mərhum deputat haqqında xatirələrini yazdı

“Sadə, qayğıkeş, vətənpərvər ziyalı...” - Əflatun Amaşov mərhum deputat haqqında xatirələrini yazdı

“Onu 1986-cı ildə “AzərTAC”-da işlədiyim vaxtdan tanıyırdım. AzərTAC-ın müxbiri kimi Azərbaycana gəlmiş qonaqlarla bilikdə Naxçıvana getmişdim. Yolumuz Culfaya da düşdü. Həmin vaxt o, Culfa rayon partiya komitəsinin birinci katibiydi. Bizi özünəməxsus nəvazişlə qarşıladı. Nəinki Culfa, Naxçıvan, ümumən Azərbaycan haqqında qonaqlara son dərəcə müfəssəl məlumatlar verdi. Onun tarixi, tarixi prosesləri, mədəniyyət, incəsənət hadisələrini anlatma tərzindən hamı kimi, mən də heyran qaldım”.

Cebhe.info bunu özünün “facebook” səhifəsində bu gün vəfat etmiş Milli Məclisin üzvü Fəttah Heydərovla bağlı xatirələrini yazan Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib.

Ə.Amaşov məhrum Fəttah Heydərovun geniş dünyagörüşünə və zəngin məlumata malik ziyalı olduğunu deyib:

“Qonaqların tərkibində daha çox ədəbiyyət və incəsənət adamları yer aldığından, söhbəti də məhz bu müstəviyə gətirirdi. Olduqca dərin müqayisələr aparırdı. Yaxşı yadımdadır ki, polşalı qonağa Polşanın adını indi xatırlamadığım dahi yazıçısı ilə Mirzə Fətəli Axundzadənin müqayisəni aparmışdı. Eynilə digər qonaqlarla da ünsiyyət yaradırdı. Hər kəs böyük diqqətlə bu adamın daha nələri söyləyəcəyini gözləyirdi. Söhbətdən o qədər məmnun idik ki, vaxtın necə keçdiyini bilmədik. Beləcə bu gün haqq dünyasına qovuşmuş Milli Məclisin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah müəllimi – Fəttah Heydərovu tanıdım. Fəttah müəllimlə sonrakı illərdə daha yaxından tanış olmaq imkanım yarandı. Bu tanışlıq tədricən daha da dərinləşdi, dostluğa çevrildi. Fəttah müəllim, sözün əsl mənasında ağsaqqal idi. Ona baxanda özündə xeyirxahlığı, sadəliyi, qayğıkeşliyi canlandıran obrazı, vətənpərvəri, geniş dünyagörüşlü, dərin elmi biliyə malik ziyalını görürdüm. Əminliklə deyə bilərəm ki, Fəttah Heydərov mənim tanıdığım ən mütaliəli adamlardandır. Söhbətlərimizin birində yaxınlarından kiminsə ona məxsus kitabı oxumaq üçün götürdüyünü bildirdi. Fəttah müəllimi mütəəssir edən isə həmin adamın kitabı itirməsi idi. Ağsaqqaldan kitabın və müəllifinin adını öyrəndim. 1969-cu ildə E.N.Komarov və A.D.Litmanın müəllifləri olduğu, Moskvada çapdan çıxmış “Мировоззрение Мохандаса Карамчанда Ганди” kitabını Rusiyadakı dostlarım vasitəsilə tapdım. Kitabı Fəttah müəllimə ad günü hədiyyəsi kimi təqdim edəndə gözlərindəki sevinci görmək lazım idi. Nəşri tən ortadan açdı, təxminən bir abzası hündürdən oxudu. Daha sonra kitabı örtərək abzasın bitdiyi yerdən orda yazılanlarla bağlı fikirlərinə davam etdi. Sanki yazılanları əzbər bilirdi. Anidən haşiyə çıxaraq dedi ki, Mahatma Qandi Hindistanın azadlığı uğrunda çox böyük işlər görüb, Heydər Əliyev də o işləri Azərbaycanda öz xalqı üçün gördü”.

Əflatun Amaşov bildirib ki, mərhum millət vəkilini onun xatirində təkrarsız və bənzərsiz dünya olaraq qalacaq: «Hər insan bir dünyadır – deyirlər. Fəttah Heydərov xatirimdə təkrarsız və bənzərsiz dünya olaraq qalacaq. Onunla bağlı keçmiş zamanda danışmaq çox ağırdır. Bu ağırlığı yaşayan doğmalarına, əzizlərinə dərin hüznlə başsağlığı verir, acılarını bölüşürəm. Allah Fəttah müəllimə rəhmət eləsin!”

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 5743