hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Səfərbərlik qismən və tam şəkildə olur” - EKSPERT

“Səfərbərlik qismən və tam şəkildə olur” - EKSPERT

Tovuz rayonu ərazisində yerləşən sərhəd bölgəsində Ermənistanın çıxardığı təxribatdan sonra minlərlə Azərbaycan vətəndaşı könüllü olaraq hərbi səfərbərliyə getmək üçün hazır olduqlarını bildirdilər.

Onlar cənab İlham Əliyevin bir əmri ilə ordu sıralarına qatılmağa hazır olduqılarını bildirdilər.

Vətəndaşların bu alqışalayiq hərəkətlərinə səs verən Prezident İlham Əliyev ordusu sıralarında döyüşmək istəyənlərin əvvəlcə xüsusi hazırlıqlar, təlimlər keçməli olduğunu bildirib.

Maraqlıdır, səfərbərliyə çağırılmış bir əsgəri nə qədər müddətə hazırlamaq olar?

Cebhe.info-ya açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov səfərbərliyə çağırılan bir əsgərin hazırlıq müddətinin əsas iki faktordan asılı olduğunu deyib:

“Səfərbərliyə çağırılan şəxsin praktiki döyüş hazırlığına tam sahib olması iki faktordan asılıdır. Birincisi, əməliyyatların başlama müddətindən, yəni çağırılan şəxs neçə gündən sonra düşmənlə praktiki döyüşlərə cəlb olunacaqsa, o zamandək hazırlanır. İkinci əsas amil isə hazırlandığı ixtisasdır. Yəni hərbi xidmətdə hərbiçi hansı ixtisas üzrə hazırlanırsa, o ixtisasın bitmə müddəti əsasdır. Bunun üçün isə xüsusi proqramlar var. Hərbi əməliyyatların başlanması qısa müddətdə olacaqsa, həmin proqramlar yığcamlaşdırıla da bilər. Səfərbərliklə zamanı şəxsi heyətin hazırlıq səviyyəsi nəzərə alınaraq da təlim proqramında nələrsə dəyişdirilə bilər. Səfərbərliyə alınanlar hərbi hissəyə gəldiyi andan döyüş hazırlığı başlamış sayılır. Lakin bu gün Azərbaycan ordusu öz vəzifəsini layiqincə yerinə yetirir. Ona görə də dövlət səfərbərlik elan olunmasına hələlik lüzum görmür.

Cənab Prezident də vurğuladı ki, istəyən gedib səfərbərlik məntəqələrində qeydiyyata düşə bilər. Ehtiyac olanda çağırılacaq. Ermənilərin sərhəd bölgəsində törətdiyi təxribatların miqyası məhdud bir ərazidir. Ətrafında cəmi 1-2 kənd var. Yəni həmin ərazi bir bölüyün yerləşə biləcəyi qədərdir. Orada mövqe savaşları gedir. Daha çox artilleriya işləyir. Ermənilər artilleriyadan bizim yaşayış məntəqələrini vurmağa başlayıb. Eyni əmələ bizi də təşviq etmək istəyirlər. Lakin Azərbaycan ordusu heç zaman dinc əhaliyə atəş açmaz. Azərbaycan ordusu qarşı tərəfin hərbi infrastrukturunu dağıtmaqla, hərbi texnikaları məhv etməklə və əli silahlı hərbçilərlə döyüş aparmaqla məşğuldur”.

Onun sözlərinə görə, bu saat kimi işləyən prosesdir və hər kəsin burada öz vəzifəsi var:

“Ancaq səfərbərlik bir sistemdir. O səfərbərlikdə dövlətin planları var. Hərbi manevrlər o planlar əsasında həyata keçirilir. Səfərbərlik də qismən və tam şəkildə olur. Qismən səfərbərlikdə yaş həddi diqqətdə saxlanılır. Səfərbərlik xidmətilə mütəxəssislər məşğul olurlar. Çağırılmış şəxs bundan sonra hərbi hissəyə girdikdə, onunla hərbi mütəxəssislər məşğul olurlar, görüşlər keçirilir, müəyyən kurslar təşkil olunur. Biz görməsək də, səfərbərlik prosesi daim aparılır və inkişaf etdirilir. Səfərbərlik xidmətində işləyənlər yalnız ildə 4 ay çağırışla məşğul olmurlar. Qalan vaxtlarını səfərbərlik hazırlığına və inkişafa sərf edirlər. Biz səfərbərliyə hazır olan nə qədər çox qüvvə hazırlasaq, yarana biləcək müharibə vəziyyətində uğur qazanma imkanımız o qədər çox olar. Ona görə də bu çox ciddi prosesdir və əsla dayanmaz”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 3092

Bizim Telegram səhifəmizi izləyin